AZ

Kim Çen In Kurskda ölən hərbçilərin ailələri üçün yeni yaşayış məhəlləsi açdı

ain.az bildirir, Bizimyol portalına istinadən.

Şimali Koreya bəyan edib ki, Ukraynada Rusiya qüvvələri ilə birlikdə döyüşərkən ölmüş şimali koreyalı əsgərlərin ailələri üçün Pxenyanda yeni yaşayış məhəlləsinin tikintisi başa çatdırılıb. Bu addım ölkə lideri Kim Çen Inın müharibədə ölənləri anmaq istiqamətində növbəti təşəbbüsü kimi qiymətləndirilir.

Bizimyol.info xəbər verir ki, dövlət mediasının yaydığı fotolarda Kim paytaxtda salınmış və “Saeppyol küçəsi” adlandırılan yeni ərazidə gəzərkən, həmçinin ailələrdən bəzilərinin evlərinə baş çəkərkən görüntülənib.

Onu son dövrlər ictimai tədbirlərdə tez-tez müşayiət edən və Kim Cu-e (Kim Ju-ae) olduğu ehtimal edilən qızı da müşahidə olunub. Kim çıxışında “Vətən uğrunda hər şeyini qurban vermiş gənc şəhidlərə” borclu olduqlarını bildirib.

Onun sözlərinə görə, paytaxtın Havasong rayonunda salınmış yeni məhəllə həlak olan hərbçilərin “ruhunu və fədakarlığını” simvolizə edir. Tikilən evlərin isə yaslı ailələrə “oğulları və ərləri ilə qürur duyaraq xoşbəxt yaşamaq” imkanı yaratmaq məqsədi daşıdığı vurğulanıb.

Kim layihənin “hətta bir gün də tez” başa çatdırılması üçün təkid etdiyini deyərək, bunun ailələrə “az da olsa təsəlli verəcəyinə” ümid etdiyini bildirib.

Son aylarda Şimali Koreya Ukraynada Rusiyanın tərəfində döyüşən hərbçiləri tərənnüm edən təbliğatı gücləndirib. Pxenyanda əsgər heykəlləri ilə bəzədilmiş yeni memorial kompleksin açılması da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Analitiklərin fikrincə, bu addımlar daxili birliyi möhkəmləndirmək və mümkün ictimai narazılığın qarşısını almaq məqsədi daşıyır.

Kim son aylarda Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibəni dəstəkləmək üçün minlərlə hərbçi və artilleriya, raketlər də daxil olmaqla böyük həcmdə hərbi texnika göndərib. Hər iki lider Vaşinqtonla ayrı-ayrılıqda yaşadıqları qarşıdurma fonunda mövqelərini daha da yaxınlaşdırır.

Kim ötən həftə Putinin bütün siyasət və qərarlarını “şərtsiz dəstəkləyəcəyini” bəyan edib.

Rusiya ilə qarşılıqlı müdafiə sazişi çərçivəsində Şimali Koreya 2024-cü ildə Ukraynada Rusiya qoşunları ilə birlikdə döyüşmək üçün təxminən 14 min əsgər göndərib. Cənubi Koreya, Ukrayna və Qərb mənbələrinin məlumatına görə, onların 6 mindən çoxu həlak olub.

Cənubi Koreya Milli Kəşfiyyat Xidməti hesab edir ki, Şimali Koreya qüvvələri müharibə sayəsində müasir döyüş təcrübəsi qazanır və Rusiyanın texniki dəstəyi ilə silah sistemlərinin effektivliyini artıra bilər. Bu barədə qapalı brifinqdə iştirak edən deputatlar məlumat veriblər.

Yeni küçənin tikintisi Şimali Koreyada bu ayın sonunda keçiriləcək hakim partiyanın böyük qurultayına hazırlıq fonunda baş tutub. Həmin qurultayda Kim Çen Inın növbəti beş il üçün daxili və xarici siyasət prioritetlərini açıqlayacağı və hakimiyyətini daha da möhkəmləndirəcək addımlar atacağı gözlənilir.

Koreya Milli Birləşmə İnstitutunun analitiki Honq Minin sözlərinə görə, küçənin məhz qurultay ərəfəsində açılması “əsgərlərin xaricə göndərilməsini əsaslandırmaq üçün yüksək dərəcədə hesablanmış siyasi addımdır”.

Onun fikrincə, bu layihə “dövlətin həlak olan hərbçilərin ailələrinə konkret kompensasiya təqdim etdiyini vizuallaşdıran simvolik nümayişdir”.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr