AZ

NATO: Müharibədən sonra Rusiya daha təhlükəli olacaq

NATO: Müharibədən sonra Rusiya daha təhlükəli olacaq

NATO Baş katibinin müavini Radmila Şekerinska bildirib ki, bütün kəşfiyyat hesabatlarımız və siyasi analizlərimiz müharibə bitdikdən sonra Rusiyanın daha da təhlükəli olacağını deyir. Şekerinska Almaniyada keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil olunmuş "Avropalılar, toplaşın. Daha çətin bir dünyada yenidən söz sahibi olmaq" adlı paneldə çıxış edib.

"Bütün kəşfiyyat məlumatlarımız və siyasi təhlillərimiz müharibədən sonra Rusiyanın daha da təhlükəli olacağını göstərir. Onların hərbi istehsalına və strukturuna nəzər salsanız, bütün bunlar Rusiyanın xarici siyasətinin genişlənməyə meyilli olduğu barədə mesaj verir", – deyən Şekerinska vurğulayıb ki, bu səbəbdən müttəfiqlərin müdafiə və istehsala qoyduğu yatırımlar prioritet olaraq qalacaq.

Şekerinska qlobal təhlükəsizlik mühitinin heç vaxt olmadığı qədər mürəkkəb, rəqabətli və çətin olduğu mövzusunda hər kəsin həmfikir olduğunu qeyd edərək, bu vəziyyətlə mübarizə aparmaq üçün bütün güclərin birləşdirilməsinin vacibliyini dilə gətirib. İyul ayında keçiriləcək Ankara Sammitində müttəfiqlərin daha çox istehsal etməli olduğu və bunun üçün daha yaxşı hüquqi tənzimləmələrə ehtiyac duyulduğu məsələləri müzakirə ediləcək.

O, həmçinin Ukraynada təcili ehtiyac duyulan hava hücumundan müdafiə sistemləri kimi təməl imkanlarla bağlı rəqəmlərin qeyd olunan səviyyədə olmadığını bildirib: "Atlantikin hər iki tərəfində kifayət qədər istehsalımız yoxdur. Bu səbəbdən müdafiə istehsalımızı sürətlə artırmalıyıq. Bu, təxirəsalınmaz məsələdir."

Şekerinska müdafiə sənayesi sahəsində qoyulan investisiyalar haqqında Türkiyə, İngiltərə və Norveçin də rolunu xüsusi qeyd edib. O bildirib ki, bütün bunlar Alyansı və onun Avropa qolunu gücləndirmək üçün göstərilən səylərin tərkib hissəsidir. Lazım gəldikdə nəticə əldə edə bilmək üçün NATO-nun güclü tərəflərinə ehtiyacımız var.

Seçilən
32
afn.az

1Mənbələr