AZ

Azərbaycan yeni dünya nizamına nüfuzlu aktor kimi daxil olur

Münxen konfransı bu reallığın növbəti təsdiqi oldu

Prezident İlham Əliyevin Almaniyaya səfəri və Münxen Təhlükəsizlik Konfransındakı iştirakı qlobal güc mərkəzlərinin transformasiyaya uğradığı, beynəlxalq təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı mürəkkəb bir dövrə təsadüf edir. Müasir geosiyasi şəraitdə yalnız strateji çeviklik nümayiş etdirən və xarici siyasət gündəliyini qətiyyətlə müdafiə edən dövlətlər beynəlxalq arenada əsas oyunçuya çevrilirlər. Bu gün Azərbaycan məhz belə dövlətlərdən biri olduğunu sübut edir.

Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Münxen platformasındakı fəallığı, sadəcə, diplomatik protokol qaydası deyil, ölkəmizin beynəlxalq sistemdə artan siyasi çəkisinin bariz göstəricisidir. Avropa təhlükəsizliyindən tutmuş yeni dünya nizamının qurulmasına qədər ən aktual mövzuların müzakirə olunduğu bu platformada Azərbaycanın səsinin ucalması rəsmi Bakının regional və qlobal proseslərdəki həlledici rolunu təsdiqləyir. Bu uğurun təməlində isə ölkəmizin çoxvektorlu xarici siyasət strategiyası və Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol dayanır. "Eyni zamanda rəsmi Bakı tranzit təşəbbüslərinin təşviqində yüksək fəallıq nümayiş etdirir. Bunun misalı kimi Xəzər regionu vasitəsilə Asiya və Avropanı birləşdirən Orta dəhlizin inkişaf etdirilməsini və Zəngəzur dəhlizi (TRIPP) layihəsinin həyata keçirilməsini göstərmək olar. Bunlar birlikdə Azərbaycanın Şərq və Qərb arasında strateji əhəmiyyətli logistika mərkəzi kimi əhəmiyyətini artırır. Bu kontekstdə qeyd etmək vacibdir ki, Azərbaycan Respublikası qlobal siyasi aktorlar arasında müstəqil qərar qəbul edən mərkəz kimi tanınır ki, bu da ölkəmizin uzun müddətdir davam etmiş münaqişəyə son qoymasından sonra Cənubi Qafqazda bərqərar olunan faktiki sülhün sayəsində mümkün olub", - deyə deputat əlavə edib.

K.Bayramov qeyd edib ki, bununla əlaqədar digər əhəmiyyətli məqam məhz Bakının sülh gündəliyinin regional təhlükəsizliyin əsas amili olması və 2025-ci il avqustun 8-də Vaşinqtonda tarixi razılaşmaların imzalanması üçün əsas yaradıb. Çünki həmin sənədlər məhz Azərbaycan tərəfinin Cənubi Qafqazda açıq kommunikasiya və qarşılıqlı əlaqə üçün ardıcıl olaraq irəli sürdüyü təşəbbüslərə əsaslanır.

Deputat vurğulayıb ki, Azərbaycan özünün regional sülh gündəliyini beynəlxalq nizamlama formatına çevirib: "Bu fakt xarici oyunçular üçün bir siqnala çevrilib: rəsmi Bakı təhlükəsizlik arxitekturasının inkişafında mühüm yer tutub və sübut edib ki, onun iştirakı olmadan regionda heç bir razılaşma həyata keçirilə bilməz. Nəticədə ölkəmiz siyasi bəyannamələri praktiki fəaliyyətə çevirə bilən bir dövlət kimi nüfuzunu möhkəmləndirib ki, bu da müasir diplomatiyada etibarın əsas meyarlarından biridir. Bu fakt bir daha güclü siyasi liderliyin və aydın şəkildə müəyyən edilmiş milli prioritetlərin mövcudluğunu təsdiqləyir. Bunu Azərbaycan liderinin Münxen konfransı çərçivəsində müxtəlif ölkələrin və qlobal korporasiyaların nümayəndələri ilə görüşləri də sübut edir. Eyni zamanda aparıcı beynəlxalq media orqanlarının, xüsusən də "France 24" Agentliyinin dövlət başçısının beynəlxalq və regional siyasət məsələlərində mövqeyinə diqqət yetirməsi ölkəmizə olan böyük marağın göstəricisidir".

K.Bayramov vurğulayıb ki, builki Münxen konfransı bir daha göstərdi ki, ölkəmizin müəyyənləşdirdiyi reallıq qlobal səviyyədə qəbul edilir: "Azərbaycan dövləti yeni dünya nizamına müşahidəçi kimi deyil, aparıcı aktorlar tərəfindən nəzərə alınan fəal və nüfuzlu iştirakçı kimi inamla inteqrasiya olunur. Ümumilikdə, bu, müstəqil şəkildə mühüm strateji qərarlar qəbul etmək, təhlükəsizliyi təmin etmək və mürəkkəb məsələlərə konstruktiv həllər təklif etmək qabiliyyətinə malik bir ölkəyə hörməti nümayiş etdirir. Bunun əsasını isə sözləri ilə əməlləri həmişə üst-üstə düşən Prezident İlham Əliyevin şəxsi nüfuzu təşkil edir".

K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin Münxen konfransında iştirakı qlobal proseslərə inteqrasiya olunmuş, əsas güc mərkəzləri ilə bərabər səviyyədə dialoq apara bilən və geniş Avrasiya gündəliyinin inkişafına töhfə verən Azərbaycanın beynəlxalq imicinin formalaşmasında mühüm elementdir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
41
1
azerbaijan-news.az

2Mənbələr