AZ

Rubionun Münhendə Avropaya barışıq çağırışının arxasında nə dayanır?

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Avropalı rəsmilər hesab edirlər ki, dövlət katibinin isti tonlu bəyanatlarına baxmayaraq, ABŞ-ın müttəfiqlərə münasibətdə siyasəti demək olar ki, dəyişməyib.

Qaynarinfo xəbər verir ki, "Politico" nəşri Münhen Təhlükəsizlik Konfransında ABŞ nümayəndələrinin ötən illə müqayisədə avropalı müttəfiqlərlə daha isti və barışdırıcı ünsiyyət tonu nümayiş etdirdiyini yazır. Lakin əsas mesaj sərt olaraq qalıb: Avropa ABŞ-ın maraqları naminə daha fəal hərəkət etməli və ya Vaşinqtonun təkbaşına addım atmasına hazır olmalıdır.

Nəşr xatırladır ki, ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi Münhen konfransının keçirildiyi "Bayerischer Hof" hotelinin dəhlizlərində Avropanın təhlükəsizliyi üçün ABŞ və müttəfiqlərin birgə işləməsinə çağırışlarına görə müsbət rəylər alıb. ABŞ dövlət katibi Marko Rubio isə çıxışında ABŞ və Avropanın bir-birinə aid olduğunu bildirərək alqışlarla qarşılanıb.

Bununla belə, dəhlizlərdəki dostyana münasibətə rəğmən, avropalı rəsmilər narazılıqlarını gizlətməyiblər. İştirakçıların sözlərinə görə, ABŞ tərəfinin tonu dəyişsə də, Prezident Donald Trampın administrasiyasının Avropanı daha "ağ” və siyasi spektrdə daha sağ yönümlü görmək istəyi ilə bağlı təəssürat dəyişməyib.

Bir avropalı məmurun sözlərinə görə, Vaşinqtonun mesajı aydındır: "Bizə qoşulun, əks halda özümüz hərəkət edəcəyik”.

"Əlbəttə, biz ABŞ ilə birlikdə olmaq istəyirik. Eyni zamanda, ABŞ qaydalara əsaslanan beynəlxalq nizamdan uzaqlaşmağa çalışdığı halda, bizim üçün qaydalar məsələsi çox önəmlidir”,  deyə o bildirib.

Onlarla digər avropalı rəsmi də Rubionun transatlantik müttəfiqlərlə "ortaq taledən” danışmasına baxmayaraq, ABŞ-ın Avropaya münasibətdə siyasətinin ciddi şəkildə dəyişmədiyindən narahatlıq ifadə edib.

Əsas mesaj dəyişməyib

"Əsas mesaj eyni olaraq qalır: bizə zəif müttəfiqlər lazım deyil, köhnə nizamı müdafiə etməyin. Əgər amerikalıların tapa bildiyi ən kiçik ortaq məxrəc Kolumb dövründən gələn ortaq tarix, dar milli maraqlar və ümumi sivilizasiyadırsa, bu artıq Avropa ilə ABŞ-ın bir-birindən nə qədər uzaqlaşdığını göstərir”, anonim danışan keçmiş avropalı məmur bildirib.

Nəşr yazır ki, qapalı görüşlərdə ABŞ rəsmiləri öz mövqelərini daha açıq ifadə ediblər. Kolbi Münhendə keçirilən qapalı tədbirdə ABŞ ilə Avropanın ortaq maraqları olduğunu, lakin ortaq dəyərlərinin olmadığını deyib.

"Birgə işləməyə hazır olduğunu bildirdi, lakin açıq şəkildə vurğuladı ki, Avropa daha fəal olmalıdır və biz dəyərlərə əsaslanan dünyadan maraqlara əsaslanan dünyaya keçmişik”, deyə tədbir iştirakçılarından biri qeyd edib.

Bəzi avropalı rəsmilər hesab edirlər ki, ABŞ nümayəndələrinin səsləndirdiyi bəyanatlar Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonun Avropaya münasibətdə strateji mövqeyini gizlədə bilməz. Onlar xüsusilə ABŞ-ın milli təhlükəsizlik strategiyasını xatırladıblar; sənəddə Avropanın sivilizasiya baxımından tənəzzülünə eyham vurulduğu bildirilir.

Fransanın müdafiə nazirinin müavini Alis Rufo isə deyib: "Məni inkar narahat edir. Biz ABŞ administrasiyasının sənədlərini oxumalıyıq. Onlar çox aydındır”.

Rubionun Macarıstan və Slovakiyaya səfəri – daha bir siqnal

Avropa nümayəndələri ABŞ-ın real mövqeyi ilə bağlı güclü siqnalı Rubionun Macarıstan və Slovakiyaya – Avropa İttifaqı və NATO üzvü olan, lakin daha çox prorusiya xəttinə meyllənmiş ölkələrə – səfərində görürlər.

"Marko Rubio barışdırıcı tonla gəlir, sonra isə Macarıstan və Slovakiyaya yollanır. Bu hansı siqnaldır?”, deyə bir avropalı parlamentar sual edib.

Bəzi rəsmilər isə hesab edirlər ki, Rubio sadəcə olaraq qitənin eşitməli olduğu sərt mesajı daha yumşaq formada çatdırıb.

"Bu, bizə deməyin daha yumşaq yoludur ki, göy qurşağı üzərindən velosiped sürən, tofu və badam südü ilə yaşayan təkbuynuzlular dövrü başa çatıb. Söhbət bizi sakitləşdirməkdən getmir. Söhbət ondan gedir ki, biz reallıqda yaşamaq istəyirik, yoxsa gur bəyanatların süni ölkəsində”, deyə o bildirib.

KİV-lər Rubionun Münhen çıxışı barədə

Daha əvvəl yazılmışdı ki, Münhen Təhlükəsizlik Konfransında Rubio müttəfiqləri sakitləşdirməyə çalışsa da, Avropada ona inanmayıblar. "Financial Times" nəşrinin məlumatına görə, ABŞ dövlət katibi çıxışında ABŞ ilə Avropa arasında "sarsılmaz bağları” tərənnüm edib və bu əlaqələrin Avropalı köçkünlərin Amerika qitəsinə gəlişinə qədər uzandığını vurğulayıb. Qeyd olunur ki, Rubio ötən il ABŞ-ın vitse-prezidenti Cey Di Vensin sərt tənqidi çıxışı ilə müqayisədə daha nəzakətli olsa da, Amerika mesajının mahiyyəti demək olar ki, dəyişməyib.

"Rubio bu administrasiyadan gözləyə biləcəyimiz ən yaxşı variantdır. Amma o, kifayət qədər aydın şəkildə bildirdi ki, transatlantik münasibətlər qırılmayıbsa da, artıq alışdığımız münasibətlərdən xeyli fərqlənir”, deyə yüksək vəzifəli avropalı nazirlərdən biri nəşrə bildirib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr