BAKI, 16 fevral. TELEQRAF
“44 günlük müharibə Ermənistan və Azərbaycan arasında qeyri-bərabərliyi üzə çıxardı”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Arman Babacanyan deyib.
O bildirib ki, siyasət reallıq üzərində yox, istək və xəyallar üzərində qurulduqda fəlakətə gətirib çıxarır:
“Ermənistanın ən yeni tarixinin ən ağır dərsi budur: onilliklər boyu siyasət maksimalizm üzərində qurulmuşdu, özü də real strategiya və kifayət qədər resurs olmadan”.
Babacanyan qeyd edib ki, Azərbaycan ötən illərdə (işğal dövründə) imkan, texnologiya və müttəfiqlərini artırarkən, Ermənistan heç nə etməyib:
“Bu, strateji düşüncə böhranı idi. Ermənistanda uzun müddət belə bir inanc vardı ki, 1990-cı illərdəki müharibə məsələni bağlayıb. Bu düşüncə qarşı tərəfin məqsəd, imkan və zaman faktorunu nəzərə almamışdı. Ermənistanda özünüaldatma xarici dayaqların səhv hesablamaları ilə daha da güclənmişdi. Rusiya qeyd-şərtsiz müdafiəçi kimi qəbul edilmişdi, halbuki heç bir böyük dövlət öz maraqlarının tələb etdiyindən artıq müdafiə təmin etmir.
44 günlük müharibə illərlə davam etmiş qeyri-bərabərliyi üzə çıxardı. Uzun müddət “qələbənin qorunması” kimi təqdim edilən şey, əslində, güc balansını saxlamaq üçün yetərli alət və imkanlar olmadan strateji donma vəziyyətinə çevrilmişdi. Məğlubiyyətdən sonra Ermənistan hətta dövlətçiliyini itirmə təhlükəsi ilə üz-üzə qaldı. Bu şok bir müddət reallığı geri qaytardı”.
Siyasətçi hesab edir ki, reallıq Ermənistanın strategiyasının başlanğıc nöqtəsi olmalıdır.
“Bu baxımdan, regionda gedən sülh prosesi ilk dəfə maksimalizmə deyil, maraqların hesabına əsaslanır. Ermənistan və Azərbaycan qarşılıqlı strateji nəticəyə gəlib və faktiki olaraq qəbul ediblər ki, müharibə hər iki tərəf üçün dalandır.
Sülhün real təməli vasitəçilər deyil, iki dövlətin siyasətlərinin dəyişməsidir. İrəvan və Bakı anladıqda ki xarici güclərin təsir rıçaqlarını azaltmağın ən etibarlı yolu münaqişənin gərginliyini azaltmaq və addımların koordinasiyasıdır, xarici müdaxilə avtomatik zəiflədi. Amma sülh imkanı realizm qədər kövrəkdir. Əgər Ermənistan yenidən maksimalist ritorikaya və əsaslandırılmamış tələblər siyasətinə qayıdarsa, qarşı tərəf qaçılmaz olaraq güc hesabına geri dönəcək. Sülhün arxitekturası tərəflərdən biri təmin edə biləcəyindən daha artığını tələb etməyə başladığı anda dağılır”.
Babacanyanın sözlərinə görə, tarix göstərib ki, siyasət real güclərin hesabına əsaslandıqda, kiçik dövlətlər mövcud ola və inkişaf edə bilir: “Bu, dövlətin mövcudluq şərtidir”.