Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Şimali Koreya lideri Kim Jong Un Pxenyanda “xarici hərbi əməliyyatlar” zamanı həlak olmuş hərbçilərin ailələri üçün inşa edilən yeni yaşayış massivinin açılış mərasimində iştirak edib.
“AzPolitika” bildirir ki, bu barədə fevralın 16-da ölkənin dövlət xəbər agentliyi “Korean Central News Agency” (KCNA) məlumat yayıb. Agentliyin xəbərinə görə, mərasimdə Kim Çen Inın qızı Kim Ju E, yüksək vəzifəli partiya və dövlət rəsmiləri, həlak olan hərbçilərin ailə üzvləri və “xarici hərbi əməliyyatların döyüşçüləri” iştirak ediblər.
Rusiya dövlət agentliyi TASS isə yazır ki, yeni salınan küçə Rusiyanın Kursk vilayətində aparılan döyüş əməliyyatlarının iştirakçılarının şərəfinə inşa olunub.
Qərb mediası yazır ki, Şimali Koreya son aylarda Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı həlak olmuş hərbçilər üçün bir neçə ictimai mərasim keçirib.
Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti – “National Intelligence Service” (NIS) bildirib ki, 2024-cü ilin oktyabrından etibarən Şimali Koreya Rusiyaya təxminən 13 min hərbçi göndərib. Onların əsasən Kursk vilayətində döyüşlərdə iştirak etdiyi qeyd olunur. Kəşfiyyat məlumatlarına görə, təxminən 6 min şimali koreyalı hərbçi həlak olub və ya yaralanıb.
Bundan əlavə, NIS 2025-ci ilin payızında açıqlayıb ki, Pxenyan sentyabr ayından etibarən Rusiyaya 5 minə yaxın hərbçi-inşaatçı göndərib. Onların infrastrukturun bərpası məqsədilə ezam edildiyi bildirilir. Eyni zamanda, təxminən 10 min şimali koreyalı əsgərin Rusiya-Ukrayna sərhədi yaxınlığında “təhlükəsizlik vəzifələri” icra etdiyi iddia olunur.
Sursat tədarükü və “örtülü mexanizmlər”
ABŞ-də yerləşən Müharibə Tədqiqatları İnstitutu (ISW) hesab edir ki, Moskva və Pxenyan hərbi əməkdaşlığı daha örtülü mexanizmlərlə genişləndirməyə çalışır. Hesabatda əmək miqrasiyası kanalı vasitəsilə KXDR vətəndaşlarının Rusiya ordusuna cəlb olunması ehtimalı vurğulanır.
Eyni zamanda, sanksiyaların monitorinqi üzrə 11 ölkənin daxil olduğu çoxtərəfli qrupun 2025-ci ilin mayında dərc etdiyi hesabatda qeyd olunur ki, Şimali Koreya 2023-cü ilin sentyabrından Rusiyaya 20 mindən çox konteyner sursat göndərib. Bu sursatların Ukraynaya, o cümlədən kritik infrastruktur obyektlərinə endirilən zərbələrdə istifadə edildiyi iddia edilir.
Pxenyan və Moskva 2024-cü ilin noyabrında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya ediblər. Hər iki tərəf uzun müddət silah tədarükü və birbaşa hərbi iştirakla bağlı iddiaları təkzib etsə də, 2025-ci ilin aprelində Şimali Koreya öz hərbçilərinin Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı döyüş əməliyyatlarında iştirak etdiyini rəsmən təsdiqləyib.
Pxenyanda həlak olan hərbçilərin ailələri üçün yeni yaşayış massivinin açılması isə müşahidəçilər tərəfindən Şimali Koreyanın Rusiya ilə hərbi əməkdaşlığını artıq ictimai və simvolik səviyyədə legitimləşdirməsi kimi qiymətləndirilir.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.