AZ

Tbilisi "qara pullara" qarşı: Gürcüstan siyasətində xarici maliyyəyə qadağa – ÖZƏL

Olaylar.az xəbər verir ki, hakim "Gürcü Arzusu" partiyasının deputatı Tenqiz Şarmanaşvili "Qrantlar haqqında" qanuna təklif edilən dəyişiklikləri şərh edərək, dövlətin daxili siyasətdə şəffaf olmayan maliyyələşməyə imkan verməyəcəyini bəyan edib.

Deputatın sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklər senzura deyil, ölkənin suverenliyini qorumaq üçün atılan "müdafiə xarakterli" addımdır. Şarmanaşvili qeyd edib ki, xüsusilə Helsinki Komissiyasının iclasından sonra bu addımları təzyiq kimi qiymətləndirmək qeyri-ciddidir.

"Helsinki Komissiyasında Gürcüstanda ekstremizmi və inqilabi ssenariləri maliyyələşdirmək üçün ölkəyə qeyri-qanuni yolla vəsait daxil etmək niyyətində olan təşkilatların adları açıq şəkildə çəkilib. Onlar nə məqsədlərini, nə də bunu edəcəklərini gizlətmirlər," - deyə deputat bildirib.

Şarmanaşvili Gürcüstanın qeyri-hökumət təşkilatlarının bəzi hallarda xaricdə, xüsusən Estoniyada qeydiyyatdan keçərək milyonlarla vəsait əldə etdiyini vurğulayıb. O, həmçinin Avropa Komissarlığına namizəd Marta Kosun bəyanatlarına toxunaraq, xaricdən gələn şəffaf olmayan vəsaitlərin qarşısının mütləq alınacağını qeyd edib: Dövlət Gürcüstan siyasətində "qara pulların" mövcudluğuna imkan verməyəcək. Xarici donorlar maliyyə şəffaflığından imtina etdikdə, dövlət buna adekvat reaksiya verməyə məcburdur.

Deputat bildirib ki, maliyyələşdirmə üçün yeni üsullar tapıldıqca, qanunvericilik də buna uyğun olaraq yenilənəcək. Şarmanaşvili əlavə edib ki, heç bir özünə hörmət edən ölkə xarici dövlətlərdən daxili siyasətə nəzarətsiz vəsait axınına icazə verməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr