Avropa xüsusi xidmət orqanları NATO ərazisində təxribat planları barədə xəbərdarlıq edir...
Poliqon xəbər verir ki, Avropa xüsusi xidmət orqanlarının məlumatına görə, əvvəllər Ukrayna müharibəsində döyüşmək üçün Rusiyanın regionlarından gəncləri cəlb edən “Vaqner” muzdlular şəbəkəsi indi iqtisadi cəhətdən həssas avropalıların zorakılıq aktlarına cəlb olunması istiqamətində fəaliyyət göstərir. Bildirilir ki, bu fəaliyyət əsasən NATO ölkələrinin ərazilərini hədəfə ala bilər.
Avropa kəşfiyyat rəsmiləri hesab edir ki, bu şəbəkə Rusiyanın hərbi kəşfiyyat qurumu — GRU üçün kobud, lakin effektiv təsir alətinə çevrilib. Onların sözlərinə görə, qeyri-rəsmi vasitəçilər vasitəsilə müxtəlif sabotaj və təxribat tapşırıqları icra etdirilir.
Məlumatlara əsasən, bu cür agentlərə siyasətçilərin avtomobillərini yandırmaq, Ukraynaya göndərilən humanitar yardım anbarlarına zərər vurmaq, eləcə də dezinformasiya məqsədilə radikal və ya neonasist təbliğatçı kimi çıxış etmək kimi tapşırıqlar verildiyi iddia olunur.
Mövzu ilə bağlı xəbərləri ilk yayan nəşrlərdən biri olan Financial Times qeyd edir ki, Avropa təhlükəsizlik qurumları bu fəaliyyətin regionda sabitlik üçün risk yaratdığını düşünür və mümkün təxribatların qarşısını almaq üçün monitorinqi gücləndirirlər. Analitiklər belə halların informasiya müharibəsi, psixoloji təsir və hibrid təhlükəsizlik strategiyalarının tərkib hissəsi ola biləcəyini vurğulayırlar.
Poliqon.info