AZ

Azərbaycan-Rusiya münasibətlərində “soyuq müharibə”

Xəbər verildiyi kimi, fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələr keçirilib.

Moderatorun Prezident İlham Əliyevə ünvanlandığı “Rusiya hücumları təkcə Ukraynanın enerji infrastrukturunu hədəfə almır. Eyni zamanda Ukraynada Azərbaycan şirkətlərinə məxsus olan enerji obyektləri hücuma məruz qalır. Beləliklə, mənim sualım belədir, Siz bu məsələni şəxsən Putin qarşısında qaldırmısınız və bu hücumları necə görürsünüz? Bu, Bakı üçün bir siqnaldırmı və ya başqa cür desək, sizin Rusiya ilə münasibətlərinizdə nə baş verir?” suala Azərbaycan dövlət başçısı belə cavab verib:

“Əlbəttə ki, bu məsələ Xarici İşlər nazirlikləri və Prezident administrasiyaları səviyyəsində rəsmilərimiz arasında çoxsaylı təmaslar zamanı dəfələrlə qaldırılmışdır. Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb.

Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi. Biz yalnız diplomatik yolla hərəkət edirik. Bundan başqa heç nə edə bilmərik. Lakin, əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir”.

VJ03V8KBvM2ckr12Kf3uQlTti80c511jUKupf9GK_825.jpg

Rusiya XİN Prezident İlham Əliyevin Azərbaycanın Kiyevdəki səfirliyinə Rusiyanın qəsdən zərbə endirməsi barədə bəyanatından “təəccüblənib”.

Bu barədə Rusiya XİN-dən TASS agentliyinin sualına cavab olaraq bildirilib. Qeyd edilib ki, Azərbaycan tərəfinə bununla bağlı izahat verilib və “təəssüf” ifadə edilib.

Rusiya XİN növbəti dəfə guya səfirliyə dəyən ziyanın Ukraynanın HHM sistemlərinin raketlərinin, xüsusilə “Patriot” raketinin qalıqları ola biləcəyi haqda iddianı da təkrarlayıb.

Musavat.com xəbər verir ki, siyasi analitiklər hazırkı vəziyyəti iki ölkə arasında “soyuq müharibə” vəziyyəti hesab edirlər.

Azərbaycan və Rusiya prezidentlərinin ötən ilin 9 oktyabrında Düşənbə görüşündən sonra iki dövlət arasında münasibətlərdəki “soyuq müharibə” vəziyyəti yumşalma ilə əvəz olunmuşdu. Lakin belə görünür ki, Rusiya tərəfinin addımları səbəbindən “soyuq müharibə” yenə başlayıb.

Siyasi ekspertlərin fikrincə, Azərbaycanın Kiyevdəki diplomatik nümayəndəliyinə, Ukraynada Azərbaycan şirkətlərinə məxsus olan enerji obyektlərinə Rusiyanın raket hücumu etməsi ilə yanaşı, Rusiya tərəfinin AZAL-a məxsus mülki təyyarənin vurulması məsələsi ilə bağlı ən yüksək səviyyədə verdiyi vədləri yerinə yetirməməsi, əksinə, açılan cinayət işinə xitam verməsi faktı da münasibətlərin bu həddə gəlib çatmasında rol oynayıb. Moskva Bakının müstəqil xarici siyasət yürütməsini, türk dünyası ilə ittifaqın əsas orbitrlərindən biri kimi çıxış etməsini, ABŞ ilə Tərəfdaşlıq Xartiyası imzalamasını, Ermənistanla Rusiyanın vasitəçiliyi olmadan sülh prosesi aparmasını, əlaqələr qurmasını həzm edə bilmir. Siyasi şərhçilər bu vəziyyətin davam edəcəyi qənaətindədirlər. Çünki nə Rusiya heç nədən “su bulandırmaq” siyasətindən əl çəkənə oxşayır, nə də Azərbaycan öz müstəqil siyasət kursundan imtina etmək niyyətindədir.

Prezident İlham Əliyevin Münxendəki çıxışlarından da bir daha aydın oldu ki, Azərbaycan müstəqil siyasət və sülh siyasəti kursunu davam etdirmək mövqeyində qətidir. Eyni zamanda Rusiyanın yanlışlıqlarını da dilə gətirməkdən çəkinmir. Çünki Azərbaycan haqlı mövqedədir.

Seçilən
125
editor.az

1Mənbələr