AZ

Mənim sizdən zəhləm gedir!

15 ildən sonra Premyer Liqaya qayıdan «Karvan» növbəti antirekordun biraddımlığındadır.

Məğlubiyyət sayı hər həftə artmaqdadır.

Artıq bu göstərici 16-dır. Hələ ardı var, gələcək.

Çünki Füzuli Məmmədov Premyer Liqasında məşqçi olmadığını təkidlə isbatlamaqdadır. O. bundan sonra elə I Liqada işləsə yaxşdır. Özü və çalışacağı komanda üçün ən doğrusu budur.

I Liqanın dəyişməz «kral»ı Füzuli Məmmədovdur. Bu çempionatda ondan yaxşı məşqçi yoxdur. Mingəçevirli azarkeşlər hələ də onu xoş hislərlə xatırlayır.

Premyer Liqaya göz atsaq, ondan pis məşqçinin də olmadığını deməliyik. Yevlaxlı azarkeşlər onun bura gəldiyi günü xoş hislərlə xatırlamırlar.

Üç aya yaxındır «Karvan»da olan Füzuli Məmmədov artıq futbolçuları boğaza yığıb. Onların əsəb ipini tarıma çəkib. Bu ip bir göz qırpımında qırılacaq.

«Zirə»yə qarşı çox pis oynamadılar. Amma oynamadılar da.

Ümumiyyətlə, baş məşqçi dəyişəndən sonra «Karvan» öz baxımlığını itirib. Nə özü oynayır, nə də rəqibə bu imkanı yaradır. 90 dəqiqəni yalnız müdafiədə keçirirlər.

Futbolçular Füzuli Məmmədov üçün qələbə qazanmaq istəmir. Niyə istəsinlər, baş məşqçi onlarla pis rəftar edir, heysiyyatı ilə oynayır.

Keçən dəfə Rauf Rüstəmlini ilk yarım saatdan sonra meydana çıxarmışdı. Səbəbkarın reaksiyası əl-qol hərəkətləri olmuşdu.

Dünən də Tompson Qavini 32-ci dəqiqədə Peter Kinqslə əvəzlədi. Qavi ehtiyat skamyaya yaxınlaşan kimi əsəbindən əlindəki əşyanı yerə çırpdı.

Kinq isə 77-ci dəqiqədə təkrar oyundan alındı, Samir Abdullayevlə meydana ayaq basdı.

Futbolçuya bu cür münasibət təhlükəlidir. Bura I Liqa deyil ki, sərəncamındakıları «uşaq-muşaq» biləsən.

Premyer Liqa vitrindir və hər bir futbolçu bilir ki, o, göz qabağındadır. Baş məşqçinin onları hər dəfə erkən əvəzləməsi bu deməkdir ki, mənim sizdən zəhləm gedir, narazıyam.

Belə rəftar baş məşqçi ilə futbolçular arasında bütün bağları qoparır.

Halbuki təcrübəli mütəxəssis bu cür məqamlara həssas yanaşar, bir qədər diplomatik davranar, səbrini basar, heç olmasa, fasilənin elan edilməsini gözləyər.

Füzuli Məmmədov isə bunu anlayacaq səviyyəyə yetişməyib hələ.

ELNUR

Seçilən
22
sportinfo.az

1Mənbələr