AZ

“Dünya ölkələrində yalnız cərimələrə güvənmək kifayət etmir; analizlər göstərir ki, cərimələr həmişə özünü doğrultmur”

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Baltikyanı ölkələrdə sürücülərin yol təhlükəsizliyinə daha ciddi yanaşmalarını təmin etmək məqsədilə xəbərdaredici lövhələr quraşdırılıb. Bu lövhələrdə real yol-nəqliyyat hadisələrinin nəticəsi olaraq zədələnmiş və ya dağılan avtomobillərin görüntüləri göstərilir. Məqsəd sürücülərdə xəbərdarlıq hissi yaratmaq, onları diqqətli olmağa və sürət həddinə riayət etməyə təşviq etməkdir. Adətən belə lövhələr avtomagistrallarda və ya yüksək sürətli yollarda yerləşdirilir, çünki bu yollarda sürət çox olur və qəza riskləri daha yüksəkdir. Təcrübələr göstərir ki, vizual xəbərdaredici mesajlar radar və cərimələrdən daha təsirli ola bilər, çünki sürücülərin diqqətini birbaşa cəlb edir və onların davranışlarını dərhal dəyişməyə sövq edir.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, Azərbaycanda da bu tip məlumat xarakterli lövhələr mövcud idi, lakin tədricən azaldı, bir çoxu sıradan çıxdı: “Belə xəbərdaredici nişanların olması ümumiyyətlə bütün dünya ölkələrində tətbiq edilir. Bu, müəyyən posterlər və ya məlumat xarakterli reklam lövhələri şəklində ola bilər. Buradakı əsas məqsəd nəqliyyat vasitələrinin təhlükəsizliyinin qorunmasıdır. Vətəndaşlar bilməlidir ki, bu gün nəqliyyat vasitələrinin rentabelliyini və yol təhlükəsizliyini qorumaq üçün bu kimi addımlar zəruridir. Bu, nəqliyyat infrastrukturunda xüsusi önəm daşıyır.

Göründüyü kimi, dünya ölkələrində yalnız cərimələrə güvənmək kifayət etmir; analizlər göstərir ki, cərimələr həmişə özünü doğrultmur və tez-tez təkrarlanan qayda pozuntuları müşahidə olunur. Məsələn, bəzi ərazilərdə uşaq şəkillərinin və valideynlərin müraciətləri ilə yerləşdirilən məlumat xarakterli lövhələr də öz təsirini göstərir, vətəndaşların sürət həddinə riayət etməsini təşviq edir.

Bəzən reklam lövhələri radarlardan daha effektiv ola bilər, çünki cəmiyyətə birbaşa mesaj ötürür və insanların ayıq-sayıq olmasına kömək edir. Vaxtilə Azərbaycanda da bu tip məlumat xarakterli lövhələr mövcud idi, lakin tədricən azaldı və yenilənən yollar zamanı bir çoxu sıradan çıxdı”.

Aslan Əsədov

“Tövsiyə olunur ki, yol qəzalarının qarşısını almaq məqsədilə ölkəmizdə də bu tip xəbərdaredici lövhələr quraşdırılsın və insanlar onları görə bilsin. Məsələn; Masallı rayonunda yüksək sürətli magistralın kənarında yerləşdirilmiş sloqanlı bir reklam lövhəsi hətta dünya mətbuatında işıqlandırılmışdır. Belə təcrübələrin ölkəmizdə də tətbiqi faydalı olardı”-deyə Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
104
bizimyol.info

1Mənbələr