AZ

Qazi itə görə qonşusunu bıçaqladı TƏFƏRRÜAT

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəlilabad rayonunda 2000-ci il təvəllüdlü Mahir qonşusu Dadaşa (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, Mahir 2023-cü ilin fevralın 18-də, saat 20 radələrində özünə məxsus olan iti yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsinə çıxarıb və orada quraşdırılmış boruya bağlamaqla özü siqaret almaq üçün yaxınlıqda yerləşən mağazaya gedib. Mağazadan qayıtdıqda itin ipini kiminsə açdığını və itin ətrafda olan şəxslərə hücum etdiyini görüb. O, iti açmış naməlum şəxsin ünvanına ucadan nalayiq sözlərlə söyüb. Az sonra həmin küçədə yaşayan Dadaş ona yaxınlaşaraq hansı səbəbdən ucadan söyüş söydüyünü soruşub.Bu zaman Mahir Dadaşa iti bağlayaraq getdiyini və kiminsə iti açdığını, itin orada olan şəxslərə hücum etdiyini, bu səbəbdən də iti açan şəxsə acıqlanaraq söydüyünü deyib. Dadaş həyətdə ailə üzvlərinin olduğunu, onun söyüşünü eşitdiklərini deyib, ona öz iradını bildirib.Mahir isə Dadaşın iradını qəbul edərək səhv etdiyini deyib və ondan üzr istəyib. Lakin Dadaş mübahisə edərək bir neçə ay əvvəl valideynləri arasında olan söz-söhbətə bütün məhəllənin şahid olduğunu bildirməklə ona tərbiyəli olmasını deyib, yenidən irad bildirib. Bu zaman hadisə yerində olan qonşuları Elçin və Vüsal qardaşları onları ayırıblar. Bundan sonra Dadaş öz evinə tərəf gedib. Mahir isə yaxınlıqda yerləşən Vüsalgilin ataları Səmədə məxsus fermaya gedib. Lakin Dadaş Mahirlə başladığı mübahisənin bu şəkildə bitməsi ilə kifayətlənməyərək mübahisəni davam etdirmək məqsədi ilə təxminən 30 dəqiqə sonra tanışı ilə birlikdə fermaya gəlib və Mahiri yanına çağırıb. Bu zaman onların arasında mübahisə böyüyüb. Mahir özündə olan cib bıçağı ilə Dadaşın qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurub. 

Mahir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, atası və anası ilə birlikdə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən evlərində yaşayırlar: “2020-ci ilin mart ayından 2022-ci ilin may ayınadək hərbi xidmətdə olmuşam. Vətən müharibəsinin iştirakçısıyam. Cəlilabad rayon sakini Dadaşı üç il olar ki, tanıyıram, onunla münasibətlərim yaxşı olub. Təxminən hadisədən on ay əvvəl mağazadan cib bıçağı almışam. Həmin bıçağı öz işlərim ilə əlaqədar olaraq üzərimdə saxlamışam. Yaşadığım evdə it saxlamışam və iti arada küçəyə buraxmışam”.Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü ilin fevralın 18-də, saat 20 radələrində iti küçəyə çıxarıb və orada quraşdırılmış boruya bağlayıb: “Özüm isə siqaret almaq üçün mağazaya getdim. Qayıdan zaman itin ipini kiminsə açdığını və itin ətrafda olan şəxslərə hücum etdiyi gördüm. Həmin vaxt məhəllədə qonuşlarım Elçin və Vüsal dayanmışdılar. İtin ipini açan şəxsə əsəbiləşdim, iti açan naməlum şəxsin ünvanına ucadan söydüm. Az sonra qonşuluqda olan Dadaş evindən çıxaraq yanıma gəldi. Salamlaşdıqdan sonra məndən hansı səbəbdən ucadan söyüş söydüyümü soruşdu. Ona iti bağlayıb getdiyimi və kiminsə iti açdığını, itin orada olan şəxslərə hücum etdiyini, bu səbəbdən də iti açan şəxsə acıqlandığımı bildirdim. Dadaş həyətdə ailə üzvlərinin olduğunu, söyüşü eşitdiklərini bildirdi. Mən isə səhv etdiyimi dedim, etdiyim hərəkətə görə ondan üzr istədim. Lakin Dadaş aqressiv danışmağa başladı, bir neçə ay əvvəl valideynlərim arasında olan söz-söhbətə bütün məhəllənin şahid olduğunu bildirməklə mənə tərbiyəli olmağımı dedi. Elçin və Vüsal bizə müdaxilə edərək ayırdılar. Dadaş evinə tərəf getdi. Mən isə qonşuluqda yerləşən Elçin və Vüsalın atasının fermasının həyətinə getdim”. 

Mahir qeyd edib ki, təxminən 30 dəqiqə sonra bir nəfər adını bilmədiyi azyaşlı uşaq fermanın həyətinə girib və onu iki nəfər şəxsin çağırdığını deyib: “Mən həmin şəxsin Dadaş olduğunu güman etdim. Fermanın darvazasından çölə çıxan zaman Dadaşın tanışı İlkin ilə birlikdə dayandığını gördüm. Onlar məni yanlarına çağırdilar. Həmin şəxslərə yaxınlaşdıqdan sonra birlikdə küçənin başına tərəf hərəkət etməyə başladıq. Yolda olan zaman İlkin bizim aramızda yaranan mübahisəni həll etmək lazım olduğunu bildirdi. İlkinə etdiyim hərəkətə görə Dadaşdan üzr istədiyimi bildirdim. İlkin Dadaşa tərəf dönərək narazılığının olub-olmadığını soruşdu. Dadaş isə cavabında isə dedi ki, əgər xoşuna gəlirsə, get evinə orada anana və var-yoxuna həmin söyüşləri söy. Sonra sinəmdən əli ilə itələyək çənə nahiyəmdən yumruqla zərbə endirdi. Dadaşın söydüyü söyüşləri qəbul edə bilmədim. Əynimdə olan şalvarın sağ yan cibimdən çıxardığım bıçaqla onun qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurdum. Bundan sonra Dadaş yaxamı buraxdı və qışqıraraq “vurdu məni” -deyərək uzaqlaşdı. Mən evimə tərəf geri qayıtdım. Həmin vaxt Elçin və Vüsalın hadisə yerinə tərəf qaçaraq gəldiyini gördüm. İlkin isə taksi çağıraraq Dadaşı Cəlilabad rayon mərkəzi xəstəxanasına apardı. Mən isə yaşadığım evə tərəf getdim. Darvazanın yanında dayanaraq polis əməkdaşlarının gəlməsini gözlədim”. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mahirin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsindən həmin məcəlləsinin  126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. O, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib və 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi üzrə bəraət verilib. Hökmdən narazı təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, cəzasının şərti hesab edilməsini istəyib. 

Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
demokrat.az

1Mənbələr