AZ

Deputatın təklifinə reaksiya: “Vətəndaş və dövlət arasında etibar...”

Azərbaycanda daşınmaz əmlakla bağlı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi prosedurunu tənzimləyən yeni qanun layihəsinin hazırlanması təklif olunur.

Bu təkliflə deputat Nurlan Həsənov Milli Məclisin plenar iclasında çıxış edib.Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət və ictimai ehtiyaclar üçün əldə edilməsi, həmçinin bu barədə qərar qəbul etmək səlahiyyətinə malik orqanların fəaliyyəti, kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsi proseduru, forması və meyarları kompleks şəkildə yeni qanunla müəyyənləşdirilməlidir. Deputat hesab edir ki, belə bir sənədin qəbulu ölkə üçün faydalı olar.

O bildirib ki, Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2020-ci il tarixli qərarında qaldırılan məsələlərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Milli Məclisə müvafiq tövsiyələr verilib:

"Beynəlxalq təcrübənin təhlili də göstərir ki, əksər ölkələrdə mülkiyyətdə olan əmlakın dövlət və ictimai ehtiyaclar üçün alınması qaydaları ayrıca normativ-hüquqi aktlarla tənzimlənir".

N. Həsənov əlavə edib ki, Şəhərsalma və Tikinti Məcəlləsi normalarına uyğun olaraq, dövlət ehtiyacları ilə bağlı olmayan məqsədlər üçün tikinti işlərinin aparılması qaydalarının da təkmilləşdirilməsinə ehtiyac var: 

"O cümlədən, belə tikinti fəaliyyətinin mülkiyyətçilərin iradəsinə zidd şəkildə həyata keçirilməsi şərtləri daha dəqiq müəyyənləşdirilməlidir".

Bəs Azərbaycanda daşınmaz əmlakla bağlı kompensasiyanın qabaqcadan və ədalətli ödənilməsini tənzimləyən ayrıca qanun layihəsinin hazırlanması təklifinə hansı problemlər və ya boşluqlar zərurət yaradıb?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, deputat bizim illərdir qaldırdığımız məsələni Milli Məclis iclasında səsləndirib:

“Biz, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti olaraq, bununla bağlı müvafiq normativ aktlar qəbul olunmalı, konkret şərtlər müəyyən edilməlidir ki, vətəndaşlardan dövlət mənafeyi üçün, dövlət ehtiyacları üçün onların mülkiyyətində olan əmlakın alınması hansı prosedur qaydalarla tənzimlənməlidir, həmin ərazi necə qiymətləndirilməlidir və ümumiyyətlə kompensasiya veriləndə hansı şərtlərə əməl olunmalıdır.

Yəni məsələlər dəqiqliyi ilə müvafiq sənəddə qeyd olunmalıdır ki, sökülən obyektin hesablanmasında tikinti altı sahə nəzərə alınmalıdır, yoxsa daxili sahə müəyyən edilməlidir. 

Bundan əlavə müəyyən olunmalıdır ki, kompensasiya məbləği necə hesablanmalıdır. Adətən kompensasiya məbləği sökülən binanın bazar dəyəri kimi müəyyən olunur, amma məlumdur ki, həmin binalar  qəzalı və ya köhnə binalar bazarda yüksək dəyərə malik olmur.

Ona görə də verilən məbləğlər vətəndaşlara imkan yaratmır ki, məhz binanın söküldüyü yerə yaxın yeni mənzil əldə etsinlər”.

Onun sözlərinə görə, yeni mənzillər çox bahadır, hazırda daşınmaz əmlakın qiymətindəki artım da bunu göstərir: 

“Düşünürəm ki, yeni normativ sənədlərdə bu da müəyyən olunmalıdır ki, kompensasiya məbləği hansı qaydalar və metodologiyaya uyğun şəkildə hesablanmalıdır. Həmçinin, kiçik sahəli evlərin söküntüsü zamanı onlara verilən kompensasiya məbləği o qədər aşağı olmamalıdır ki, vətəndaşlar yalnız şəhərin mərkəzindən 20-30 km kənarda mənzil ala bilsinlər. Bu da insanların illərlə alışdıqları ərazilərdən uzaqlaşması deməkdir.

Ona görə belə hallar baş verməsin deyə, kiçik sahəli evlərin kompensasiyası sahə və otaq sayı hesabına müəyyən olunmalıdır ki, həmin şəxslər özlərinə yeni mənzil əldə edə bilsinlər. Mexanizmin işləməsi çox sadədir, burada mürəkkəb heç nə yoxdur.

Sadəcə hazırlanmasında ayıqlıq olmalıdır ki, müvafiq sahə üzrə ixtisaslaşmış qurumlar, məsələn, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Palatası cəlb olunsun”.

Ekspert qeyd edib ki, qiymətlərin müəyyən edilməsində hər hansı bir dövlət qurumu və ya dövlət qurumunun yeni binanın inşasını həvalə etdiyi investor kompensasiya məbləğini müəyyən etməməlidir:

“Çünki bu tərəfli və subyektiv mövqe ortaya qoymuş ola bilər. Ənənəvi olaraq Azərbaycanda Konstitusiyada qeyd olunub ki, insanın mülkiyyət hüququ toxunulmazdır və bu qanunla qorunur.

Düşünürəm ki, mülkiyyət hüququnun əvəzi olaraq kompensasiya ədalətli, bazar dəyərini özündə əks etdirməli və vətəndaşa mülkiyyətindən imtina etdiyi ərazilərdə yeni mənzil əldə etməyə kifayət etməlidir.

Belə olduqda təbii ki, vətəndaş və dövlət arasında etibar və etimad daha da artar və məcburiyyət xarakteri yox, məmnuniyyət xarakteri daşıyar”.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr