AZ

Bu içkilər zərərlidir - XƏBƏRDARLIQ

Şəkərli içkilərin müntəzəm qəbulu yeniyetmələrdə narahatlıq əlamətlərinin daha qabarıq şəkildə müşahidə olunması ilə əlaqəli ola bilər. Bu nəticəyə Bournemouth University alimləri gəliblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Human Nutrition and Dietetics" jurnalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər gənclərin qidalanma vərdişləri və psixoemosional vəziyyətini qiymətləndirən əvvəlki elmi işləri təhlil ediblər. Xüsusilə qazlı içkilər, energetiklər, şəkərlə zəngin şirələr və siroplar, şirin çay və qəhvə, eləcə də dadlandırılmış süd kimi yüksək şəkər tərkibli və aşağı qida dəyərinə malik məhsullar diqqət mərkəzində olub.

Təhlil edilən bütün tədqiqatlarda bu cür içkilərin tez-tez qəbulu ilə narahatlıq simptomlarının artması arasında sabit əlaqə müəyyən edilib. Mütəmadi olaraq şirin içkilər qəbul edən yeniyetmələr daha çox gərginlik, təşviş və emosional diskomfort əlamətləri barədə məlumat veriblər.

Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, aşkar olunan əlaqə birbaşa səbəb-nəticə münasibətini sübut etmir. Mümkündür ki, narahatlıq yaşayan gənclər özünü tənzimləmə vasitəsi kimi daha çox şirin məhsullara üstünlük verirlər. Bundan başqa, ailə mühiti, stress səviyyəsi və yuxu pozuntuları kimi digər amillər də hər iki göstəriciyə təsir göstərə bilər.

Mütəxəssislər hesab edirlər ki, nəticələr profilaktik baxımdan mühüm əhəmiyyət daşıyır. Yeniyetmələr arasında narahatlıq pozuntularının artdığı bir dövrdə həyat tərzi ilə bağlı dəyişdirilə bilən amillərin müəyyənləşdirilməsi psixi sağlamlığın qorunması üçün tövsiyələrin hazırlanmasına kömək edə bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
73
1
redaktor.az

2Mənbələr