AZ

Üçgünlük müzakirələrin yaddaqalan məqamları

Yazını böyüt
Yazını kiçilt

Dünyanın 120-dək ölkəsindən ümumilikdə minə yaxın nümayəndənin, o cümlədən 60 dövlət və hökumət başçısının iştirak etdiyi 62-ci Münxen Təhlükəsizlik Konfransı üçgünlük mühüm müzakirələrdən sonra işini başa çatdırdı.

Hafta.az xəbər verir ki, konfrans çərçivəsində keçirilən müxtəlif tədbirlərdə dünya nizamını sarsıdan əsas təhdidlər, aktiv müharibə və böhranlara dair müzakirələr aparıldı, beynəlxalq münasibətlər sistemini tənzimləyən qaydaların ciddi təzyiq altında olduğu vurğulandı.

Konfransda rəsmi açılış nitqi ilə çıxış edən Almaniya Kansleri Fridrix Merts beynəlxalq nizamın artıq əvvəlki kimi güclü olmadığını qeyd etdi. O, əvvəlki kimi hüquq və qaydalara əsaslanan beynəlxalq nizamın artıq mövcud olmadığını, Rusiyanın Ukraynaya hücumu ilə açıq müharibə və münaqişələrin yeni mərhələsinin başladığını diqqətə çatdırdı. Gələcək beynəlxalq əməkdaşlıq üçün güclü qlobal tərəfdaşlıq şəbəkəsinin əhəmiyyətini xüsusi vurğulayan Kansler bildirdi:

“Bu gün avropalılar kimi ilk vəzifəmiz bu reallığı qəbul etmək və yeni dövr üçün tədbirlər görməkdir”.

Ötənilki konfransda ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Avropanı sərt tənqid etməsi fonunda bu il ABŞ təmsilçisinin çıxışı böyük maraqla gözlənilirdi. ABŞ nümayəndə heyətinin rəhbəri, Dövlət katibi Marko Rubio konfransın ikinci günündəki çıxışında Avropanı daha suveren olmağa və müdafiə qabiliyyətini artırmağa dair çağırış səsləndirdi. M.Rubio bildirdi ki, ABŞ zəif müttəfiqlər istəmir, çünki bu, hamını zəiflədir. Vaşinqtona özünü müdafiə edə bilən və gələcəyə inamla baxan bir Avropa lazımdır. O, müttəfiqləri “sınmış status-kvo”nu bərpa etmək cəhdlərindən əl çəkməyə və bunun əvəzinə onu birlikdə düzəltməyə çağırdı. Dövlət katibi ABŞ ilə Avropa arasındakı güclü əməkdaşlığı vurğulasa da, Avropanı nəzarətsiz kütləvi miqrasiyadan çəkinməyə çağıraraq, ətraf mühit siyasətini tənqid etdi.

Münxen Təhlükəsizlik Konfransında enerji təhlükəsizliyi də əsas müzakirə mövzuları arasında yer alırdı. Konfrans çərçivəsində təşkil olunan “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində Azərbaycanın bu sahədə oynadığı mühüm roldan da ətraflı söhbət açıldı.

Konfransda diqqət mərkəzində saxlanılan ən mühüm mövzulardan birini də Ukraynadakı müharibə oldu. Tədbirdə Münxen Təhlükəsizlik Komitəsi tərəfindən 2026-cı il Evald fon Klayst mükafatı Ukrayna xalqını təmsilən Prezident Volodimir Zelenskiyə təqdim olundu. Volodimir Zelenski çıxışında sərt qış şəraitində Rusiyanın davamlı hücumları nəticəsində Ukrayna xalqının ağır sınaqlar qarşısında qaldığını bildirdi. “Bizi qoruyan bizim birliyimizdir”, - deyən Ukrayna Prezidenti Avropanın sarsılmaz birliyinin vacibliyini vurğuladı.

Bu məsələ Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də çıxışının əsas xəttini təşkil etdi. O, Aİ ölkələrini qarşılıqlı müdafiə öhdəliyini ciddi qəbul etməyə çağıraraq bildirdi ki, Aİ müqaviləsində yer alan qarşılıqlı yardım maddəsi (42-ci maddənin 7-ci bəndi) seçim yox, hüquqi öhdəlikdir: “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipi yalnız etimad və real hərbi imkanlar olduğu halda məna kəsb edir”. Avropa Komissiyasının Prezidenti, həmçinin Aİ-nin təhlükəsizlik sahəsində ABŞ-dən asılılığını azaltmaq üçün bu maddənin faktiki şəkildə işlək vəziyyətə gətirilməsinin vacibliyini xüsusi qeyd etdi.

Danimarkanın Baş naziri Mette Frederiksen isə ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirmək planlarına toxunaraq, suverenliyin toxunulmazlığını xatırlatdı. “Biz təhdidlərlə üzləşirik. Qrenlandiya xalqı əvvəllər heç vaxt təhdid olunmayıb, buna görə də bu təzyiq qəbuledilməzdir”, - deyən Baş nazir bu məsələdə Avropadan, hətta Amerikadan da fəal dəstək aldığını qeyd edib.

Konfransın sonuncu – üçüncü günündə isə diqqət Avropaya, onun fəaliyyət göstərəbilmə qabiliyyətinə, rəqabətədavamlılığına və ortaq Avropa vizyonu ətrafında razılığa gəlməsinə yönəlmişdi. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas çıxışında diqqəti məhz Rusiya təhlükəsinə və ABŞ tərəfindən Avropanın son vaxtlar mütəmadi qaydada tənqid edilməsinə yönəltdi. Rusiyanın artıq super güc olmadığını deyən K.Kallas qeyd etdi ki, on ildən artıq davam edən münaqişədən və Ukraynada dördillik müharibədən sonra Rusiya 1,2 milyon nəfər itirməsinə baxmayaraq, 2014-cü ildən bəri cəbhə xəttini demək olar ki, dəyişə bilməyib: “Bu gün Rusiya sındırılıb, iqtisadiyyatı dağılır, enerji bazarlarından təcrid olunub və öz əhalisi ölkəni tərk edir”. O, Rusiyanın törətdiklərinə görə cavab verməli olduğunu qeyd edərək deyib: “Rusiya harada dağıntı törədibsə, onun əvəzini ödəməlidir. Müharibə cinayətləri üçün heç bir amnistiya olmamalıdır”.

K.Kallas son vaxtlar Aİ-nin tənqid edilməsi cəhdlərinin artığıdını qeyd edərək Avropanın müdafiə, insan haqları və rifah sahəsində dünyada yüksək qiymətləndirildiyini vurğuladı, Aİ-nin Ukrayna ilə bağlı danışıqlar prosesində yer almamasının doğru olmadığını bildirdi.

Beləliklə, üç gün ərzində liderlərin apardıqları müzakirələr, səsləndirdikləri fikirlər hazırda uzunmüddətli ittifaqların möhkəmliyinin və davamlılığının ciddi təhdid altında qalması, beynəlxalq nizamın zəifləməsi, dünyada qeyri-sabitliyin və münaqişələrin daha da kəskinləşməsi bu nüfuzlu beynəlxalq platforma vasitəsilə bir daha diqqətə çatdırıldı. Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinger də tədbirin yekunları ilə bağlı danışarkən konfransın uğurlu olduğunu, indi isə müvafiq fəaliyyət planlarının ən qısa zamanda hazırlanıb həyata keçirilməsinin vacibliyini qeyd etdi. /azertag/

Seçilən
60
2
hafta.az

3Mənbələr