AZ

Endrik – Liqa 1-də yanvar ayının ən yaxşı oyunçusu! – ARENA.AZ

Lion “Olimpik”inin formasını geyinən braziliyalı futbolçu Endrik Fransa Liqa 1-də yanvar ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə turnirin mətbuat xidmətinə istinadən xəbər verir.

19 yaşlı braziliyalı futbolçu yanvarda Liqa 1 çərçivəsində meydana çıxdığı 2 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Lion “Olimpik”i Endriki cari mövsümün sonunadək İspaniya nəhəngi “Real”dan icarəyə götürüb. Gənc hücumçu Fransa klubunun heyətində indiyə qədər 6 oyuna çıxıb, 5 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Endrik “Palmeyras”ın yetirməsidir. “Real” braziliyalı hücumçunu 2024-cü ilin iyul ayında 47,5 milyon avro məbləğ müqabilində “Palmeyras”dan tamhüquqlu əsasda heyətinə qatıb. Braziliyalı futbolçunun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Endrik cari mövsümdə “Real”la cəmi 3 oyunda iştirak edib və 99 dəqiqə meydanda olub. O, “Real”ın heyətində ümumilikdə 40 oyuna 7 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Endrik 2022/2023-cü illər mövsümündə Braziliya A Seriyasının və 2023-cü il Braziliya Super Kubokunun qalibi olub, həmçinin 2021/2022-ci illər mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Gənc futbolçu “Real”la da UEFA Super Kubokunun (2024/2025) və FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 14 oyun keçirib və 3 qol vurub.

“Transfermarkt” internet-portalı 19 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
10
arena.az

10Mənbələr