AZ

Zarafat deyil, cinayətdir Belə videolar niyə artır?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Son dövrlər sosial mediada rüşvəti yumor və “trend” formatında təqdim edən videoların artması müzakirələrə səbəb olub. Bu cür məzmunların korrupsiyaya münasibəti yumşaldaraq onu adi və qəbul edilən davranış kimi göstərməsi ilə bağlı narahatlıqlar səsləndirilir.Bəs bu kimi hallarda məsələ ictimai və sosial baxımdan necə qiymətləndirilməlidir?Sosioloq Hüseyn İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, cəmiyyətimizdə rüşvət və bu kimi neqativ hallara qarşı kifayət qədər qanunvericilik bazası mövcuddur.“Bununla yanaşı, mediada bu halların işıqlandırılması, rüşvət adı hallanan şəxslərin ictimaiyyət tərəfindən tənqid olunması üçün geniş azadlıqlar və imkanlar var. Keçmişdə cəmiyyət üçün zərərli addımlar atmış şəxslərin tənqidi çox vaxt yumor vasitəsilə edilirdi, çünki o dövrdə demokratik imkanlar məhdud idi və insanlar bu mövzulara açıq şəkildə toxunmaqdan çəkinirdilər. Bu gün isə dövlət siyasətinin əsas hədəflərindən biri kimliyindən asılı olmayaraq dövlət və ictimai maraqları tapdayan, rüşvət və digər neqativ hallara yol verən şəxslərin aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə təqdim edilməsidir. Belə olan halda bəzi media orqanlarının rüşvət və bu əməllərdə adı çəkilən şəxsləri bəzən bayağı yumoristik formada təqdim etməsi cəmiyyətdə mənfi ictimai ab-hava yarada bilir”.Sosioloq bildirib ki, konstruktiv və maarifləndirici tənqid, o cümlədən yumoristik tənqid mümkündür və qanunvericilik çərçivəsində cəmiyyətin maariflənməsinə xidmət etdiyi halda müsbət qiymətləndirilə bilər.“Lakin bəzi jurnalistlər, saytlar və sosial şəbəkə istifadəçilərinin seçdiyi üslub suallar doğurur. Bu yanaşma bəzən ictimai şüura mənfi təsir göstərir və xüsusilə yeniyetmə və gənclərin düşüncəsində bu kimi halların mahiyyətinin yetərincə dərin formalaşmasına mane ola bilər. Qanunlarımız rüşvəti adiləşdirmir və normallaşdırmır. Bununla belə, sosial şəbəkələrdə müəyyən trend kimi bu mövzunu yumor vasitəsinə çevirən şəxslər var və bu hal gülməli deyil, əksinə cəmiyyətdə ictimai etimadsızlığın artmasına xidmət edə bilər”.Ekspertin sözlərinə görə, bu səbəbdən belə məzmun yayan şəxslərin maarifləndirilməsi vacibdir və məsuliyyət hissi artırılmalıdır.“Qanun pozuntuları yalnız rüşvətlə məhdudlaşmır və bu yanaşma digər cinayətlərin də gələcəkdə yumor və ya ironiya formasında təqdim edilməsinə zəmin yarada bilər ki, bu da yolverilməzdir. Sosial media imkanlarından istifadə edərək bu kimi halların geniş yayılmasına şərait yaradılmamalıdır. Bu cür məzmunu yayanların çoxu peşəkar jurnalistlər deyil, həvəskarlardır, halbuki hər hansı sahəyə maraq göstərmək başqa, həmin sahədə peşəkar və məsuliyyətli fəaliyyət göstərmək tamam başqa məsələdir. Həvəs göstərilən işin cəmiyyətə və ətraf mühitə hansı mənfi təsirləri ola biləcəyini əvvəlcədən düşünmək vacibdir”.Qeyd edək ki, rüşvət və korrupsiya mövzusunun ictimai şüurda düzgün təqdim olunması cəmiyyətin hüquqi və mənəvi dəyərlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
demokrat.az

1Mənbələr