AZ

Münhen Təhlükəsizlik Konfransı bu yeniliklə yadda qaldı: Prezident İlham Əliyev…

“Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Ona görə də, geosiyasi güc balansının yenidən formalaşdığı, böyük dövlətlər arasında rəqabətin artdığı və regional münaqişələrin qlobal qarşıdurma elementinə çevrildiyi bir dövrdə Münhen Təhlükəsizlik Konfransı qlobal təhlükəsizlik gündəliyinin müəyyənləşdirildiyi əsas platformalardan biri kimi çıxış edir”.

Bu sözləri NOCOMMENT.az-a danışan politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, hazırkı mərhələ beynəlxalq sistemin çoxqütblülüyə keçidi ilə xarakterizə olunur:

“Enerji və nəqliyyat marşrutları geosiyasi təsir alətinə çevrilir, beynəlxalq hüququn selektiv tətbiqi isə legitimlik böhranını dərinləşdirir. Bu reallıq fonunda dövlətlərin milli maraqlara əsaslanan praqmatik və balanslaşdırılmış siyasəti xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın Münhen platformasında iştirakı isə ölkəmizin qlobal təhlükəsizlik arxitekturasında fəal aktor kimi çıxış etdiyini təsdiqləyən mühüm hadisədir.

Cənab Prezident konfrans çərçivəsində keçirdiyi görüşlər və verdiyi müsahibələrlə Azərbaycanın mövqeyini birbaşa beynəlxalq auditoriyaya çatdırdı. Ona görə də, xüsusilə post-münaqişə mərhələsində dövlətimizin strateji prioritetlərinin aydın ifadəsi baxımından bu mesajlar mühüm əhəmiyyət daşıyır. Milli maraqlar nöqteyi-nəzərindən yanaşdıqda, Münhen platforması Azərbaycan üçün bir neçə istiqamətdə strateji əhəmiyyətə malikdir.

Əsas prioritet regionda davamlı sülhün təmin edilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və ölkənin geoiqtisadi mövqeyinin möhkəmləndirilməsidir. Azərbaycan artıq enerji təhlükəsizliyində etibarlı tərəfdaş, logistika və nəqliyyat sahəsində isə vacib tranzit halqası kimi mövqeyini gücləndirib.

Prezident İlham Əliyevin France 24 telekanalına verdiyi müsahibə də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımız müsahibə zamanı regionda hüquqi əsaslara söykənən davamlı sülh modelinin vacibliyini vurğulayaraq kommunikasiyaların açılmasının və qarşılıqlı etimad mühitinin formalaşmasının strateji əhəmiyyətini önə çəkdi. Həmçinin Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək nəqliyyat xəttinin yalnız infrastruktur layihəsi deyil, Cənubi Qafqazda yeni iqtisadi konfiqurasiyanın formalaşması olduğu ifadə olundu. Beləliklə də, Azərbaycanın öz ərazisində genişmiqyaslı yol və dəmir yolu layihələrini həyata keçirməsi rəsmi Bakının prosesə siyasi deyil, praktiki yanaşdığını göstərir.

Bu marşrutun reallaşması regionu Avropa bazarları ilə birləşdirən mühüm tranzit platforması yarada bilər. Eyni zamanda, Qarabağda qeyri-qanuni fəaliyyət göstərmiş separatçılarla bağlı hüquqi məsuliyyət məsələsində dövlətin prinsipial mövqeyi bir daha bəyan edildi. Azərbaycanın ədalət prinsipindən geri çəkilməyəcəyi açıq və konkret şəkildə ifadə olundu. Fransa ilə münasibətlər kontekstində isə ölkəmizin mövqeyi dövlət başçımız tərəfindən aydın şəkildə ifadə edilərək bildirildi ki, Azərbaycan suveren dövlət kimi daxili işlərinə müdaxiləni qəbul etmir və münasibətlərin qarşılıqlı hörmət prinsipi əsasında qurulmasının tərəfdarıdır. Beləliklə də, Azərbaycan post-münaqişə mərhələsində təşəbbüskar və prinsipial siyasi kurs yürüdür.

Suverenliyin qorunması, hüquqi əsaslara söykənən sülhün əldə olunması, regional kommunikasiyaların açılması və balanslaşdırılmış xarici siyasət xətti ölkəmizin strateji istiqamətini müəyyən edir. Münhen Təhlükəsizlik Konfransında səslənən mövqelər və aparılan diplomatik təmaslar bir daha təsdiqlədi ki, Azərbaycan regional sabitliyin təminatçısı və enerji–logistika təhlükəsizliyinin vacib həlqəsi kimi qlobal təhlükəsizlik dialoqunun ayrılmaz hissəsinə çevrilib. Bu isə ölkəmizin beynəlxalq sistemdə artan rolunun və siyasi çəkisinin bariz göstəricisidir”.

Atilla Rzasoy

Seçilən
19
nocomment.az

1Mənbələr