AZ

Siyasi şərhçi: Azərbaycan-Serbiya münasibətləri strateji və uzunmüddətli əməkdaşlıq mərhələsinə daxil olur

Bakı,16 fevral, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Aleksandr Vuçiçin mətbuata birgə bəyanatlarında səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini aydın şəkildə nümayiş etdirir.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar deyib.

Onun sözlərinə görə, rəsmi Bakı və Belqrad artıq münasibətləri yalnız ənənəvi ticarət və diplomatik əlaqələr çərçivəsində deyil, daha geniş, strateji və uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirmək niyyətindədir. Bu modelin iqtisadiyyat, enerji və texnologiya kimi əsas istiqamətləri əhatə etməsi tərəflərin gələcəyə hesablanmış yanaşmasından xəbər verir.

Ülviyyə Zülfiqar qeyd edib ki, investisiya forumlarının təşkili təşəbbüsü və EXPO 2027 çərçivəsində qarşılıqlı iştirak məsələsi iqtisadi münasibətlərin institusional əsasda dərinləşdirilməsinə xidmət edir. EXPO 2027-nin Belqradda keçirilməsi fonunda Azərbaycanın fəal iştirakı ölkəmizin Cənub-Şərqi Avropada iqtisadi mövqelərini daha da gücləndirəcək və Azərbaycan biznesi üçün yeni imkanlar açacaq.

“Enerji sahəsində əməkdaşlıq Azərbaycan–Serbiya münasibətlərinin əsas strateji dayaqlarından biri kimi çıxış edir. Azərbaycanın zəngin enerji təcrübəsi və ixrac potensialı Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu kontekstdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu nəzərə alındıqda, Serbiya ilə əməkdaşlıq Cənub Qaz Dəhlizi xəttinin strateji əhəmiyyətini daha da genişləndirə bilər”, - deyə siyasi şərhçi qeyd edib.

O vurğulayıb ki, birgə bəyanatlarda süni intellekt, məlumat mərkəzləri və gələcəyin enerji infrastrukturu kimi sahələrin xüsusi vurğulanması münasibətlərin artıq təkcə enerji və ticarət çərçivəsi ilə məhdudlaşmadığını göstərir. Rəqəmsal transformasiya və innovativ texnologiyalar üzərində qurulan əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatının dayanıqlığını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır. Ü

Ülviyyə Zülfiqar hesab edir ki, Azərbaycanın son illərdə rəqəmsal hökumət, “ağıllı şəhər” və yaşıl enerji sahələrində qazandığı təcrübə Serbiya üçün də maraqlı və praktik model ola bilər. Azərbaycan-Serbiya tərəfdaşlığı regional əməkdaşlıq formatlarına da yeni dinamika gətirir. Balkan ölkələri ilə Cənubi Qafqaz arasında iqtisadi və enerji bağlantılarının güclənməsi Avropanın şərq və cənub-şərq istiqamətlərində alternativ enerji və logistika marşrutlarının formalaşmasına şərait yaradar ki, bu da mövcud qlobal geosiyasi şəraitdə xüsusi aktuallıq kəsb edir.

Sonda siyasi şərhçi vurğulayıb ki, dövlət başçılarının birgə bəyanatlarında səsləndirilən təşəbbüslər Azərbaycan-Serbiya münasibətlərini daha geniş və kompleks strateji modelə istiqamətləndirir. Bu model isə enerji təhlükəsizliyi, investisiya əməkdaşlığı və rəqəmsal transformasiya kimi əsas elementləri birləşdirərək iki ölkə arasında tərəfdaşlığın uzunmüddətli və dayanıqlı əsaslar üzərində qurulduğunu göstərir.

Seçilən
88
1
azertag.az

2Mənbələr