AZ

SENSASİYA! İsrail texnologiyaları Ermənistana necə keçdi – Bakı TƏHLÜKƏ ALTINDADIR?

İsrail istehsalı olan “Harop” kamikadze dronlarının texnologiyalarının Ermənistana ötürülməsi ilə bağlı yayılan məlumatlar regionda ciddi rezonans doğurub. Bu məsələ xüsusilə Azərbaycan ictimaiyyətində və hərbi dairələrdə maraqla izlənilir.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan bu yaxınlarda “Dragonfly-3” adlı kamikadze dronunu təqdim edib. Yeni pilotsuz uçuş aparatının İsrailin “Harop” modeli ilə oxşarlığı beynəlxalq hərbi ekspertlərin diqqətini çəkib. Bəzi xarici mənbələr bu vəziyyətin Azərbaycanla İsrail arasında narazılıq yaratdığını iddia edib.

Məlumata görə, mümkün texnologiya sızması İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin Hindistanla əməkdaşlığı çərçivəsində baş verə bilər. Qeyd olunur ki, Hindistan “Made in India” siyasəti çərçivəsində xarici şirkətlərdən istehsalın lokallaşdırılmasını və texnologiya ötürülməsini tələb edir. Bu isə gələcəkdə həmin texnologiyaların üçüncü ölkələrə ötürülməsi riskini artırır.

“Harop” dronu 200 kilometrədək uçuş məsafəsinə, 9 saat havada qalma imkanına, 417 km/saat sürətə və 16 kiloqramlıq döyüş başlığına malikdir. Bu göstəricilər onu hava hücumundan müdafiə sistemləri üçün çətin hədəfə çevirir. 2016-cı ilin aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində bu dron Azərbaycan Ordusunun üstünlüyündə mühüm rol oynayıb.

Ermənistan tərəfi isə bildirir ki, “Dragonfly-3” yerli mühəndislərin məhsuludur və hər hansı texnologiya oğurluğu baş verməyib. Onların sözlərinə görə, yeni dron ələ keçirilmiş texnikaların öyrənilməsi və daxili tədqiqatlar əsasında hazırlanıb.

Ekspertlərin fikrincə, “Dragonfly-3” vizual olaraq “Harop”a bənzəsə də, texniki göstəriciləri xeyli zəifdir. Ermənistan dronunun maksimal sürəti 126 km/saat, döyüş başlığı isə cəmi 5 kiloqramdır. Bu isə onun döyüş effektivliyini ciddi şəkildə azaldır və adi atıcı silahlarla belə məhv edilməsini mümkün edir.

İsrailin müdafiə sənayesi nümayəndələri yayılan iddiaları təkzib edərək bildiriblər ki, bütün beynəlxalq layihələr qanunvericiliyə uyğun həyata keçirilir və heç bir qeyri-qanuni texnologiya ötürülməsi baş verməyib.

Bəzi mənbələrə görə, Azərbaycan məsələ ilə bağlı İsrailə rəsmi müraciət edib. Lakin digər nüfuzlu nəşrlər Bakı ilə Təl-Əviv arasında münasibətlərdə hər hansı gərginliyin olmadığını vurğulayır. Qeyd olunur ki, son illərdə enerji və texnologiya sahəsində əməkdaşlıq, eləcə də yüksək səviyyəli qarşılıqlı səfərlər münasibətlərin möhkəm olduğunu göstərir.

Analitiklər hesab edir ki, Ermənistanın yeni dronu hərbi balansı dəyişmək gücündə deyil. Azərbaycan Ordusu hazırda daha müasir və güclü silah sistemlərinə malikdir və üstünlüyünü qoruyur. Bununla yanaşı, “Dragonfly-3” daha çox siyasi və psixoloji təsir vasitəsi kimi qiymətləndirilir.

Mütəxəssislərin fikrincə, müasir müharibələrdə pilotsuz uçuş aparatlarının rolu artmaqda davam edir. Ukrayna müharibəsi də göstərib ki, dronlar artıq əsas hücum vasitələrindən birinə çevrilib. Bu baxımdan Ermənistanın belə bir sistem hazırlaması gözlənilən idi.

Hazırkı mərhələdə Ermənistanın imkanları Azərbaycanla hərbi tarazlığı bərpa etmək üçün kifayət deyil. Azərbaycan isə ordusunun modernləşdirilməsini davam etdirərək regional üstünlüyünü qoruyur.

Əli Səfərli,
NOCOMMENT.az

Seçilən
35
nocomment.az

1Mənbələr