AZ

Tərpənən dişi çəkdirmədən xilas etməyin 3 yolu

Daimi dişin tərpəndiyini hiss etmək əksər insanlarda panika yaradır. Ağla ilk olaraq diş həkimi, ağrı və bahalı implantlar gəlir.
AzPost xəbər verir ki, mütəxəssislər dişin hərəkətli olmasının onun mütləq itiriləcəyi anlamına gəlmədiyini bildirirlər.

Məlumata görə, vaxtında həkimə müraciət edildikdə bir çox hallarda dişi xilas etmək mümkündür.

Diş niyə tərpənir?
Uşaqlıqda tərpənən diş adi hal sayılsa da, böyüklərdə bu, orqanizmin xəbərdarlıq siqnalıdır. Ən geniş yayılmış səbəb travma deyil, parodontitdir. Bu xəstəlik dişi yerində saxlayan bağları və sümük toxumasını tədricən zəiflədir.

Bundan başqa, dişlərin tərpənməsinə gecə diş qıcama (bruksizm), hormonal dəyişikliklər (məsələn, hamiləlik dövründə), eləcə də osteoporoz – sümük sıxlığının azalması səbəb ola bilər.

Dişi xilas etmək mümkündürmü?
Mütəxəssislərin sözlərinə görə, cavab çox vaxt müsbətdir. Erkən mərhələdə müraciət edən pasiyentlərdə uğur şansı kifayət qədər yüksəkdir.

Stomatoloqlar dişin çəkilməsi əvəzinə bir neçə üsul təklif edirlər.

İlk üsul dərin təmizləmədir. Bu zaman həkim diş ətinin altındakı daşları və bakteriyaları təmizləyir. İltihab azaldıqdan sonra diş əti bərpa olunur və dişi daha möhkəm saxlayır.

İkinci üsul şinləməsidir. Tərpənən diş xüsusi materialla sağlam qonşu dişlərə bərkidilir. Bu, dişə stabillik verir və ətraf toxumaların bərpası üçün vaxt qazandırır.

Üçüncü üsul isə gecə qapaqlarıdır. Əgər problem diş qıcamasından qaynaqlanırsa, xüsusi qapaq dişlərə düşən yükü azaldır və dişin təbii şəkildə sabitləşməsinə kömək edir.

Ən böyük səhv nədir?
Həkimlər xəbərdarlıq edirlər ki, dişin tərpəndiyini hiss etdikdə onu tez-tez dil və ya barmaqla yoxlamaq ən yanlış addımdır. Bu hərəkətlər zəifləmiş bağları daha da zədələyir və dişin itirilmə riskini artırır.

İndi nə etməli?
Problemli nahiyəyə toxunmamaq, ağız gigiyenasına diqqət yetirmək və dişi yumşaq fırça ilə ehtiyatla təmizləmək tövsiyə olunur. Ən vacibi isə vaxt itirmədən parodontoloqa müraciət etməkdir.

Mütəxəssislər bildirirlər ki, zaman əleyhinizə işləsə də, vaxtında görülən tədbirlər dişi uzun illər qoruyub saxlamağa imkan verə bilər.

AzPost.az

Seçilən
27
1
azpost.info

2Mənbələr