AZ

12 illik təhsil sistemi - Şagirdlərin bilik və bacarıqlarının daha yaxşı formalaşması hədəflənir

Azərbaycanda təhsil sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri 12 illik təhsil sisteminə keçiddir. Bu dəyişiklik ölkədə təhsilin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi daşıyır. Yeni sistem şagirdlərin bilik və bacarıqlarının daha geniş şəkildə formalaşdırılmasına, onların ali təhsil və əmək bazarına daha yaxşı hazırlanmasına şərait yaradır. 

Mövzu ilə bağlı Missiya.Az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova bildirib ki, orta məktəblərin 12 illik təhsilə keçirilməsi ümumilikdə mümkün və uzunmüddətli perspektivdə faydalı ola bilər:

"Dünyanın bir çox ölkəsində – xüsusilə Avropa ölkələri, ABŞ, Kanada, Türkiyə və digərlərində – 12 illik təhsil sistemi artıq illərdir tətbiq olunur və bu model şagirdin həm akademik, həm də sosial inkişafı üçün daha uyğun hesab edilir.  Xüsusilə vurğulamaq istərdim ki, 12 illik təhsil sistemi təkcə məktəbin bir il uzadılması deyil. Əslində, bu modelin uğurlu olması üçün ən vacib şərtlərdən biri məktəbəqədər təhsilin (bağça mərhələsinin) gücləndirilməsi və sistemli şəkildə genişləndirilməsidir. Çünki dünya təcrübəsi göstərir ki, uşağın təməl bacarıqları – nitq inkişafı, ünsiyyət, sosiallaşma, özünəinam, ilkin riyazi və oxu vərdişləri – məhz məktəbəqədər mərhələdə formalaşır. Əgər bu mərhələ zəif olarsa, sonrakı illərdə şagirdlərin məktəb proqramını mənimsəməsi daha çətin olur. 12 illik təhsilin əsas üstünlüklərindən biri odur ki, proqram daha balanslı bölünür və şagirdlər ağır dərs yükünü bir neçə ilə daha rahat şəkildə paylaşa bilirlər. Bu da stressi azaldır və mövzuların daha dərin mənimsənilməsinə imkan yaradır",- deyə ekspert qeyd edib.

G.Əkbərovanın sözlərinə görə, 12 illik sistem şagirdlərə peşə yönümü və karyera planlaması üçün daha çox zaman verir. Şagirdlər 9-cu sinifdən sonra tələsik qərar vermək əvəzinə, 10-11-12-ci siniflərdə öz maraqlarını daha yaxşı tanıyır, hansı sahəyə uyğun olduğunu müəyyənləşdirə bilir. Bu isə gələcəkdə ixtisas seçimini daha düzgün etməyə kömək edir. Bundan əlavə, 12 illik təhsil modelində adətən praktiki bacarıqların inkişafına daha çox yer ayrılır: layihə işi, təqdimatlar, debatlar, tədqiqat tapşırıqları, rəqəmsal savadlılıq və xarici dil bacarıqları kimi. Bu isə şagirdin yalnız “imtahan üçün oxuyan” deyil, həyatda özünü ifadə edə bilən, əmək bazarına və müasir çağırışlara uyğun fərd kimi yetişməsinə şərait yaradır."Amma burada vacib məqam var: sistemin dəyişməsi təkcə “bir il artırmaqla” bitmir. Əgər 12 illik təhsilə keçid olacaqsa, bu proses paralel şəkildə kurikulumun yenilənməsi, müəllim hazırlığı, qiymətləndirmə sisteminin uyğunlaşdırılması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və məktəbəqədər təhsilin əlçatanlığının artırılması ilə müşayiət olunmalıdır. Əks halda, əlavə bir il sadəcə formal xarakter daşıya bilər.Ümumilikdə isə hesab edirəm ki, düzgün planlaşdırılmış və mərhələli şəkildə tətbiq olunmuş 12 illik təhsil modeli Azərbaycanda da təhsilin keyfiyyətinə, şagirdlərin daha hazırlıqlı yetişməsinə və ali təhsilə daha sağlam keçid etməsinə müsbət təsir göstərə bilər", -deyə Günay Əkbərova əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
70
missiya.az

1Mənbələr