AZ

“Qeyri rezident platformalar vasitəsilə ticarətin vergiyə cəlb olunmaması ölkə sahibkarlığı üçün neqativ təsir göstərirdi”

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xaricdən onlayn sifarişlərə tətbiq olunan məhdudiyyətlərlə bağlı “Temu”, “Amazon” kimi beynəlxalq e-ticarət platformalarının Azərbaycandakı fəaliyyəti ilə bağlı müzakirələr genişlənib. Xüsusilə “Temu”nun ölkədə fəaliyyətini məhdudlaşdıra və ya dayandıra biləcəyi barədə iddialar sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər son vaxtlar sifarişlərin gecikməsini də bu ehtimallarla əlaqələndirirlər. Türkiyədə “Temu”nun xaricdən məhsul satışını dayandırması isə oxşar addımın Azərbaycanda da atıla biləcəyi ilə bağlı ehtimalları daha da gücləndirib.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, mövcud qanunvericilikdə bu sahə üzrə konkret vergi tənzimləməsi yox idi: “İndiyədək Azərbaycan vətəndaşlarına məhsul satan qeyri-rezident elektron ticarət platformaları ölkədə vergi ödəmirdilər. Halbuki bu platformalar il ərzində yüz milyonlarla dollar həcmində satış həyata keçirirdilər. Mövcud qanunvericilikdə bu sahə üzrə konkret vergi tənzimləməsi yox idi.

Hazırda isə Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində bu ədalətsiz vəziyyətin aradan qaldırılması məsələsi müzakirə olunur. Təklifə əsasən, il ərzində Azərbaycan vətəndaşlarına 10 min dollardan çox məhsul satan qeyri-rezident platformalar ölkədə ƏDV qeydiyyatına alınmalıdırlar. Yəni belə platformalar 30 gün ərzində ƏDV üzrə qeydiyyatdan keçməyə məcbur ediləcək.

Bu dəyişiklik son illər formalaşmış ədalətsiz rəqabət mühitinin aradan qaldırılmasına xidmət edəcək. Əvvəllər fərdi sahibkar gömrük sərhədindən mal keçirərkən ƏDV və digər rüsumları ödəməyə məcbur idi. Onların da məhsulu satdığı son alıcı Azərbaycan vətəndaşıdır. Eyni şəkildə qeyri-rezident platformaların məhsul satdığı şəxslər də Azərbaycan ərazisində yaşayan vətəndaşlardır. Lakin ənənəvi ticarət bütün vergi və rüsumları ödədiyi halda, onlayn platformalar bu öhdəliklərdən kənarda qalırdı. Nəticədə vergi yükü səbəbindən qiymətlər arasında ciddi fərq yaranırdı və onlayn satış kanalı daha ucuz görünürdü.

Yeni qaydalara əsasən, dövriyyəsi 10 min dollardan artıq olan qeyri-rezident platformaların ƏDV-yə cəlb edilməsi qiymətlərin müəyyən qədər artmasına səbəb ola bilər. Bununla da onlayn satışla ənənəvi ticarət arasında vergi hesabına yaranan qiymət fərqi azalacaq və daha balanslı rəqabət mühiti formalaşacaq.

Hesab edirəm ki, gömrük rüsumları da həm ənənəvi, həm də onlayn ticarət üçün eyni prinsiplərlə tətbiq olunmalıdır- Ya dövlət ənənəvi tacirlər üzərindəki vergi və rüsum yükünü azaltmalıdır, ya da onlayn platformalara da ənənəvi vergi rüsumları tətbiq edilməlidir. Təbii ki, istehlakın vergidən tam azad edilməsi mümkün deyil”.

Xalid Kərimli

Xalid Kərimli qeyd edib ki, 300 dollardan yuxarı məhsullarda qeyri-rezident platformaların vergi və gömrük rüsumu yükü vətəndaşın üzərinə düşürdü: “Dövlət büdcəsinin fiskal funksiyasının yerinə yetirilməməsi büdcənin öhdəliklərinin icrasına mənfi təsir göstərə bilər. Burada yeganə çıxış yolu Milli Məclisin bu istiqamətdə həyata keçirdiyi dəyişikliklərdir. Ticarət kanalları arasında vergi və rüsum hesabına yaranan ədalətsiz rəqabət ənənəvi ticarəti çökdürür və əlavə ticarət üçün ciddi problemlər yaradır.

Ənənəvi tacirlər gömrük sərhədindən keçərkən bütün vergiləri ödəmək məcburiyyətindədirlər. Lakin qeyri-rezident platformalar Vergi Məcəlləsində tənzimləmə olmadığı üçün heç bir vergi ödənişi etmirlər və inzibati mühasibatlıq yükü daşımırlar. Nəticədə vətəndaş 300 dollara qədər məhsulu ölkəyə gətirərkən demək olar ki, heç bir vergi və rüsum ödəmirdi. Qeyri-rezident platformalar da 300 dollarlıq hissədə vergi ödəmirdilər. 300 dollardan yuxarı məhsullarda isə qeyri-rezident platformaların vergi və gömrük rüsumu yükü vətəndaşın üzərinə düşürdü. Bu baxımdan edilən dəyişiklik onlayn ticarətdə qiymətlərin bahalaşmasına səbəb ola bilər. Lakin bu addım rəqabət mühitinin ədalətli şəkildə formalaşması üçün vacibdir. Çünki yerli tacirlər və istehsalçılar bütün vergiləri və rüsumları ödədiyi halda, qeyri-rezident platformalar vasitəsilə ticarətin vergiyə cəlb olunmaması ölkə sahibkarlığı üçün ciddi neqativ təsir göstərirdi”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
81
bizimyol.info

1Mənbələr