AZ

Rusiya illər boyu Ermənistana havayı hərbi texnika göndərib - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan İkinci Qarabağ müharibəsində Rusiyanın Ermənistana qanunsuz şəkildə ötürdüyü hərbi texnikanı darmadağın edib. Ancaq 30 il əvvəl baş verənləri də unutmamalıyıq. Birincisi, Rusiya Azərbaycan torpaqlarının işğalı dövründə illər boyu Ermənistana ödənişsiz hərbi texnika göndərib. İkincisi, bu məsələni araşdırmaq məqsədilə yaradılan komissiyanın fəaliyyəti müxtəlif səbəblərdən nəticəsiz qalıb. Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmaqla yanaşı, qonşu ölkənin illər ərzində Qarabağda yerləşdirdiyi hərbi texnikanı da məhv etdi. Məhv edilən silah və texnikanın böyük əksəriyyəti keçmiş SSRİ və Rusiya istehsalı idi”.

Bu fikirləri Hafta.az-a politoloq Elxan Şahinoğlu Rusiyanın Azərbaycanla bağlı mövqeyi və Təhlükəsizlik Xidmətinin adını cinayətdə şübhəli şəxs qismində hallandırdığı Abbas Abbasovun fəaliyyətinə toxunarkən bildirib.

Politoloq qeyd edib ki, 1997-ci ilin aprelində Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komitəsinin rəhbəri Lev Rokhlin parlamentin qapalı iclasında Rusiyanın Ermənistana qanunsuz olaraq 1 milyard dollar dəyərində silah və hərbi texnika göndərdiyini açıqlamışdı. Onun sözlərinə görə, Rokhlin bu bəyanatdan bir il sonra bağ evində qətlə yetirildi.

E.Şahinoğlu qeyd edib ki, Rokhlinin açıqlaması Azərbaycanda da böyük əks-səda doğurmuşdu. 1997-ci ildə Rusiyaya rəsmi səfər edən mərhum Prezident Heydər Əliyev qanunsuz silah ötürülməsi məsələsini Rusiya Prezidenti Boris Yeltsin qarşısında qaldırmışdı. Yeltsin məsələni araşdırmaq üçün ortaq komissiyanın yaradılması barədə qərar vermişdi. Lakin komissiyanın fəaliyyəti nəticə vermədi. Politoloqun fikrincə, Rusiya tərəfi məsələnin obyektiv araşdırılmasında maraqlı deyildi.

O dövrdə Rusiya Baş Nəzarət İdarəsinin rəhbəri vəzifəsində çalışan Vladimir Putinə Müdafiə Nazirliyində aparılan araşdırmaya rəhbərlik tapşırılmışdı. Putin 1997-ci ildə “Kommersant” qəzetinə müsahibəsində bildirmişdi ki, guya o zamankı müdafiə naziri Pavel Grachevun Ermənistana silah ötürməsi barədə məlumat təsdiqini tapmayıb. O, həmçinin Prezident Boris Yeltsinin 1993-cü ildə münaqişə tərəflərinə silah satışını qadağan edən fərmanını xatırlatmışdı.

Bununla belə, Putin müsahibəsində Ermənistana hərbi texnika göndərilməsi faktını dolayı yolla təsdiqləmiş, lakin məsul şəxslərin adlarını açıqlamaq istəmədiyini bildirmişdi. O, silah ötürülməsində Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarının iştirak etdiyini etiraf etmişdi. Bu isə “nazirin xəbəri olmayıb” iddiası ilə ziddiyyət təşkil edirdi. Azərbaycanın Rusiyadakı o zamankı səfiri Ramiz Rizayev isə əksinə, qərarın məhz Pavel Qraçov tərəfindən verildiyini bildirmişdi. Qraçovdan sonra müdafiə naziri təyin olunan Igor Rodionov da Ermənistana hərbi texnika göndərildiyini təsdiqləmişdi. Lakin Rusiyada bu faktlara görə heç kim məsuliyyətə cəlb olunmamışdı. Ermənistan həmin silahlar hesabına Qarabağda hərbi mövcudluğunu gücləndirmişdi.

E.Şahinoğlu xatırladıb ki, Rusiyanın Ermənistana hərbi texnika göndərilməsi ilə bağlı yaradılan komissiyaya Azərbaycan tərəfindən o zamankı baş nazirin müavini Abbas Abbasov rəhbərlik edirdi. Abbas Abbasov 2001-ci ildə “Exo” qəzetinə müsahibəsində Boris Yeltsinin fərmanına baxmayaraq, Ermənistana hərbi texnika göndərildiyini təsdiqləmiş, eyni zamanda “Rusiya ilə münasibətlərdə gərginlik yaradılmasının tərəfdarı deyiləm” fikrini səsləndirmişdi.

O, müsahibəsində bəzi şəxslərin məsələnin beynəlxalq təşkilatlara çıxarılmasını təklif etdiyini, lakin bunun əleyhinə olduğunu bildirmişdi: “Minsk Qrupunun həmsədri kimi Rusiyaya inamımız var və hərbi texnikanın geri qaytarılması mümkündür”.

Politoloqun qənaətinə görə, işğalçı Ermənistana külli miqdarda hərbi texnika göndərmiş ölkəyə bu cür inam ifadə edilməsi mübahisəli yanaşma idi. E. Şahinoğlu əlavə edib ki, Abbas Abbasov həmin müsahibəsində Vladimir Putinin prezident seçilməsindən sonra MDB məkanında inteqrasiyanın canlanmasına müsbət yanaşdığını da gizlətmirdi və ehtimal edir ki, tərəflər arasında əlaqələr məhz həmin dövrdə formalaşıb.

Tahirə Qafarlı

Seçilən
83
hafta.az

1Mənbələr