AZ

“Vətəndaş cəmiyyətləri arasında dialoq zəruridir” Novella Cəfəroğlu

ain.az bildirir, 525.az portalına istinadən.

Fevralın 13-14-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Tədbirin yekunlarına dair mətbuat açıqlamasında qeyd edilib ki, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitdə təsdiqlənən sülh gündəliyindən irəli gələn məsələləri ətraflı şəkildə nəzərdən keçiriblər. Ayrı-ayrı sessiyalarda formalaşmaqda olan regional təhlükəsizlik arxitekturası, sülhün yaratdığı imkanlar, iki cəmiyyət arasında münasibətlərin inkişafına ictimai baxış, iqtisadi əməkdaşlıq perspektivləri, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolu müzakirə mövzusu olub. İnklüziv və davamlı dialoq platformasına sadiqlik bir daha təsdiqlənib.

Ayrı bir sessiya dialoq iştirakçıları arasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimai kommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqə mexanizmlərinə həsr edilib. Etimadın möhkəmləndirilməsi, ictimai diplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyən praktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib.

İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini və cəmiyyətlərarası münasibətlərin qurulmasının mümkün sosial-iqtisadi faydalarını nəzərdən keçiriblər. Hər iki cəmiyyətdə ictimai gözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələr verməsinin yolları müzakirə olunub.

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəli rəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan ilə görüşlər keçiriblər.

İştirakçılar bir daha təsdiq ediblər ki, “Sülh Körpüsü” formatında müntəzəm əməkdaşlıq qarşılıqlı etimadın gücləndirilməsinə, peşəkar əməkdaşlığın genişlənməsinə və Azərbaycan-Ermənistan münasibətlərinin mərhələli normallaşmasına əhəmiyyətli töhfə verə bilər.

D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu mövzu ilə bağlı 525.az-a bildirib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsinə çox müsbət yanaşır. Çünki vətəndaş cəmiyyəti insanlarla danışıb, cəmiyyətlərin sülhə hazırlanmasında öz töhfəsini verməlidir.

“İstəsək də, istəməsək də, bu proses aparılmalıdır. Vətəndaş cəmiyyətləri arasında dialoq zəruridir. Məsələn, bunun nəticəsində Qərbi azərbaycanlılar öz yaxınlarının məzarlarını ziyarət edib, öz doğma yurdlarını görə bilərlər.

Biz qonşuyuq və bu faktı dəyişmək mümkün deyil. Rusiya da qonşumuzdur, tarix boyu onlar da başımıza çox müsibətlər gətiriblər. Yaxud faşistlərin yəhudilərin başına gətirdiklərinə baxaq. İndi yəhudilər gedib Almaniyada qalırlar. Bunların hamısı gözümüzün qarşısında baş verir”, - hüquq müdafiəçisi deyib.

O əlavə edib ki, biz dostluq yox, qonşuluq etməliyik: “Əgər normal qonşuluq olarsa, Qafqazda sülh, təhlükəsizlik bərqərar edilər, bir daha müharibə olmaz. Bütün bunlar nəzərə alınaraq, bu cür görüşlərin məqsədi cəmiyyətlər arasında etimad mühitinin formalaşmasına, sülh prosesinə töhfə verir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
104
525.az

1Mənbələr