AZ

Ramazan ayı gəlir - Bu ayın hansı fəzilətləri var? - İlahiyyatçıdan açıqlama

Artıq Ramazan ayına sayılı günlər qalıb. Bu ayı İslam dünyasında böyük önəm daşıyan müqəddəs bir aydır. Bu ayda müsəlmanlar oruc tutaraq özlərini həm fiziki, həm də mənəvi cəhətdən təmizləməyə çalışırlar. Ramazan həm də paylaşmaq, yardımlaşmaq və birlik ruhunu gücləndirmək üçün bir fürsət sayılır. İnsanlar bu dövrdə həm ibadətə, həm də yaxınları ilə daha çox ünsiyyətə önəm verirlər.

Mövzu ilə bağlı Missiya.Az-a danışan ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, Ramazan ayı Allahın bizə bəxş elədiyi ən mübarək aylardan biridir:

"Bu ay Qurani Kərimin nazil olunduğu aydır. Bu ayı hər il bizə sadəcə təqvimdə dəyişən bir zaman kəsiyi kimi deyil, ruhun yenilənməsi üçün verilmiş ilahi fürsət kimi dəyərləndirməliyik. Qurani Kərimdə buyurulur ki, Ey iman gətirənlər, oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də vacib edildi ki, təqvalı olasınız. Bu ayə açıq şəkildə göstərir ki, orucun əsas məqsədi aclıq deyil, təqvadır. Təqva isə insanın daxilində Allahın hüzurunu hiss etməsi, harama qarşı daha həssas, haqqa qarşı daha açıq olmasıdır. Sanki, bu ay bizə özümüzü düzəltmək üçün verilən fürsətdir. Böyük alimlər, Ramazana qədər Allaha dua edib Ramazan ayına qovuşmağı arzu edirdilər ki, bu ayın gözəlliklərini yaşayıb mənəvi yüksəliş əldə edə bilsinlər",- o qeyd edib.

Ramazan ayı qeyd etdiyimiz kimi, Qurani Kərimin nazil olduğu aydır. Bəqərə surəsində buyurulur ki, Ramazan ayı insanlara doğru yolu göstərən, hidayət və haqq ilə batili ayıran Quranın nazil olduğu aydır. Deməli bu ayın ən böyük fəziləti onun vəhy ayı olmasıdır. Ramazan Quranla yenidən tanış olmaq, onu sadəcə oxumaq deyil, anlamaq və yaşamaq ayıdır. Peyğəmbərimiz buyurub ki, kim imanla və savabını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar. Bu hədis göstərir ki, oruc sadəcə fiziki ibadət deyil, niyyətlə bağlı bir ibadətdir. İman və ixlas əsasdır. Digər bir hədisdə isə Allah buyurur ki, oruc Mənim üçündür və onun mükafatını Mən Özüm verəcəyəm. Alimlər bu hədisi şərh edərkən deyiblər ki, digər ibadətlərin savabı məlum ölçüdədir, lakin orucun savabı ölçüsüzdür. Çünki oruc gizli ibadətdir. İnsan tək qalanda belə yemir, içmir. Bu, səmimiyyətin ən açıq göstəricisidir",- Əkrəm Həsənov vurğulayıb.

İlahiyyatçı qeyd edib ki, Ramazan ayı mərhəmət ayıdır:

"Peyğəmbərimiz Ramazanın əvvəlinin rəhmət, ortasının məğfirət, sonunun isə cəhənnəmdən nicat olduğunu xəbər verib. Bu ayda edilən yaxşılıqların savabı qat qat artır. Fərz ibadətlərin savabı yetmiş qat artırılır, nafilə ibadətlər fərz savabı qədər yazılır deyə alimlər rəvayətlərə əsaslanaraq qeyd ediblər.

Oruc tutan insan yalnız savab qazanmır, həm də nəfsinə hakim olmağı öyrənir. Peyğəmbərimiz buyurur ki, oruc qalxandır. Yəni insanı günahdan qoruyan bir sipərdir. Oruclu insan boş və nalayiq söz danışmamalıdır. Əgər biri ona sataşarsa desin ki, mən orucluyam. Bu tərbiyə məktəbidir. Ramazan insanı əsəbdən, hirsdən, qeybətdən uzaqlaşdırmalıdır. Əks halda sadəcə aclıq qalır.

Alimlər qeyd ediblər ki, oruc insanın qəlbini yumşaldır. İmam Qəzzali yazır ki, toxluq qəlbi sərtləşdirir, aclıq isə onu ayıldır. Ramazan insanın daxilindəki qəfləti azaldır. İnsan aclıq hiss etdikcə ehtiyacı olanların halını daha yaxşı anlayır. Bu ay sosial ədalət hissini gücləndirir. Zəkat və fitrə kimi ibadətlərin Ramazanda xüsusi yer tutması da təsadüfi deyil".

Əkrəm Həsənov vurğulayıb ki, müasir dövrdə bəzən oruc yalnız sağlamlıq prizmasından izah olunur:

"Halbuki orucun əsas mahiyyəti mənəvidir. Sağlamlıq faydası ola bilər, lakin məqsəd ruhun saflaşmasıdır. Oruc insanı özünə qaytarır. Gün ərzində halal olan nemətlərdən uzaq qalmaq, haramdan uzaq qalmağı daha da asanlaşdırır. Ramazan həm də dua ayıdır. Quranda oruc ayələri ilə yanaşı dua ayəsinin gəlməsi diqqətəlayiqdir. Mənə dua edin, Mən də sizə cavab verim buyurulur. Bu ayda edilən duaların qəbul olunacağına dair çoxlu hədislər var. Xüsusilə iftar vaxtı edilən dua geri qaytarılmaz. Bunu bilmək vacibdir ki, Ramazan ayı sadəcə bir ibadət ayı deyil, insanın özünü yenidən qurduğu bir məktəbdir. Oruc tutan insan bağışlanma ümidini, savab qazancını, qəlb rahatlığını və mənəvi diriliyi əldə edir. Əsas məsələ bu ayı sadəcə ac qalmaqla deyil, şüurlu şəkildə yaşamaqdır. Ramazan gəlir və gedir. Amma əgər insan bu ayın ruhunu qəlbində saxlaya bilirsə, onda Ramazan bitmir, davam edir",- ilahiyyatçı əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
69
missiya.az

1Mənbələr