AZ

Birinci vitse-prezidentdən ləyaqət dərsi



Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş verən son hadisə bir daha göstərdi ki, siyasi manipulyasiya və ucuz təxribat cəhdləri yüksək dövlət mövqeyi və siyasi mədəniyyət qarşısında iflasa məhkumdur. Konfrans zalının qarşısında dayanaraq diqqət çəkməyə çalışan Emin Hüseynovun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya “Azərbaycanda demokratiya” adı altında sual ünvanlamaq istəyi əslində növbəti şou cəhdi idi. Lakin Mehriban xanımın sakit və son dərəcə sərrast cavabı bu cəhdin mahiyyətini bir cümlə ilə ifşa etdi.

Birinci vitse-prezidentin “Qadın paltarında səfirlikdə gizlənən insan sizsiniz? Sizə can sağlığı arzulayıram” deməsi emosional reaksiya yox, siyasi ironiyanın və faktın gücünə söykənən mövqedir. Bu cavab E.Hüseynovun keçmişini və davranış trayektoriyasını xatırlatmaqla, onun “demokratiya” adı altında çıxış etməsinin nə qədər riyakarlıq olduğunu ortaya qoydu. İllər öncə ölkədən qalmaqallı şəkildə qaçan, xarici dairələrin himayəsinə sığınan və bu gün də müxtəlif mərkəzlərin sifarişlərini yerinə yetirən bir şəxsin “demokratiya dərsi” keçməyə çalışması cəmiyyət üçün tamamilə qəbuledilməzdir.

Uzun müddətdir ki, bəzi bloqerlər və özünü “fəal” adlandıran şəxslər xaricdən maliyyələşərək anti-Azərbaycan qüvvələrin alətinə çevriliblər. Onların əsas fəaliyyəti ölkənin beynəlxalq imicinə zərbə vurmaq, dövlət rəhbərliyinə qarşı qarayaxma aparmaq və milli maraqları gözdən salmaqdan ibarətdir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə sərgilənən mövqe bu dairələrin əsl simasını açıq göstərdi. Azərbaycan Ordusu işğala son qoymaq üçün mübarizə apardığı bir vaxtda, bəzi “bloger”lərin xarici media platformalarında ölkənin mövqeyinə qarşı təbliğat aparması bağışlanmaz xəyanət idi.

Belə şəxslər anlamalıdırlar ki, xarici paytaxtlarda dayanaraq Azərbaycan dövlətinə qarşı ittihamlar səsləndirmək nə cəsarət, nə də demokratiyadır. Bu, sadəcə sifarişli fəaliyyət və maddi təminat qarşılığında həm özünün şərəf və ləyaqətini, həm xalqının milli maraqlarını satmağa yönəlmiş davranışdır.

Dövlətə qarşı aparılan sistemli qarayaxma kampaniyalarında illərlə iştirak edən bir şəxsin beynəlxalq forumun girişində sual vermək istəyi özü-özlüyündə paradoksdur. Buna baxmayaraq, Birinci vitse-prezidentin ayaq saxlayaraq cavab verməsi demokratik dəyərlərə hörmətin göstəricisidir. Mehriban xanım Əliyevanın davranışı yüksək siyasi mədəniyyət nümunəsi idi. O, nə emosiyaya qapıldı, nə də təxribatın səviyyəsinə endi. Qısa, lakin məzmunlu cavabla həm şəxsi ləyaqətini, həm də təmsil etdiyi dövlətin nüfuzunu qorudu. Bu hadisə bir daha göstərdi ki, ucuz şoular və sifarişli suallar qarşısında ən təsirli cavab faktın özü və ləyaqətli mövqedir.

Novruzəli Aslanov,
Milli Məclisin deputatı.




Seçilən
27
aia.az

1Mənbələr