AZ

Azərbaycanlı mütəxəssislər "IT SkillSprint" proqramı ilə qlobal əmək bazarına çıxacaq

"IT SkillSprint" proqramı azərbaycanlı tələbələrin qlobal bazarda çox asanlıqla özlərinə iş tapmalarına töhfə verəcək.

"Far.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədri Ülkər Səttarova bildirib.

Onun sözlərinə görə, "IT SkillSprint" proqramı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə həyata keçirilir: "Layihə 123 tələbəni əhatə edir. Onlar çox böyük seçimdən keçiblər. Tələbələrin ixtisasları əsasən İT yönümlü ixtisaslardan seçilib. Onlar bir semestr ərzində, bir neçə ay ərzində xüsusi intensiv kursdan keçəcəklər. Bu kursu xarici şirkət təqdim edir".

Ü. Səttarova vurğulayıb ki, layihə tələbələrin İT sahəsində olan bilik və bacarıqlarını daha da yaxşı inkişaf etdirməsi, real keyslər üzərində işləməsi üçün nəzərdə tutulub: "Yəni biz çalışacağıq ki, həmin bir semestrdə tələbələr tədrisə dərindən fokuslansınlar. Düşünürəm ki, bu layihənin sonunda tələbələrin bilik və bacarıqları xeyli artacaq. Xarici təcrübə də onların gələcəkdə həm yerli, həm qlobal bazarda çox asanlıqla özlərinə iş tapmalarına və bizə lazım olan səviyyədə İT biliklərinə sahib olmalarına töhfə verəcək".

Seçilən
43
2
far.az

3Mənbələr