Paris, 16 fevral, AZƏRTAC
Fransanın daxili işlər naziri Loran Nunez bildirib ki, fevralın 12-də Lion şəhərində 23 yaşlı Kventin Derankaya qarşı törədilən və onun ölümü ilə nəticələnən zorakı hücumun arxasında aşkar şəkildə ultrasol qüvvələr dayanıb.
AZƏRTAC xəbər verir ki, nazir “Journal de 20 heures” verilişində çıxışı zamanı 2025-ci ilin iyununda buraxılmış antifaşist “La Jeune Garde” qrupunun mümkün iştirakını da istisna etməyib. “İstintaq bunun ”La Jeune Garde” fəalları olub-olmadığını göstərəcək. Lakin ifadələr açıq şəkildə bu istiqamətə işarə edir”, – deyə nazir bildirib.
Fransanın ədliyyə naziri Jerald Darmanən də oxşar mövqe sərgiləyərək, “ultrasolun açıq şəkildə gənc millətçini öldürdüyünü” bəyan edib. O, eyni zamanda “Əyilməz Fransa” partiyasını siyasi zorakılığa qarşı “yumşaq münasibətdə” ittiham edib.
Bu ittihamlar partiyanın lideri Jan-Lük Melanşon tərəfindən rədd olunub. O, bildirib ki, hadisədən sonrakı saatlarda yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur.
Prokurorluq tələbənin Lionda təşkil olunan konfransdan kənarda döyülərək öldürülməsi ilə bağlı ağırlaşdırılmış ölümcül xəsarət yetirmə və ağırlaşdırılmış zorakılıq maddələri üzrə cinayət işi açıldığını açıqlayıb. Hazırkı mərhələdə “La Jeune Garde” qrupu ilə rəsmi əlaqə müəyyən edilməyib. Qrup xüsusilə ifrat sağ yönümlü dairələrə yaxınlığı ilə tanınan “Nemesis” kollektivi tərəfindən ittiham olunur.
Bu gün yayılan bəyanatda antifaşist hərəkatı gəncin ölümünə görə məsuliyyət daşımadığını bildirib və bütün fəaliyyətlərini dayandırdığını açıqlayıb.
Bununla yanaşı, özünü millətçi və inqilabçı kimi təqdim edən “Audace” qrupu fevralın 21-də Lionda Kventin Derankın xatirəsinə həsr olunmuş yürüş təşkil ediləcəyini elan edib.
Hadisənin dəqiq şəraitini və məsul şəxsləri müəyyənləşdirmək üçün istintaq davam edir.