AZ

Nestle və Danone barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə

Fransada Paris prokurorluğu, Nestlé, Danone və Lactalis daxil olmaqla ümumilikdə beş qida şirkəti barəsində çinayət işi açıldığı haqqında məlumat yayıb.

Marja xəbər verir ki, cinayət işi həyati risk daşıdığı iddia edilən uşaq qidalarının bazara çıxarılması barədə əsaslı şübhə ilə bağlıdır. Prokurorluq bəzi hallarda körpə ölümlərinin bu uşaq qidaları ilə mümkün əlaqəsi şübhəsinin də araşdırıldığını elan edib.

Rəsmi qurumlar xüsusilə “cereulide” adlı toksin ehtimalı üzərində dayanır. Bu maddənin ürəkbulanma və qusmaya səbəb ola bildiyi məlumdur.

İddialara görə, sözügedən toksin istehsalda istifadə edilən və Çindəki təchizatçıdan alınan bəzi komponentlərdə aşkar edilib.

İstehsal dayandırılıb, geri çağırma başlayıb

Reuters-in məlumatına görə, Lactalis və Danone şirkətləri Babybio və La Marque markalı bəzi məhsullarında "cereulide" çirklənməsi müəyyən edildikdən sonra istehsalı dayandırıblar.

Hadisədən sonra Fransa başda olmaqla bir çox ölkədə məhsulların geri çağırılması barədə qərarlar qəbul edilib.

Ağır cəzalar gündəmdədir

İstintaq çərçivəsində şirkətlər təqsirli bilinərsə, məsul rəhbərlər 7 ilə qədər həbs cəzası və 3,8 milyon avroya qədər cərimə ilə üzləşə bilərlər.

Prokurorluq ölkə üzrə daxil olan çoxsaylı şikayətlər və açılan məhkəmə işlərinin texniki baxımdan mürəkkəb olması səbəbilə işi birbaşa öz üzərinə götürdüyünü bildirib.

Hüquqi prosesə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Foodwatch ilə yanaşı, uşaqlarının uşaq qidası qəbul etdikdən sonra xəstələndiyini bildirən səkkiz ailənin şikayətləri də daxil edilib.

Cinayət işi məhsul təhlükəsizliyi və təchizat zəncirinə nəzarət baxımından Avropa qida sektorunda yeni müzakirələrə səbəb ola bilər.

Seçilən
121
2
marja.az

3Mənbələr