Təhsil sektorunda kadr təyinatları ətrafında qalmaqallar davam edir. Son məlumatlara görə, mediada qərb bölgəsinin “ən problemlilərindən biri” kimi təqdim olunan Təranə Cəbrayılovanın yenidən məktəb direktoru təyin olunması ciddi müzakirələr yaradıb.
NOCOMMENT.az xəbər verir ki, mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, Təranə Cəbrayılova əvvəllər Goranboy rayonunun Hazırəhmədli kənd orta məktəbinə rəhbərlik edərkən vətəndaşı işə düzəltmək vədi ilə aldatmaqda və 9 min manat pul almaqda ittiham olunub. Şikayətçi tərəfin hüquq-mühafizə orqanlarına müraciət etdiyi, həmin vaxt direktorun müavininin rüşvəti aldığı və rəhbərə verdiyini etiraf etdiyi də bildirilir. Lakin bu iddiaların hüquqi qiymət almaması suallar doğurub.
Məhz bu səbəbdən Cəbrayılovanın yeni məktəbə direktor təyinatı təhsil ictimaiyyətində təəccüb və etirazla qarşılanıb.
“Tənqidlərə baxmayaraq, yeni vəzifə verildi”
Media orqanlarının yazdığına görə, Cəbrayılova haqqında yayılan iddialar bir neçə xəbər saytında dəfələrlə işıqlandırılıb. Buna baxmayaraq, o, vəzifədən uzaqlaşdırılmaq əvəzinə yeni məktəbə rəhbər göndərilib.
Mediada bu qərar “təhsil sahəsində kadr siyasətinin xaotik və anlaşılmaz hal aldığı” kimi qiymətləndirilir.
Sosial şəbəkələrdə gərginlik
Cəbrayılovanın yeni təyinatından sonra sosial şəbəkələrdə də müzakirələr artıb. Jurnalist və istifadəçilərin bəziləri qeyd edirlər ki, aylar əvvəl yayımlanan materiallara bu gün aqressiv münasibət bildirilməsi vəziyyəti daha da anlaşılmaz edir.
Suallar açıq qalır
Ekspertlər hesab edirlər ki, Cəbrayılova ilə bağlı iddiaların hüquqi şəkildə araşdırılmaması və bunun fonunda yeni vəzifəyə gətirilməsi Elm və Təhsil Nazirliyinin kadr seçimi mexanizmi ilə bağlı suallar yaratmaqda davam edir.
Rəsmi qurumun məsələyə münasibəti isə hələ ki açıqlanmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sara