AZ

Azərbaycanın beynəlxalq nüfuzunun artması hansı ölkələri narahat edir? - AÇIQLAMA

Azərbaycanın son illərdə iqtisadi və diplomatik sahədə əldə etdiyi uğurlar beynəlxaq nüfuzunun daha da artmasına səbəb olub. Ölkəmizin beynəlxalq arenada daha güclü oyunçuya çevrilməsi təəssüf ki, hər dövlət üçün xoş xəbər deyil.

 

Politoloq Rəşad Bayramov Pravda.az-a bildirib ki, bu proses müxtəlif region və aktorlar tərəfindən fərqli maraq prizmasından qiymətləndirilir:

 

“İlk növbədə, Avropa məkanını qeyd edək. Bu məkanda ölkəmizin artan nüfuzu ilə bağlı yekdil mövqe mövcud deyil. Çünki Avropa İttifaqı daxilində üzv dövlətlərin prioritetləri fərqlidir. Cənubi və Mərkəzi Avropanın bir sıra ölkələri Azərbaycanı enerji təhlükəsizliyi baxımından mühüm tərəfdaş hesab edir. Xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra alternativ enerji marşrutlarının əhəmiyyəti artıb və Azərbaycan qazının Avropa bazarına çıxışı strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə Azərbaycanın beynəlxalq nüfuzunun artması həmin ölkələr üçün sabitlik və əməkdaşlıq imkanlarının genişlənməsi deməkdir. Digər tərəfdən, Qərbi və Şimali Avropanın bəzi siyasi dairələri Azərbaycanla münasibətlərə daha çox normativ prizma, insan hüquqları, demokratik institutlar və idarəetmə məsələləri bəhanəsi ilə yanaşır. Bu yanaşma dövlət marağından çox siyasi dəyərlər diskursuna əsaslanır. Belə çevrələr tərəfindən Azərbaycanın güclənməsi bir sıra hallarda tənqidi ritorika ilə müşayiət olunur. Bundan əlavə, Fransa kimi ölkələrdə Ermənistanla yaxın siyasi münasibətlərə malik dairələr mövcuddur. Qarabağ münaqişəsindən sonrakı mərhələdə Azərbaycanın artan diplomatik və hərbi-siyasi çəkisi həmin dairələrdə açıq narahatlıq yaradır. Lakin bu, bütün Avropanın mövqeyi kimi təqdim edilə bilməz”.

 

R.Bayramov qeyd edib ki, regional kontekstdə isə Ermənistan üçün Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi balansın dəyişməsi anlamına gəlir: “Bu, təbii olaraq, İrəvanın strateji manevr imkanlarını məhdudlaşdırır və ona görə də Ermənistan tərəfindən arzuolunan hesab olunmur. Digər mühüm regional aktor İrandır. Tehran Cənubi Qafqazda geosiyasi dəyişikliklərə həssas yanaşır və bölgədə yeni təhlükəsizlik və nəqliyyat konfiqurasiyalarının Azərbaycanın mövqelərini gücləndirməsinə müsbət baxmır. İran Azərbaycanın artan rolunu, həm də Türk Dünyasının birləşməsi baxımından özü üçün təhlükə hesab edir. Eyni şəkildə Azərbaycanın Qərb və Türkiyə ilə əməkdaşlığının dərinləşməsi İran tərəfindən balans məsələsi kimi qiymətləndirilir. Odur ki, İranın Azərbaycanın beynəlxalq nüfuzunun artmasında heç bir halda maraqlı olmadığını deyə bilərik. Daha bir diqqət çəkən aktor Rusiyadır. Rusiya Cənubi Qafqazı öz ənənəvi təsir zonası hesab edir və Azərbaycanın müstəqil, çoxvektorlu siyasəti Moskva üçün maraqlı deyil. Bakı Qərb və Türkiyə ilə yaxınlaşdıqca, Rusiyanın regional hegemonluq imkanları zəifləyir. Eyni zamanda, Azərbaycanın Avropaya yeni enerji və nəqliyyat marşrutlarını açması Rusiya üçün tranzit üstünlüyünü azaldır və diplomatik təsir imkanlarını məhdudlaşdırır. Bu səbəbdən Moskva Azərbaycanın beynəlxalq nüfuzunun artmasına ehtiyatlı və bir sıra hallarda qıcıqla yanaşır”.

 

Politoloq əlavə edib ki, Hindistan Azərbaycanın nüfuzunun artmasından birbaşa mənfi təsir görmür, amma regiondakı strateji balans baxımından ehtiyatlıdır: “Hindistan ənənəvi olaraq Ermənistanla müttəfiqlik münasibətləri saxlayır və ona görə də Bakı–Ankara–İslamabad üçtərəfli əməkdaşlığının dərinləşməsi Hindistan üçün balansın dəyişməsi kimi qiymətləndirilir. Hindistanın mövqeyi maraqlı olmamaqla yanaşı, ehtiyatlılıq və diplomatik müşahidə üzərində qurulub. Bu da Azərbaycanın nüfuz artımının regional geosiyasi təsirini artırır, lakin Hindistanın konkret müdaxiləsi ehtimalı aşağıdır. Beləliklə, bu aktorlar Azərbaycanın regional mövqeyinin güclənməsində maraqlı deyillər, amma təsir qabiliyyətləri və reaksiyalarının xarakteri fərqlidir. Eyni zamanda, Azərbaycanın artan nüfuzundan açıq şəkildə maraqlı olan ölkələr də mövcuddur. Türkiyə ilə strateji müttəfiqlik artıq institusional xarakter alıb və regional layihələrdə koordinasiya dərinləşir. Bundan başqa, Pakistan Azərbaycanın mövqelərinin güclənməsini müsbət qiymətləndirən əsas tərəfdaşlardandır. Ankara–Bakı–İslamabad üçtərəfli əməkdaşlıq formatı son illərdə fəallaşıb. Müdafiə, təhlükəsizlik və siyasi dəstək baxımından bu xətt qarşılıqlı maraq üzərində qurulub. Eyni şəkildə Mərkəzi Asiya ölkələri də enerji və nəqliyyat bağlantıları kontekstində Azərbaycanın artan nüfuzunda maraqlıdırlar. Beləliklə, Azərbaycanın beynəlxalq nüfuzunun artması müxtəlif aktorlar tərəfindən fərqli şəkildə qarşılanır. Enerji, təhlükəsizlik və nəqliyyat əməkdaşlığı prizmasından bu proses bir çox ölkələr üçün imkanlar yaradır. Lakin regional güc balansının dəyişməsi və geosiyasi rəqabət amili bəzi paytaxtlarda ehtiyatlı və ya tənqidi münasibət formalaşdırır”.

 

Şəhanə Quliyeva

Tarix: 16 Fevral 2026, 08:46   
Seçilən
99
pravda.az

1Mənbələr