AZ

Gizli NATO etirafı geopolitik “zəlzələ” törədir: Avropanın ABŞ-a qiyamı isə “fəlakət üçbucağı” yaradır

Ukrayna müharibəsi, onsuz da sabit olmayan ABŞ-Avropa-Rusiya ziddiyyət üçbucağında hərbi-siyasi güc balansının yenidən qurulmasına yol açmağa başlayıb... ABŞ qlobal liderliyini qorumağa çalışır, Avropa strateji mustəqillik axtarır, Rusiya isə uzunmüddətli sarsıtma strategiyası ilə Qərbin birliyini sınağa çəkir və Ukrayna bu böyük geopolitik “şahmat taxtası”nda hələ də mərkəzi fiqur kimi qalır...

Ukrayna müharibəsi artıq yalnız rəsmi Kiyev və Kreml arasındakı hərbi qarşıdurma deyil. Bu savaş qlobal güc nizamının yenidən dizayn olunduğu əsas “düyün nöqtəsi” və geostrateji poliqondur. Münhen Təhlükəsizlik Konfransında səsləndirilən bəyanatlar da onu göstərdi ki, əsas geopolitik xətt indi ABŞ-Avropa-Rusiya üçbucağı üzərindən keçir. Və Ukrayna coğrafiyasında baş verənlər isə bu qlobal üçbucağın mərkəzi labirintini təşkil edir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın Ukrayna siyasəti 2022-ci ildən etibarən, iki əsas geostrateji kambinasiya üzərində qurulub. Belə ki, Ağ Ev bir tərəfdən Rusiyanı strateji zəiflətməyə sürükləyir, digər tərəfdənsə, NATO-nu yenidən dizayn edib, ABŞ-ın qlobal maraqlarına uyğunlaşdırmağa çalışır. Ona görə də, NATO-nun keçmiş baş katibi Yens Stoltenberqin “2014-cü ildə Rusiyanın vaxtında bloklanması ilə bağlı çox böyük şansın əldən buraxıldığını” etiraf etməsi əslində, ABŞ-ın əvvəlki dövrlərdəki ehtiyatlı balans siyasətinə görə dolayısı ilə tənqid olunması anlamı daşıyır. Və bu etiraf həm də onu göstərir ki, Ağ Ev son illərdə artıq “eskalasiyadan çəkinmə” modelindən tədricən uzaqlaşmağa başlayıb.

1d417062-6054-43eb-afe7-30374612da36.jpg (154 KB) 

Digər tərəfdən, NATO-nun indiki baş katibi Mark Rüttenin Rusiyanın böyük itkilər verməsi ilə bağlı son açıqlamaları isə ABŞ-ın daha sərt hərbi-siyasi xəttinin hələlik davam etdiyini göstərir. Belə ki, həm NATO-nun açıq şəkildə, həm də Ağ Evin isə üstüörtülü olaraq, “Ukrayna savaşı uzana bilər, ancaq Rusiya qalib gəlməməlidir” narrativinə bağlı qaldığı inkaredilməz reallıqdır. Ağ Ev üçün əsas geostrateji hədəf hazırda Ukrayna savaşının bundan sonra daha nə qədər davam etdirilməsinin ABŞ-a faydalı olacağının dəqiqləşdirilməsi ilə bağlıdır.

Eyni zamanda, Ağ Ev Rusiyanı zəiflətmək xəttinin hansı nöqtədə Avropa məkanında sabitlik prioritetləri ilə toqquşa biləcəyini də təyin etməyə çalışır. Belə ki, ABŞ Ukrayna savaşında rəsmi Kiyevin dəstəkləməsi prinsiplərindən nisbətən uzaqlaşmış kimi görünür. Ancaq eyni zamanda, Ağ Ev bu müharibənin birbaşa NATO-Rusiya hərbi toqquşmasına çevrilməsində də qətiyyən maraqlı deyil. Və bu isə ABŞ tərəfindən yürüdülən balanslaşdırılmış, ancaq cox riskli strategiyadır.

Münhen Təhlükəsizlik Konfransında ən diqqətçəkən məqamlardan biri də Avropa Birliyinin Ukrayna savaşının dayandırılması prosesində artıq “ikinci dərəcəli tərəf” olmaq istəməməsini birmənalı şəkildə buruzə verməsiylə bağlıdır. Hətta Çinin xarici işlər naziri Uvang Yi Avropanın “menyuda deyil, masada” olmasının vacibliyini xüsusi olaraq vurğulamaqla, ABŞ-ın bu prosesdə dominant vasitəçilik rolunun yolverilməz olduğunu qabartdı. Və çinli nazirin bu mesajının Avropa siyasi dairələrində böyük rezonans doğurması da inkaredilməz reallıqdır.

68fbc5d0-b47f-4781-9802-8a1f7b88e5cc.jpg (340 KB) 

ABŞ və Rusiyanın Ukrayna savaşı ilə bağlı ortaqlığından narazı və narahat olan Avropa dövlətləri hazırda daha yüksək səslə etiraz edirlər. Mövcud situasiyanın Avropa ölkələrinin xeyrinə dəyişdirməyin vacibliyini vurğulayan İspaniyanın baş naziri Pedro Sanchez isə daha da irəli gedərək, real “Avropa ordusu”nun yaradılması ilə bağlı təklifi yenidən gündəmə gətirib. Və bu, ABŞ-dan təhlükəsizlik asılılığının azaldılması, NATO daxilində Avropa xəttinin gücləndirilməsi, “qoca qitə”də ortaq müdafiə sənayesinin koordinasiya edilməsi istiqamətində olduqca önəmli mesajdır.

Ancaq Avropa ölkələri arasında vahid mövqenin olmaması “qoca qitə”nin qlobal maraqlarının qoruması baxımından, ciddi problemlər yaradır. Ukrayna prezidenti Volodimir Zelenski və Macarıstanın baş naziri Viktor Orban arasındakı qarşıdurma da onu göstərir ki, Avropa məkanında strateji parçalanma təhlükəli həddə çatıb. Şərqi Avropa bloku, xüsusilə də Polşa və Baltikyanı ölkələr Rusiyanı birbaşa təhlükə kimi görür. Mərkəzi və Cənubi Avropa ölkələrinin bir hissəsi isə Ukrayna müharibəsinin uzadılmasının iqtisadi və siyasi risklərini daha ön plana çəkirlər.

Bütün bunların qarşılığındasa, Rusiyanın əsas strategiyası isə daha konkret xarakter daşıyır. Belə ki, Kreml savaş meydanında tədricən irəliləyişə nail olmağa, Qərb ölkələrinin siyasi-diplomatik iradəsini sarsıtmağa, Ukrayna müharibəsini uzunmüddətli hərbi resurs yarışına çevirməyə çalışır. Çünki Rusiya üçün hazırda əsas məqsəd yalnız Ukrayna ərazilərinin ələ keçirilməsi ilə məhdudlaşmır. Kreml həm də Qərbin vahidliyini sarsıtmaq və ABŞ-Avropa qarşıdurmasını daha dərinləşdirmək niyyəti güdür. Əgər, Avropa ABŞ-dan daha tez sülh istəyərsə, bu, “ziddiyyət üçbucağı”nda balansı da ciddi şəkildə dəyişər. Əksinə, əgər, Şərqi Avropa xətti güclənərsə, onda Ağ Ev “sülh prosesi”ndə daha sərt mövqe tutmağa məcbur qala bilər.

123WhatsApp Image 2026-02-09 at 17.23.17.jpeg (197 KB) 

Məsələ ondadır ki, Polşanın xarici işlər naziri Radosłav Sikorski açıq şəkildə bildirib ki, Ukrayna ilə bağlı qərarları rəsmi Kiyev verməlidir və ABŞ fərqli mövqe seçsə belə, rəsmi Varşava qonşu ölkəyə dəstəyi davam etdirəcək. Bu açıqlama Polşanın özünü yalnız NATO üzvü deyil, həm də regional təhlükəsizlik sisteminin lideri kimi təqdim etdiyi, Ukraynanın taleyini birbaşa Polşanın milli təhlükəsizliyi ilə bağladığı, ABŞ-Avropa münasibətlərində Şərqi Avropa mərkəzli yeni geopolitik xətt formalaşdırdığı üçün olduqca önəmli mesajdır. Bu, klassik ABŞ-Avropa-Rusiya ziddiyyət üçbucağına faktiki olaraq, Polşa və Baltikyanı xəttin də “dördüncü aktor” kimi əlavə olunması deməkdir.

Göründüyü kimi, Ukrayna müharibəsi, onsuz da sabit olmayan ABŞ-Avropa-Rusiya ziddiyyət üçbucağında hərbi-siyasi güc balansının yenidən qurulmasına yol açmağa başlayıb. Belə ki, ABŞ qlobal liderliyini qorumağa çalışır, Avropa strateji mustəqillik axtarır, Rusiya isə uzunmüddətli sarsıtma strategiyası ilə Qərbin birliyini sınağa çəkir. Və bu baxımdan, Ukrayna hələ də bu böyük geopolitik “şahmat taxtası”nda məhz mərkəzi fiqur olaraq, qalmaqda davam edir.(musavat.com)

Seçilən
23
1
olke.az

2Mənbələr