Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyası 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkiləri üçün seçki siyahısına daxil ediləcək namizədlərin təsdiq olunmuş ilkin siyahısını açıqlayıb.
“Cebheinfo.az”-ın məlumatına görə, proporsional seçki siyahına 50 nəfərin adı daxildir.
Hakim partiyadan 274 nəfərin namizədliyi irəli sürülsə də, əsas rəqabət 50-70 nəfər arasında gedəcək. Namizədlər siyahısında birinci yeri Baş nazir Nikol Paşinyan tutur. O, 894 səs toplayıb. "Vətəndaş Müqaviləsi" Partiyası seçkilərdə qalib gələcəyi təqdirdə Paşinyan yenidən Baş nazir seçiləcək. Hakimiyyətdə ən yüksək vəzifələrin ilk onluğa daxil olan namizədlərdən formalaşacağı gözlənilir.
Bu baxımdan, Paşinyandan sonra ikinci yeri hansı partiya funksionerinin tutacağı çox müzakirə olunurdu. Çünki Ermənistan parlamentinin sədri Alen Simonyanın növbəti parlamentdə spiker olmayacağı artıq məlumdur. Bu, Paşinyanın Simonyana etimadının azalması və hakim partiyada spikerin siyasi mövqeyinin zəifləməsi ilə izah edilirdi. Paşinyanın Simonyanın yerinə əvvəllər Ermənistanın ABŞ-dəki səfiri işləmiş Lilit Makuntsu görmək istədiyi barədə məlumatlar üstünlük təşkil edirdi. Lakin açıqlanmış partiya siyahısında ikinci yerdə hazırkı müdafiə naziri Suren Papikyanın yer aldığını görmək olar. Lilit Makunts isə partiya siyahısında 438 səslə 23-cü yerdə qərarlaşıb.
Seçim mərhələsində 780 səs toplayan Papikyan "Vətəndaş Müqaviləsi" Partiyasında ciddi nüfuza malikdir. Bu baxımdan, Papikyanın spiker postuna gətiriləcəyi ehtimalı çox yüksəkdir. Üçüncü sırada 765 səslə hazırkı iqtisadiyyat naziri Gevorq Papoyan yer alıb. O, "Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyətində yüksək nüfuza və xeyli tərəfdara malikdir. Seçkilərdən sonra Papoyanın ən azı iqtisadiyyat naziri vəzifəsində qalacağı və ya baş nazirin müavini təyin olunacağını proqnozlaşdırmaq olar. Baş nazirin hazırkı müavini Mher Qriqoryan isə çox güman ki, seçkilərdən sonra postu ilə vidalaşacaq. Onun adı namizədlər arasında yoxdur.
Mher Qriqoryanın yerinə daha bir namizəd isə hazırkı xarici işlər naziri Ararat Mirzoyandır. O, 743 səslə 4-cü yeri tutub. Bu göstərici ilə Mirzoyan ya Ermənistan diplomatiyasına rəhbərlik etməkdə davam edəcək, ya da Qriqoryanın yerinə irəli çəkiləcək. Mirzoyan başqa vəzifəyə təyin ediləcəyi halda, xarici işlər naziri vəzifəsinə əsas namizədlərdən biri hazırda parlamentin vitse-spikeri postunu tutan Ruben Rubinyandır. O, partiya siyahısında 687 səslə 6-cı yeri tutub. Xarici işlər naziri vəzifəsinə ən real namizədlərdən biri isə parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryandır. O, siyahıda 8-ci yerdədir.
Diqqəti cəlb edən məqamlardan biri isə hazırda Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışan Armen Qriqoryanın partiya daxilində dəstəyi itirməsi və ilk 50 nəfərlik siyahıya düşə bilməməsidir. Onun adı 101-ci yerdə çəkilir. Bu isə Armen Qriqoryanın növbəti hökumətdə yer almayacağını göstərir.
Müşfiq Abdulla
“Cebheinof.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.