AZ

Azərbaycan regionda sabitlik, təhlükəsizlik və əməkdaşlıq tərəfdarıdır - ŞƏRH

Bakı, 16 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin ölkə daxilində keçirilən yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə, eləcə də müxtəlif xarici ölkələrdə təşkil olunan beynəlxalq platformalarda iştirakı, çıxışları, keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə izlənilir. Ötən həftə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər və səsləndirilən fikirlər də bu baxımdan xüsusilə yadda qalan oldu.

Bunu AZƏRTAC-a açıqlamasında “Mərkəzi Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri bildirib.

““Budəfəki Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın mesajı nə olacaq?” - sualına cavabında dövlət başçısı bəyan etdi ki, “həmişə olduğu kimi, bizim mesajımız əməkdaşlığa, sülhə istiqamətləndirilib”. Bu fikir özündə mühüm siyasi məna ehtiva edir. O mənada ki, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin etmiş Müzəffər Ali Baş Komandan olmaqla yanaşı, eyni zamanda, regionda sülh gündəliyini irəli aparan lider kimi çıxış edir. İkinci və üçüncü mühüm məqamlar isə fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda paneldəki bəyan edilən mövqe ilə bağlıdır. Müharibədən əvvəl olduğu kimi postmüharibə dövründə də Prezident İlham Əliyev dövlət və milli maraqlar məsələsində qətiyyətli mövqe srəgiləyir, ölkəmizin “qırmızı xətti”nin dəyiməz olduğunu bəyan edir. Bu dəfə də belə oldu. Ermənistan təmsilçisi Stepan Safaryanın mümkün sülh sazişi istiqamətində səsləndirdiyi və erməni siyasətinə xidmət edən sualına qətiyyətli və səlist cavab verən dövlət başçısı açıq şəkildə bəyan etdi ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırılmadan davamlı sülhdən danışmaq mümkün deyil”, - deyə birliyin sədri vurğulayıb.

N.Azəri vurğulayıb ki, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda paneldəki çıxışında Mərkəzi Asiyanın roluna dair səsləndirdiyi fikirlər beynəlxalq aləmin diqqətində olub: “Dövlət başçısı bildirdi ki, Çindən Avropaya yükdaşımalar Mərkəzi Asiya ölkələri olmadan mümkün deyil və bu marşrut Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə formalaşır. O da vurğulanıb ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə fəal əməkdaşlıq edir və ötən ilin noyabrında ölkəmizin Mərkəzi Asiya beşliyinə qoşulması ilə format altılığa çevrilib. Bu, Cənubi Qafqaz ölkəsi kimi Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında təmsil olunması baxımından mühüm və presedentsiz hadisədir. Dünyaya verilən mesaj ondan ibarət idi ki, yeni qlobal nizam Mərkəzi Asiya və Azərbaycan kimi strateji aktorlar nəzərə alınmadan formalaşa bilməz. Münxen görüşlərini və Prezident İlham Əliyevin orada səsləndirdiyi fikirləri ümumiləşdirsək, deyə bilərik ki, bu platforma bir daha Azərbaycanın qalib dövlət və məsuliyyətli regional aktor olduğunu nümayiş etdirdi”.

Seçilən
44
azertag.az

1Mənbələr