AZ

“Ermənistan təmsilçiləri da Azərbaycana quru yolla gələcək” - MÜSAHİBƏ

Fevralın 13-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri quru sərhədinin delimitasiya olunmuş hissəsi vasitəsilə Ermənistana gediblər. “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində fevralın 13-14-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli dəyirmi masa keçirilib.

Görüşün iştirakçısı – “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədovanın “Yeni Sabah”a müsahibəsini təqdim edirik:

- Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana keçidi sərhədin hansı istiqamətində baş tutdu?

- Biz sərhədin Qazax rayonunun Aşağı Əskipara hissəsindən keçdik. Bu kənd 2 il öncə Azərbaycana qaytarılan Qazaxın 4 kəndindən biridir. Təbii ki, təəssüratlar fərqli idi. Bu səfər çox simvolik oldu. Çünki on illiklərdən sonra ilk dəfə Azərbaycandan Ermənistana quru sərhəddən keçid baş tutdu.

- Ermənistan cəmiyyətində sülhlə ictimai rəy necədir?

- Bu səfər ərzində biz təxminən 30 saat görüşlər keçirdik. 20 nəfərlik ictimaiyyət nümayəndələri xaricində heç kimlə görüşməmişik (Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüş olub) Görüşdə iştirak edən nümayəndə heyəti sülhü dəstəkləyən şəxslərdir. Ümid edirik ki, onlar da öz cəmiyyətlərinə sülhlə bağlı töhfələr verəcək. Biz birlikdə cəmiyyəti maraqlandıran və narahat edən məsələləri müzakirə etdik. Bütövlükdə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yanaşmasına gəlincə, şərhlər müxtəlifdir və bu anlaşılandır. İllərlə münaqişə və nifrət olub. Təbii ki, hamı sülhü dəstəkləyə və razı ola bilməz. Bizim işimiz ondan ibarətdir ki, sülhün hər iki ölkə vətəndaşlarına verə biləcəyi üstünlüklərdən danışaq. Heç kəs tarixi unutmyacaq və unutmamalıdır. Biz de-fakto olaraq sülh içində yaşayırıq. Sadəcə müqavilənin imzalanması qalır. Çalışmalıyıq ki, hər birimiz sülhün qalıcı olması üçün addımlar ataq.

- Ermənistan nümayəndələrinin cavab səfəri hansı tarixdə planlaşdırılır?

- Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycana növbəti səfəri ilə bağlı konkret vaxt hələlik təyin olunmayıb.

- Oktyabrda baş tutan son səfərlə müqayisədə müzakirələrdə hansısa inkişaf nəzərə çarpırmı?

- Əlbəttə, ciddi irəliləyiş müşahidə olunmaqdadır. Bizim son səfərimiz oktyabrda, ermənilərin səfəri isə noyabrda baş tutmuşdu. İrəvana oktyabrdakı səfərimizdən 1 gün öncə, Azərbaycandan Ermənistana tranzit yolu ilə ilk taxıl tədarükü baş tutmuşdu. Həmin vaxtdan bu günədək çoxlu yeniliklər baş verib. Neft məhsulları tədarük edilib və iqtisadi əməkdaşlıq var. Bir neçə ay ərzində çox dəyişikliklər olub. Azərbaycan Ermənistan cəmiyyətinə onu göstərir ki, sülh olarsa, siz daha da yaxşı yaşaya bilərsiniz. Ermənistan vətəndaşları sülhün onlara birbaşa müsbət təsirlərini artıq görürlər. Lakin sülh müqaviləsinin imzalanması üçün konkret şərtlər var. Referendum olmalı və Ermənistan konstitusiyası dəyişdirilməlidir. Daha sonra sülh müqaviləsi imzalana bilər.

- Bəs Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana növbəti səfərinin tarixi məlumdurmu?

- Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti səfərinin hansı tarixdə baş tutacağı dəqiq deyil. Çünki bu dəfə heyət daha da genişlənib. Bu dəfəki səfərdə 19 nəfər iştirak etdi. Növbəti səfər zamanı heyətdə dəyişiklik də mümkündür. Ola bilsin ki, mövzuya və sektora uyğun heyət dəyişsin. Ona görə də səfərin tarixini öncədən bilmək olmur.

- Səfər zamanı hər hansısa mənfi situasiya ilə qarşılaşdınızmı?

- Ermənistanda mənə yaxud vətəndaş cəmiyyətinin digər üzvlərinə qarşı heç bir mənfi hal baş vermədi. Əlbəttə, müzakirələr zamanı bəzi məsələlər var idi ki, mövqelərimiz üst-üstə düşmürdü. Bu normal haldır. Amma tam mədəni və sivil qaydada müzakirələr aparıldı. Hər hansı bir hörmətsizlik yaxud təxribat xarakterli hal müşahidə olunmadı.

- Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycana quru yolla gələcəklər?

- Ermənistan nümayəndə heyətinin Azərbaycana quru yolla gəlməsi hazırda müzakirə olunur. Ehtimal olunur ki, onlar da quru yolla gələcək. Biz bunu səfər zamanı müzakirə etmədik. Ona görə də tam dəqiq nəsə demək yanlış olar.

Nazim Hacıyev

 


Telegram kanalımız
Seçilən
26
yenisabah.az

1Mənbələr