Kanadanın Baş naziri Mark Karni hindistanlı həmkarı Narendra Modi ilə görüşmək üçün martın əvvəlində Nyu-Dehliyə səfər edəcək.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Kanadanın Ontario əyalətinin iqtisadi inkişaf, iş yerlərinin yaradılması və ticarət naziri Viktor Fideli bildirib.
Onun sözlərinə görə, tərəflər iki ölkə arasında iqtisadi tərəfdaşlıq haqqında çərçivə sazişini müzakirə etmək niyyətindədirlər.
"Yəqin ki Karni martın 1-2-də Hindistanda olacaq. Kanadanın federal hökuməti artıq əyalətlərdən, o cümlədən Ontariodan təkliflər alıb, bu da uğurlu danışıqlar üçün əsas yaradır", - Fideli deyib.
Onun sözlərinə görə, Modi və Karni noyabrda G20 sammiti çərçivəsində 2030-cu ilə qədər ikitərəfli ticarəti ikiqat artıraraq 50 milyard dollara çatdırmaq məqsədilə ticarət sazişi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.
Qeyd olunub ki, Karni ölkənin əsas ticarət tərəfdaşı olan ABŞ tərəfindən mallarına rüsumların tətbiqindən sonra Kanadanın tərəfdaşlığını şaxələndirmək üçün bütün səylərini göstərir.