– Oyunun qəhrəmanı sayıla biləcək Bassalu Sambu bombardirlər siyahısında liderdir. Abubakar gələndən sonra az oynayırdı, amma sizin dönəminizdə daha yaxşı çıxış edir. Ona nə “yedizdirib, içizdirmisiniz”?
– Azarkeşləri qələbə münasibətilə təbrik edirəm. Bir neçə gün əvvəl “Forza Neftçi”nin ad günü idi. Həmin vaxt xəstələnmişdim, onların tədbirində iştirak edə bilmədim. Buna görə onlardan üzr istəyirəm. Deyim ki, əsas onların dəstəyidir ki, bu gün belə nəticələr əldə edirik. Sambu və Abubakara gəlincə, hər ikisi yaxşı hücumçudur. Fərqli planlarda oynayan oyunçulardır. Məşqçi kimi mənə seçim etmək çətindir. Hər ikisindən razıyam. Xoşdur ki, qollar vururlar. Gördüyüm odur ki, özlərini də dəyişiblər, çox çalışırlar, komanda üçün oynayırlar. Bu cür davam etsələr, daha yaxşı olacaqlar.
– Komanda yaxşı formadadır. Heç kim belə dönəmdə formadan düşmək istəməz. “Qarabağ”la oyun təxirə salınıb və iki həftəlik fasilə olacaq. Bu müddətdə komandanı necə tonusda saxlamağı düşünürsünüz?
– İki günlük istirahət olacaq. Rəhbərlikdən xahiş etmişəm ki, yoxlama matçı təşkil edilsin. Olmasa da, öz aramızda oynayacağıq ki, komanda ritmdən düşməsin.
– Ardıcıl qələbələrdən sonra futbolçulara mükafat verilirmi?
– Onlar üçün ən böyük mükafat qələbədir. Bu gün çalışdıq və üç xalı qazandıq. Futbolçularla çox ünsiyyətdə oluram, münasibətlər yaxşıdır. Daha çox çalışacağıq.
– Sizə qədər ehtiyatda olan oyunçular indi daha çox şans qazanır. Hələ optimal heyəti formalaşdırmamısınız, yoxsa prinsipiniz budur?
– Qapıçıları nəzərə almasaq, 23 futbolçumuz var. Hər biri məşqlərdə çox yaxşıdır. Anlayıram ki, hamısı eyni anda oynaya bilməz. Hər oyunçu oynamağa layiqdir. Həftə ərzində məşqlərdə yaxşı iştirak edirlər. Şərait yaradıram ki, hamısı oyunlarda da olsun. Futbolçular ancaq məşqlərdə çıxış edib, oynamasalar, fərqli nəticələr olar. Uzun müddət oynamayan futbolçu ritmini itirir. Buna görə hər zaman hamıya şans veririk ki, bir-birini əvəz edə bilsinlər. Bizdə ulduz futbolçu yoxdur, komanda, ailə var. “Ulduzlar” olanda onları da idarə etmək çətindir.
– Ukrayna mətbuatına açıqlamanızda bildirmişdiniz ki, “Qarabağ” və “Neftçi” Ukraynanın “Dinamo” və “Şaxtyor”u kimidir. İndi “Qarabağ”la oyunun təxirə salınmasına şəxsi fikriniz nədir? Oyunun təxirə salınması komandaya necə təsir edəcək?
– Bu söhbəti bağlayaq. Rəhbərliklə görüşdük və qərar verdik ki, dəstək olaq. “Qarabağ” Azərbaycanı Avropada təmsil edir. Təxirəsalınma bizim üçün yaxşı olmaya bilər, ritmdən düşürük. Amma ümid edirəm ki, hər şey yaxşı olar. Belə də deyim, “Qarabağ”a “Nyukasl”la oyunda qələbə arzulayıram. Bu, bütün Azərbaycanın xeyrinədir.
– Ardıcıl üçüncü qələbəni qazandınız. Azarkeşlərə yaxın gələcəklə bağlı nə deyə bilərsiniz?
– Azarkeşlərlə yaxşı münasibətlərimiz var. Həmişə bizimlə olmalarını istəyirəm. Bu, həm “Neftçi”yə, həm fanatlara lazımdır. Azarkeşlərimizlə fəxr edirəm. Sevinirəm ki, belə azarkeş ordumuz var.
Rəşad Sadıqov: “Avrokuboklar bizim əsas məqsədimizdir”
Füzuli Məmmədov: “Hakimlər bizim matçlarda çox diqqətli olsunlar”
“Zirə”dən minimalhesablı qələbə - YENİLƏNİB
Jorj Kaşkilya: “Azarkeşlərin "Qarabağ"ı dəstəkləməsi oyunçularıma motivasiya verirdi”
Qurban Qurbanov: “Belə meydançada oynamağa necə icazə verilir?”