AZ

Qurban Qurbanovun haqlı şikayətinin görünməyən tərəfləri - Yollarda qalıblar

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yenidən diqqət mərkəzindədir.

O, bu dəfə öz etirazını Premyer Liqanın debütantına bildirib.

Quba stadionunun meydançasından narazılıq edən 53 yaşlı mütəxəssis deyib:

“Başa düşürəm ki, "İmişli" yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də.

Özləri niyə burada məşq etmir? Bakıda məşq edib, Qubada oynayırlar. Bakıda da oynasınlar.

Bunları ona görə deyirəm ki, bəlkə meydançanın yaxşılaşdırılmasına faydam olar. Heç kimlə düşmənliyimiz yoxdur.

Sadəcə, istəyirik ki, normal futbol oynansın. "Nyukasl"la oyuna hazır olmayacağıq. Meydançanın bu dərəcədə pis olduğunu düşünmürdüm”.

Əlbəttə, təcrübəli çalışdırıcının giley-güzarı haqlıdır. Qurbanov əsl peşəkar kimi şikayətini dilə gətirib. Bu konteksdə nə deyibvə deyirsə, hamısı bircə-bircə həqiqətdir.

Gerçəkdən də Quba Olimpiya Kompleksinin meydançası qara gündədir. Sözügedən məkan ən yaxşı halda Region Liqasının oyunlarını qəbul etməyə layiqdir.

Amma və lakin… Təqsirkar «İmişli» deyil. Elitanın yeni iştirakçısı bura öz xoşuyla, yəni, istəyərək, sevinərək gəlməyib.

Doğma rayonun stadionu ilə bağlı problem hamıya məlumdur ki, bu mövzuya baş vurmaq mənasızdır artıq. Hər kəs hər şeyi bilir.

«İmişli» liqaya vəsiqə qazanandan və təmsil etdiyi rayonda oynaya bilməyəcəyini dəqiqləşdirəndən sonra Bakıda məskunlaşmaq təşəbbüsu ilə çıxış edib.

Həmişəlik yox ha, müvəqqəti.

Bayılın üzərində dayanıblar. AFFA ilə aparılan danışıqlar isə tez bitib - federasiya onun balansındakı arenanı aranlılara verməyib.

Bildiriblər ki, rayon komandası rayonda oynamalıdır, Bakıda yox. Respublikanın bir nömrəli şəhərindən əlini üzən «İmişli»yə Şamaxı stadionuna köçməyi məsləhət görüblər. Burada isə qiymətlər «əl yandırıb».

Qurum «Karvan»dan hər oyuna görə 3000 manat icarəhaqqı istəyibsə, «İmişli»dən alınan məbləğə təəccüblənəcəksiz - 8000 manat.

Onlar da Şamaxıda cəmi 1 ay rəqibləri əqbul ediblər. Beləcə üz tutublar Qubaya.

Bölgələrin heç birində Premyer Liqa standartlarında alternativ stadion tapmadıqlarından, ilişib qalıblar burada.

Quba Olimpiya Kompleksi Gənclər və İdman Nazirliyinin (GİN) balansındadır. Sözügedən yerdə o qədər çatışmazlıq var, onların heç olmasa yarısını aradan qaldırmaq üçün 1,5-2 milyon manat vəsait lazımdır.

Adicə drinaj sisteminin yoxluğunu xatırlatmaq kifayətdir, biz hələ digər problemləri demirik.

GİN hələ aylar öncə vəd verib ki, mövcud nöqsanların həlli istiqamətində konkret addımlar atacaqlar. Həmin vəd havada qalıb, nazirlik bugünədək əlini heç bir işə bulamayıb.

Hər gün Bakıda məşq etmək «İmişi»yə minimum 1200-1500 manata başa gəlir. Çünki Bakı Olimpiya Stadionunun (BOS) rəhbərliyi ehtiyat meydançadan istifadə məbləğini artırıb.

Başqa yer varmı ki, ora getsinlər?

MUSA

Seçilən
16
sportinfo.az

1Mənbələr