Niger Fransadan müsadirə edilmiş “sarı keks” ehtiyatını satmaq istəyir, lakin alıcı tapmaqda çətinlik çəkir...
Müəlliflər: Ceykob Cuda və Aditi Bxandari
Financial Times nəşri
Noyabr ayından etibarən 1 000 ton uran daşıyan karvan Nigerin ucqar şimal bölgələrindən çıxaraq son məntəqəsi hələ də təhlükəli şəkildə qeyri-müəyyən qalan istiqamətə doğru hərəkətə başlayıb.
Nigeri idarə edən hərbi xunta üçün Arlitdəki mədənlərdən uranın çıxarılması ölkənin müstəmləkə keçmişi ilə qəti şəkildə vidalaşma addımı idi. Lakin Fransa və onun dövlətə məxsus nüvə şirkəti Orano üçün bu, milyonlarla dollar dəyərində aktivlərin mümkün ələ keçirilməsinin başlanğıcı kimi göründü.
Hazırda beynəlxalq bazarlara çıxarılan, lakin hələ də satılmayan uran başqa bir təhlükə ilə üz-üzədir: o, paytaxt Niameydə yerləşən və bu yaxınlarda İslam Dövləti silahlılarının hücumuna məruz qalmış həssas aviabazada saxlanılır.
Uranın qeyri-müəyyən taleyi təkcə bu kasıb səhra ölkəsində zəifləyən və təzyiq altında olan xuntanın durumuna deyil, həm də Parisin onilliklər ərzində istismar etdiyi mədənlərdən çıxarılan uran üzərində nəzarəti qorumaq səylərinə işıq salır.
Ordusu İD ilə mübarizədə getdikcə daha çox mövqe itirən Niger, ölkədə kiçik hərbi kontingenti olan Rusiya da daxil olmaqla bir sıra dövlətlərlə satış danışıqlarına başlayıb. Uran ehtiyatının dəyəri təxminən 240 milyon dollar qiymətləndirilir.
Nigerin dağ-mədən naziri polkovnik Usman Abaraci bildirib ki, ölkə ehtiyatı “istənilən şəxsə sata bilər”, lakin yalnız məsuliyyətli hesab etdiyi alıcılara üstünlük verəcək. “Ruslarla danışıqlar aparırıq. Çinlilərlə danışırıq. Amerikalılarla danışırıq”, deyə o qeyd edib.
Niger “sarı keks” kimi tanınan, atom elektrik stansiyalarında yanacaq istehsalı üçün istifadə edilən emal olunmuş uran konsentratı ixrac edir. Bu məhsul əlavə zənginləşdirmə yolu ilə hərbi proqramlarda da istifadə oluna bilər. 2023-cü ildəki hərbi çevrilişdən əvvəl Niger Avropa elektrik stansiyaları üçün təbii uranın təxminən dörddəbirini təmin edirdi.
Bəzi ekspertlər hesab edirlər ki, Niger xuntası müsadirə edilmiş ehtiyat üçün alıcı tapmaqda çətinlik çəkəcək. İyunda aktivləri milliləşdirildikdən sonra faktiki olaraq ölkədən sıxışdırılıb çıxarılan Orano mümkün satışın qarşısını almaq üçün hüquqi prosedurlara başlayıb.
Mali şəhərində fəaliyyət göstərən Konrad Adenauer Fondundan ekspert Ulf Lessinq bildirib ki, istənilən adi alıcı dərhal Fransanın iddiaları ilə üzləşəcək. Onun sözlərinə görə, bu alış üçün yalnız “təcrid olunmuş ölkə” risk edə bilər və əksər analitiklər ən real namizəd kimi Rusiyanı görürlər.
Niger tükənən büdcəsini doldurmaq üçün təcili razılaşmaya ehtiyac duyur. Lakin rəhbərliyə yaxın mənbə Niameydə Rusiyaya həddindən artıq yaxınlaşmanın əks təsir göstərə biləcəyini başa düşdüklərini deyib. Mənbənin sözlərinə görə, aydın Amerika alternativi olsaydı, Niger bundan istifadə edərdi və “son istənilən addım uranı ruslara qaranlıq bazarda satmaqdır”.
Birləşmiş Ərəb Əmirliklərinin Axia Power şirkətinin də maraq göstərdiyi bildirilir. Abaraci onların da danışıqlarda iştirak etdiyini deyib və ölkənin xüsusi üstünlüyü olmadığını vurğulayıb. Şirkətin rəhbərliyində əvvəllər Rusiyanın dövlət nüvə korporasiyası Rosatomun sabiq yüksək vəzifəli əməkdaşı yer alıb.
Fransız diplomatik mənbə Parisin Nigerdən uranın ötürülməsi və ya satılmasından çəkinməyi xahiş etdiyini bildirib. Orano isə ötən ilin sentyabrında arbitraj komissiyasının Nigərə uranı satmamaq və ya ötürməmək barədə göstəriş verdiyini açıqlayıb və “zəruri bütün tədbirləri”, o cümlədən üçüncü tərəflərə qarşı addımları istisna etməyib.
Nigerdə təhlükəsizlik vəziyyətinin pisləşməsi problemi daha da mürəkkəbləşdirib. İD və yerli “Əl-Qaidə” qolu olan JNIM-in hücumları ölkənin qərbində artıb və paytaxta yaxınlaşıb.
Yanvarın sonunda İD Niameydə əsas beynəlxalq hava limanına və uranın saxlanıldığı hərbi bazaya qəfil hücum edib. Qruplaşma hücumun əsasən bazada yerləşdirilmiş dronlara yönəldiyini və uranın cənuba köçürülməsindən əvvəl planlaşdırıldığını bəyan edib.
Hücum, təxminən 30 milyon əhalisi olan ölkədə sabitlik vədilə hakimiyyətə gəlmiş rejim üçün ciddi zərbə olub. Qərb rəsmilərindən biri bunu “sonun başlanğıcı” adlandırıb və Niameyin artıq təhlükəsiz sayılmadığını bildirib.
Bu hadisə saxlanılan uranın həssaslığını da üzə çıxarıb. Ekspertlərin fikrincə, rəsmi açıqlamalara baxmayaraq, ehtiyat kifayət qədər təhlükəsiz şəraitdə saxlanılmaya bilər.
Hətta alıcı tapılarsa belə, yükün necə ixrac ediləcəyi sual altındadır. Niger əvvəllər uranı Benin vasitəsilə ixrac edirdi, lakin 2023-cü ildən sərhəd əsasən bağlıdır. Buna görə ölkə Burkina-Faso və Toqo üzərindən riskli marşrutdan istifadə etməyə məcbur qalıb. Bu isə güclü, ehtimal ki, rus hərbi müşayiəti tələb edə bilər.
Ekspertlər bildirirlər ki, ən yaxşı çıxış yolu Orano ilə razılaşma əldə etməkdir.
Niger uranının yanlış əllərə keçməsi ilə bağlı narahatlıqlar əvvəllər də olub. İraq müharibəsi ərəfəsində Britaniya və ABŞ kəşfiyyatları sonradan saxta olduğu sübut edilmiş sənədlərə əsaslanaraq Bağdadın Niger “sarı keks”ini əldə etməyə çalışdığını iddia etmişdi.
2024-cü ildə isə Wall Street Journal yazıb ki, İran Niameydə təsirini artıraraq uran ehtiyatının alınması ilə bağlı danışıqlar aparıb. Məlumata görə, ABŞ rəsmiləri Nigeri Tehranla razılaşmadan çəkindirib və Niamey bunu nəzərə alıb.
İD uranın xunta üçün əhəmiyyətini və ona hücumun yaradacağı rezonansı yaxşı anlayır. Qərb rəsmisinin sözlərinə görə, “əgər terrorçusansa və diqqət axtarırsansa, uran bunu təmin edəcək”.
Qruplaşma özünün “Al-Naba” həftəlik nəşrində aviabazaya hücum barədə üç səhifəlik məqalə dərc edərək, hücumun uranla bağlı olduğu barədə şayiələri ələ salıb və anbara təsadüfən rast gəlmədiklərini bildirib.
İD növbəti dəfə Nigerin bu qədər “şanslı” olmayacağı barədə xəbərdarlıq edib və uranı mütləq tapacaqlarını bəyan edib.
Poliqon.info