Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Dronları təkcə havada deyil, quruda da inkişaf etdirməliyik”
Azərbaycanla Ermənistan arasındakı sülh gündəmi fonunda İrəvanın atdığı hərbi addımlar diqqət çəkir. Ermənistan tərəfi Hindistandan aldığı silahları, ABŞ-ın tədarük etdiyi kəşfiyyat dronlarını və yeni inşa olunmuş bunkerləri nümayiş etdirməklə müəyyən mesajlar verir.
“Sherg.az” xəbər verir ki, bu sözləri hərbi ekspert Səxavət Məmməd deyib. 
44 günlük müharibədən artıq 5 il keçdiyini xatırladan ekspert bu müddət ərzində müasir müharibənin xüsusiyyətlərinin tamamilə dəyişdiyini bəyan edib. Onun sözlərinə görə, Azərbaycanın 5 il əvvəl tətbiq etdiyi taktika və strategiyanı bu gün "son model" hesab etmək olmaz: “ Eyni zamanda, informasiya və psixoloji müharibə metodları da təkamül edib. Dəfələrlə qeyd etdiyim kimi, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində Rusiya-Ukrayna müharibəsini dərindən analiz etməli və nəticə çıxarmalıdır. Lakin görünən odur ki, bəziləri hələ də eyforiyadan ayılmayıb. Məsələn, Ermənistanın Hindistandan aldığı silahlarla bağlı reaksiyalara baxdım – yanaşma primitiv səviyyədədir. Bəzi iddialara görə, Hindistan cəmi 2-3 ölkəyə silah satır. Reallıq isə tam fərqlidir: Hindistan 100-dən çox ölkəyə silah ixrac edir, hərbi sənayesi isə Rusiya, ABŞ və İsraillə sıx əməkdaşlıq içindədir. Ermənistana satılan, İsrailin "Harop"una bənzər kamikadze dronlar barədə "bunu Hindistan oğurlayıb" deməklə təsəlli tapanlar var. Halbuki bu, oğurluq deyil, rəsmi texnoloji əməkdaşlığın nəticəsidir; yəni kim pulunu ödəyirsə, silahı da o alır.
Düşmənin silahlarını aşağılamaqla, onların "yararsız" olduğunu deməklə iş bitmir. Bu, ekspertiza yox, kütləyə oynamaqdır. Belə hallarda ən effektiv cavab – qarşı tərəfin silahlarına qarşı bizim arsenalımızda olan analoqları və cavab imkanlarını nümayiş etdirməkdir. ABŞ dronları ilə bağlı yazılan "heç nəyə yaramır" tipli şərhlər də eyni dərəcədə qeyri-ciddidir”.
Bunkerlər məsələsinə gəldikdə isə S. Məmməd bildirib ki, bu istehkamlar 44 günlük müharibədən sonra tikilməyə başlasa da, antiterror əməliyyatından sonra proses daha da sürətlənib:
“Bu barədə 2024-cü ildə yazmışam, TV-lərdə fikirlərimi bildirmişəm. Yəni, bunkerlər sürpriz deyil. Amma burada da yanaşma eynidir: "Müharibədə dağıtmışdıq, yenə dağıdarıq". Hətta bir yazıda "Kəlbəcərdəki, Xocavəntdəki bunkerləri dağıtmışıq" ifadəsinə rast gəldim. 44 günlük müharibədə Kəlbəcərdə döyüş olmadığını, rayonun siyasi yolla qaytarıldığını unudanlara nə demək olar?
Ermənistan hakimiyyəti bu nümayişlərlə iki məqsəd güdür. Birincisi daxili auditoriyaya ordunun bərpa olunduğu mesajı verilir. Paşinyanın ordu günü ilə bağlı müraciətində maaş və təminat məsələlərini qabartması da buna xidmət edir. Tarix göstərir ki, məğlub tərəflər revanş üçün daha sürətli inkişaf yolu seçir.
Digər isə Azərbaycana mesajdır. Təsadüfi deyil ki, bu bunkerlər məhz bizim istiqamətdə qurulur. Mesaj aydındır: "Bu gün sülh danışsaq da, sabah niyyətiniz dəyişsə, hazır olacağıq".
Azərbaycan tərəfi isə təkcə Ermənistanın aldığı silahların alternativlərini almaqla kifayətlənmir, həm də müdafiə qabiliyyətini daha geniş spektrdə artırır. Hesab edirəm ki, biz dron texnologiyasını təkcə havada deyil, quruda da inkişaf etdirməliyik. Bunkerlərin zərərsizləşdirilməsi üçün yerüstü dronlar (robot-texnika) gələcəyin əsas tələbidir.
Bəziləri bizim də bunkerləşməyə keçməyimizi təklif edir. Razı deyiləm. Bizim mövqelərimiz müdafiədən çox, hücum xarakterlidir. Bu 44 günlük müharibədən əvvəl də belə idi, indi də. Region hələ də müharibə riskindən sığortalanmayıb. Bu səbəbdən həm hərbi, həm də informasiya sahəsində ciddi islahatlar şərtdir. Təbliğatçılıq (propaganda) real nəticə vermir. Proseslər onu göstərir ki, orduda da kadrlarla bağlı müəyyən islahatlar həyata keçiriləcək. Hətta İran ABŞ gərginliyi olmasaydı, bu islahatların həyata keçdiyini indiyənə qədər görmüşdük. Müasir müharibə müasir yanaşma və kadr potensialı tələb edir”.
Ekspert qeyd edib ki, Ermənistan nə qədər silahlansa da, güc balansı hələ də dəyişməyib, Azərbaycanın xeyrinədir, ancaq bu, arxayınlıq yaratmamalıdır:
“Müharibədən sonra proqnoz edilirdi ki, Ermənistanın ən azı 2020-ci ilin 26 sentiyabr həddinə çatması üçün uzun illər və milyardlar lazım olacaq. Hazırkı proseslər onu göstərir ki, Ermənistan proqnozlaşdırılan illəri xeyli qabağa çəkə bilib. Yəni, dünənin igidi əsgər idisə, bu günün, sabahın "igidi" süni intellekt, "humanoid" olacaq. Düşünürəm ki, xüsusilə peşəkar kadrların qorunması və hərbi islahatların dərinləşməsi dövlətin prioritetinə çevrilməlidir”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.