AZ

Pəhləvi bayraq qaldırdı, Qraham dəstək verdi –  Münhendə Qərbdən Tehrana açıq mesaj

İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirlərdə iştirakı beynəlxalq siyasi dairələrdə diqqət mərkəzindədir. Onun Münhendə İrandakı rejim əleyhinə keçirilən yürüşə qatılması və çıxış etməsi, həmin tədbirdə ABŞ senatoru Lindsey Qrahamın Pəhləvilər dövrünə aid İran bayrağını daşıması geniş müzakirələrə səbəb olub.

Diqqətçəkən digər məqam isə Rza Pəhləvinin konfrans çərçivəsində baş tutan qeyri-rəsmi görüşdə ABŞ Prezidenti Donald Tramp administrasiyasını İranla danışıqları uzatmamağa və hərbi müdaxilə variantını nəzərdən keçirməyə çağırmasıdır.

Pəhləvinin Münhen Təhlükəsizlik Konfransı kimi nüfuzlu bir platformaya dəvət alması Qərbin Tehrana ünvanladığı siyasi mesajdır? Rza Pəhləvi İranın gələcək siyasi arxitekturasında alternativ fiqur kimi irəli çəkilir?

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Züriyə Qarayeva Rza Pəhləvinin Münhendə yürüşə qatılması və açıq çıxış etməsi, üstəlik həmin yürüşdə ABŞ senatoru Lindsey Qrahamın Pəhləvilər dövrünə aid İran bayrağını daşıması təsadüfi jest kimi oxunmamalıdır:

Züriyə Qarayeva

“Bu, Qərbin İran cəmiyyətinə və siyasi elitaya ünvanladığı simvolik mesajdır: alternativlər mövcuddur və bu alternativlər artıq yalnız mühacir çevrələrinin ritorikası deyil. Rza Pəhləvinin “Munich Security Conference” kimi qlobal təhlükəsizlik platformasına dəvət alması, üstəlik İranla bağlı gərginliyin pik həddə çatdığı bir mərhələdə ön plana çıxarılması Qərbin Tehrana qarşı “yalnız rejimlə danışırıq” xəttindən ehtiyat planlar mərhələsinə keçdiyini göstərir. Bu kontekstdə Pəhləvinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də simvolik məna daşıyır: Qərb, müharibə və müqavimət təcrübəsini İran müxalifətinin gələcək narrativinə bağlamağa çalışır”.

Qarayeva əlavə edib ki,  “Pəhləvilər İranda hakimiyyətə gətirilir” tezisi hələlik real ssenaridən çox siyasi təzyiq alətinə bənzəyir:

“Rza Pəhləvinin Münhendə qeyri-rəsmi görüşdə Donald Tramp administrasiyasını İranla danışıqları uzatmamağa və hərbi müdaxiləyə çağırması göstərir ki, o, özünü təkcə simvolik fiqur yox, aktiv siyasi aktor kimi təqdim etməyə çalışır. Ancaq Qərbin əsas strategiyası hələ də rejim dəyişikliyini birbaşa ixrac etmək deyil, Tehran üzərində təzyiqi maksimum həddə çatdırmaqdır.

Pəhləvi faktoru bu mərhələdə daha çox psixoloji və siyasi təzyiq vasitəsi rolunu oynayır: rejimə xəbərdarlıq, cəmiyyətə isə “alternativ mümkündür” mesajı verilir”.

Atilla Rzasoy

Seçilən
105
nocomment.az

1Mənbələr