AZ

Donmuş ürəklərin sevgi günü

ain.az, Bizimyol saytına istinadən bildirir.

İki gün əvvəl 14 fevral idi; bəşəriyyət qlobal sevgi bayramı yaşadı. Söhbət "Müqəddəs Valentin günü" adını almış romantik tarixdən gedir.

Buna "Sevgililər günü" də deyilib, çünki keşiş Valentin bir-birinə aşiq olan cütlükləri gizlicə evləndirirdi.

Yox, bu, bəzi müsəlman ölkələrində çox yayğın olan "siğə" kimi bir şey deyildi. Həqiqi aşiqlər həqiqətən evləndirilirdi. Tarix: Miladdan sonra III əsr. Roma İmperatoru II Klavdinin hakimiyyət illəri idi. İmperator cavan, sağlam kişilərin evlənməsini yasaqlmışdı; hesab edirdi ki, subay kişilər daha yaxşı əsgər olur. Halbuki İmperiyaya yeni əsgər də lazım idi, bunun üçün aşiq gənclər evlənməli idi.

Bax, belə bir dilemma. Bu dilemmanın bir sualına özü bildiyi kimi, imperator Klavdi cavab tapmışdı: orduya yaxşı əsgər lazımdır, ona görə cavanlar evlənməsin, orduya daxil olsun deyə. Dilemmanın ikici "məchul"unu isə keşiş Valentin məluma çevrirmişdi: orduya gələcəkdə də yeni əsgərlə lazım olacaq. Bunun üçün dş cavanlar ailə qurmalıdır. Yeni oğlan körpələr doğulmasa, əsgərliyi kim edəcək?

Beləliklə, Valentin günü istər- istər-istəməz, ordu ilə, müharibə ilə sıx bağlı tarixi olaydır. Bəlkə də Valentin potensial əsgərləri (indiki dillə desək, çağırışçıları hərbi xidmətdən yayındırmaq üçün özünə rahat qazanc qaynağı, belə deyək, gizli evləndirmə "biznesi" açmışdı. Ola bilməzmi?!

Hər halda tarixdəki bu gün ordu ilə, əsgərlə, müharibə ilə bağlı idi. Axı II Klavdi durmadan - fasilə vermədən, pauza götürmədən müharibə edirdi. Ona əsgər lazım idi, vuruşsun, ölsün, öldürsün. Burda Salam Sarvanın "Qocalar üçün tarix dərsi" yada düşür:

"Savaşların mənası: bu qəsbkar vətənlər

öz oğlun basdırmağa özgə torpağın tutar" .

Amma bizim əsgər özgə torpağını tutmağa deyil, öz torpağını ya işğalda qorumağa, ya da işğaldan qurtarmağa and içmişdi. Bu, müqəddəs savaşdı: ona görə bu gün qazanılan qələbə ikiqat, bəlkə ən azı daha bir neçə qat!

Ancaq 1994-cü ilin 14 fevralı sevgi yaşında olan - ya sevib, qovuşmuş, ya da hələ qovuşmaq nədir, sevməyə belə macal tapmamış Azərbaycan əsgərinin faciə tarixidir. O zaman hələ ÖZ müharibəmizin yeniyetmə yaşı - məğlubiyyət fazası idi.

Məhz bu tarix - 14 fevral Azərbaycan ordusunun öz "Sarıqamış" faciəsi ilə bağlıdır. Müharibənin oğlan, qışın isə qəzəbli ahıl kişi Murov kimi dondurucu soyuğun zirvəsinə qoşun göndərmək hansı qısır hərbi ağlın, ya da hansı insaf çatışmazlığı sindromunun nəticəsi idi, buna oxucu qərar versin.

Həmin tarixlərdə - fevralın 14-dən başlayaraq fevralı 20-ə qədər 1500-dən çox əsgərimizi itirdik. Özü də qandonduran şaxtalarla qeyri-bərabər döyüşdə! Fevralın ortasında Murova qoşun göndərərlər?! Bunun üçün kim olmaq lazımdır, özünüz bilirsiniz. Əsgər və zabitlərimizin çoxu orda - Murovun yamaclarında, dağ dolaylarında yorulub-qırılıb yolda qaldılar: ya qar uçqunlarının altında, ya da donaraq can verdilər. Vətənini sevən 1500 ürək o gün və sonrakı günlərdə damarlara qan göndərə bilmədi, çünki qan damarlarda qan saniyələr içində donurdu. Ürəklər partlayır, şüurlar sönür, bədənlər donurdu.

Vaxtında məlumatlar yayılmadı, yoxsa qəfil xəbərdən ölkə özü bütövlükdə donub qalardı...

Bəli, biz iki gün əvvəl hamılıqla sevgi bayramı yaşadıq. Həm də sanki yasaq sevgilərin bayramını. Ancaq Vətən sevgisinin matəmini elliklə tuta bilmədik. Biz suda deyil,quruda yaşasaq da, öz tariximizə yanaşmamış balıq yaddaşı kimidir. Tək-tək insanlar çox zaman özünə olan fərdi pisliyi unutmur, 50 ildən sonra da xatırlayır, bədxahına kin güdür. Ancaq millətə olan pisliyi 50 dəqiqənin içində unuduruq, gedir.

Bəs bu haqda elə fevralın 14-də xatırlamaq, yazmaq olmazdımı?!

Əlbəttə, olardı. Sadəcə, həmin gün Sevgililər dopomin, oksitosin hormonlarının bolluğundan romantik eyforiyaya qapılıb, qanadlanmışdılar, ertəsi gün isə "hədiyyə qıtlığı"ndan kortizol "partlayışı"ı yaşayanlar apatiyaya düşmüşdülər. Ona görə də "mənəvi mədələr" belə bir ağır-ağrılı mətni həzm etməyə hazır deyildilər.

Biz tez-tez, yox-yox, hərdənbir Tərtər faciəsindən yazırıq, danışırıq. Səsimiz yüksək divarlara dəyib, əks-səda vermədən belə, üstümüzə qayıtsa da, az-çox vicdanı olan hər kəs bu fəlakəti yada salır; nəsə yazır-pozur, nəsə deyir. Ancaq Murov fəlakətindən kimsə söz açmır. Tək-tək adamlar bu müsibəti xatırlayır. Bəlkə unuda bilməyən çoxdur, amma xatirəsini, ya da fikrini yazan azdır.

Sevgi gününüzü kölgələmək istəmirəm (onsuz da, istəsəm də, bunu edə bilmərəm - üstündən, gör, nə qədər vaxt keçib. Həm də, bu, sadəcə, duyğu olayı, romantika məsələsi deyil, artıq qlobal bazarlama strategiyasının bir elementidir. Bunu da hamı bilir, xırdalıqlarına varmıram. Bəlkə budəfəki fevralın 14-də də xeyli ürək isindi, xeyli ürəklər bir-birinə isinişdi. Ancaq 32 il bundan qabaq Murovda donmuş ürəklərə bu hərarətdən pay düşdümü?! Axı o gün o dağlarda son nəfəsini verənlər sevib-sevilən yaşdaydılar. Sözümün canı: hər il fevralın 14-də öz sevdiyi qadına hədiyyə alan hər kişi, o hədiyyəyə sevinən hər qadın bir saniyəsini ayırsa və o dağlarda donmuş sevgi dolu ürəkləri də xatırlasa, yaxşı olmazmı?! Axı o əsgər və zabitlər bizə öz həyatlarını hədiyyə ediblər!

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
93
bizimyol.info

1Mənbələr