ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İrəvanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə daha bir görüş keçirilib. Müzakirələr zamanı onlar 2025-ci il avqustun 8-də Vaşinqton sammitində təsdiq edilmiş sülh gündəliyindən irəli gələn prosesləri müzakirə ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan "Topçubaşov" Mərkəzinin direktoru Rusif Hüseynov Oxu.Az-a açıqlamasında səfər çərçivəsində görüşün konstruktiv və qarşılıqlı hörmət əsasında baş tutduğunu deyib:

"Əslində, əvvəldən də bu məxrəcə gəlmişdik ki, ziddiyyətli mövzulardansa gələcəkdə qarşılıqlı fayda verə biləcək mövzulara köklənək. Amma bu o demək deyil ki, bütün məsələlər üzrə hər iki tərəf bir-biri ilə razılaşdı. Müəyyən kiçik mübahisələr də oldu, amma vurğuladığım kimi, qarşılıqlı hörmət əsasında hər iki tərəf öz cəmiyyətini narahat edən qayğıları digərinin diqqətinə çatdırırdı".
Müsahibimiz Ermənistana sərhədin delimitasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən getdiklərini deyib:
"Bu, bir tərəfdən, həm normallaşma prosesi və onun daxilindəki delimitasiya və demarkasiya prosesi ilə bağlı simvolik addım idi, həm də digər tərəfdən, bunun praktiki əhəmiyyəti də var. Çünki bu addım onu göstərir ki, iki ölkənin vətəndaşları bir-birinin ərazisinə, üstəlik, böyük bir qrupla səfər edə bilirlər. Hətta bizə görə sərhəd-keçid məntəqəsi də quraşdırılmışdı".
"Sülh körpüsü" təşəbbüsü ilə bağlı deyə bilərik ki, indiki mərhələdə bizim vaxtımız may-iyun aylarına qədər olan dövrü əhatə edir. Çünki iyun ayında Ermənistanda parlament seçkisi keçiriləcək, may ayında isə seçkiqabağı dövr başlayır və həmin dövr ərzində bizim ciddi iş görməyimiz çətinləşir. Ona görə də həmin dövrə qədər daha bir görüş keçirmək və sülh mesajını hər iki cəmiyyətin daha böyük qisminə çatdırmaq istəyirik. Həmçinin, mümkün olsa, bir neçə ortaq layihə hazırlamaq fikrimiz də var", - deyə müsahibimiz əlavə edib.
Qeyd edək ki, "Sülh körpüsü" təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin birbaşa dialoqu kimi formalaşıb. Bu çərçivədə ilk görüş 2025-ci ilin oktyabrında Ermənistanda, növbəti görüş isə 2025-ci ilin noyabrında Azərbaycanda baş tutub.
Mərahim Nəsib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.