AZ

Qış Olimpiya Oyunları tarixində ilk: ana və oğul eyni yarışda çıxış ediblər

Qış Olimpiya Oyunları tarixində ilk: ana və oğul eyni yarışda çıxış ediblər

Meksikalı dağ xizəkçiləri Sara Şleper və Lasse Qaxiola eyni Qış Olimpiya Oyunlarında iştirak edən ilk ana və oğul kimi tarixə düşüblər.

AFN.az xəbər verir ki, İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində keçirilən 2026-cı il Qış Olimpiadasında 46 yaşlı Şleper fevralın 12-də super-giqant yarışında 1 dəqiqə 31,37 saniyəlik nəticə ilə 26-cı yeri tutub.

Bazar ertəsi isə onun 18 yaşlı oğlu Lasse Qaxiola (mənbələrdə soyadı Hahiola kimi də qeyd olunur) slalom yarışında starta çıxsa da, ikinci cəhdində finişə çata bilməyib.

Bu Olimpiada Sara Şleper üçün həm də digər rekordlarla əlamətdar olub; o, yeddi Qış Olimpiya Oyunlarında iştirak edən ilk dağ xizəkçisi və bu idman növü üzrə Olimpiada tarixinə düşən ən yaşlı qadın atlet ünvanını qazanıb.

Qeyd edək ki, Şleper karyerasının ilk dörd Olimpiadasında (1998-2010) ABŞ yığmasını təmsil etsə də, meksikalı məşqçi Federiko Qaxiola ilə ailə qurduqdan sonra 2018-ci ildən etibarən Meksika bayrağı altında yarışır.

Maraqlıdır ki, Sara 2011-ci ildə karyerasını bitirdiyini elan edərkən son enişini qucağında o vaxt 3 yaşı olan oğlu Lasse ilə birgə etmişdi, 15 il sonra isə onlar artıq rəqib yox, komanda yoldaşı kimi eyni Olimpiadada Meksikanı təmsil ediblər.

Seçilən
84
afn.az

1Mənbələr