Bazar günü magistraturaya qəbul imtahanının I cəhdi keçirildi.
AzEdu.az imtahanda iştirak edən tələbələrlə əlaqə saxlayaraq onların imtahan prosesi, sualların çətinlik səviyyəsi bağlı fikirlərini öyrənib.
Sorğu zamanı tələbələr əsasən sualların mürəkkəblik səviyyəsi, vaxtın yetərliliyi və imtahan mühitinin ümumi keyfiyyəti barədə fikirlərini bölüşüblər.
Tələbələrin təəssüratlarını təqdim edirik:
Bakı Dövlət Universitetinin (BDU) informatika müəllimlik ixtisasının 4-cü kurs tələbəsi Mirdavud Mehtiyev qeyd edib ki, suallar çətin idi:

“Suallar kifayət qədər vaxt tələb edirdi. Xüsusilə informatika fənnindən bir sual mənim üçün uzun çəkdi və fənlər arasında yalnız ingilis dili daha rahat gəldi. Məntiq fənni isə tələb olunan səviyyədə diqqət və hazırlıq tələb edirdi. Düşünürəm ki, bu sualları 3 saat ərzində cavablandırmaq o qədər də mümkün deyil.
Əhvalım esseni yazmağıma təsir etdi. İmtahandan çıxandan sonra digər tələbələr də oxşar çətinliklərlə qarşılaşdıqlarını bildirdilər. Vaxt bitdiyi üçün cavab kartımı tamamlayıb təqdim edə bilmədim və nəticədən tam əmin deyiləm. İkinci şans imtahanında iştirak edəcəyəm və ümid edirəm ki, növbəti imtahan tələbələr üçün daha əlçatan olacaq".
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin 4-cü kurs tələbəsi Vaqif Qafarzadə bildirib ki, imtahan əvvəlki illərə nisbətən çətin olub:

“İstər ingilis dili, istər məntiq, istərsə də informatika fənni üzrə cüzi çətinliklər vardı. Məntiq fənninin sınaq imtahanlarında 35-38 düzgün cavab yazırdım, amma dünənki imtahandan təxminən 32 düzgün cavabım ola bilər. Bəzi suallar vaxt aparırdı və həmin suallardan iki ədəd düşmüşdü.
İngilis dili ilə uşaqlıqdan məşğul olduğum üçün imtahanda sualları cavablandırmaq çətin olmadı. Essedən hələ nəticəm məlum deyil. İnformatika fənnində nisbətən zəif olduğum üçün bir az çətinlik çəkdim. Ümumilikdə təxminən 58 bal topladığımı düşünürəm.
İmtahan üçün ayrılan vaxt yetərli idi, lakin imtahan özü çətin idi. Nisbətən çətin suallar əvvələ qoyulmuşdu".
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı fakültəsinin 4-cu kurs tələbəsi Eşqin Şirinovun sözlərinə görə, imtahanda sualları cavablandırmağa vaxtı çatmayıb:

“Məntiq fənnində sualların çoxu riyaziyyat tipli idi. Bir sualı cavablandırmaq çox vaxt alırdı. Hətta ingilis dili fənnində əksər sualları cavablandırmağa vaxtım çatmadı. Mənim fikrimcə, ən çətin fənn ingilis dili idi. Həm mətn, həm də qaydalar mənə çətin gəldi. İmtahan verdiyim otaq çox balaca idi, cəmi 7 nəfər əyləşmişdik. Dinləmə mətnində səs çox əks-səda verdi və buna görə də heç nə başa düşə bilmədim.
Gələcəkdə magistratura təhsilimi ya Azərbaycan Memarlıq və İnşaat Universiteti, ya da Azərbaycan Texniki Universitetində davam etdirmək istərdim".
Beləliklə, tələbələrin rəyləri göstərir ki, magistraturaya qəbul imtahanının ilk cəhdi ilə bağlı fikirlər birmənalı olmayıb. Bəzi iştirakçılar sualların mürəkkəb və vaxt aparan olduğunu vurğulasa da, digərləri ayrılmış vaxtın kifayət etdiyini, lakin tapşırıqların çətinlik səviyyəsinin yüksək olduğunu qeyd ediblər.