AZ

“YALNIZ UKRAYNADAN GÜZƏŞT GÖZLƏMƏYİN!” Zelenskidən Münhendə ABŞ yə mühüm mesajlar

Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı ABŞ-nin sülh danışıqları kontekstində daha çox Ukraynadan güzəşt gözləməsini tənqid edib. O bildirib ki, Vaşinqton tez-tez Kiyevin hansı addımları ata biləcəyindən danışır, lakin Rusiyanın hansı güzəştlərə hazır olduğu barədə açıq mövqe sərgiləmir.

Zelenski qeyd edib ki, o, Donald Tramp administrasiyası tərəfindən müharibəni daha tez bitirmək üçün müəyyən təzyiq hiss edir. Prezident vurğulayıb ki, Ukrayna sülhün tezliklə əldə olunmasını istəyir, lakin bu sülh “ləyaqətli” olmalıdır və ölkənin suverenliyi hesabına başa gəlməməlidir.

Ukrayna lideri xüsusi olaraq Donbas məsələsinə toxunaraq bildirib ki, Kiyev nəzarətində olan Donbas ərazilərindən geri çəkilməyə hazır deyil. Bununla belə, o, kompromis variant kimi həmin bölgədə azad iqtisadi zona yaradılması ideyasının nəzərdən keçirilə biləcəyini deyib.

“Əsas sual budur: Rusiya nəyə hazırdır? Biz Moskva tərəfindən heç bir kompromis eşitmirik”, – deyə Zelenski vurğulayıb. O əlavə edib ki, ABŞ tərəfi ona Rusiyanın Ukrayna ordusu Donbasdan çıxacağı təqdirdə müharibənin tezliklə dayandırılmasına “zəmanət” verdiyini bildirib. Lakin Kiyev üçün belə bir ssenari qəbuledilməz sayılır.

Zelenski Ukraynada seçkilərin keçirilməsi məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, bunun üçün ən azı iki aylıq atəşkəs rejimi lazımdır. Prezident qeyd edib ki, əgər Rusiya özü seçkilər keçirməyə qərar versə, Ukrayna atəşkəsə razı ola bilər.

Ukrayna Prezidenti davamlı sülh üçün əsas şərtin Qərb tərəfindən real təhlükəsizlik zəmanətlərinin verilməsi olduğunu deyib. O, Vladimir Putini “müharibənin əsiri” adlandıraraq bildirib ki, əgər belə zəmanətlər olmasa, Rusiya gələcəkdə yenidən Ukraynaya hücum edə bilər.

Zelenskinin sözlərinə görə, Moskvanın Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinə qarşı çıxmasının əsas səbəbi də məhz gələcək müdaxilə imkanlarını qoruyub saxlamaq istəyidir.

Prezident həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı konkret tarix müəyyən edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Ukrayna hazırda mümkün Rusiya aqressiyasından Avropanı – hətta Kiyevə qarşı dost olmayan mövqe sərgiləyən Macarıstanı belə qoruyur.

Zelenski çıxışında Viktor Orbana da eyham vuraraq bildirib ki, Budapeşt rəhbərliyi “qarın böyütmək” əvəzinə müdafiə xərclərini artırmağı düşünməlidir.

Zelenski gələn həftə Cenevrədə keçiriləcək danışıqlardan ciddi nəticə gözlədiyini desə də, əvvəlki görüşlərdə tərəflərin “fərqli mövzulardan danışdığı” təəssüratının yarandığını bildirib.

Diskussiyada iştirak edən NATO baş katibi Mark Rutte isə Rusiya nümayəndə heyətinin tərkibinə skeptik yanaşıb. O qeyd edib ki, Moskva danışıqlara yenidən Vladimir Medinskinin rəhbərlik edəcəyi heyət göndərir.

“Putin yenə bu tarixçini Cenevrəyə göndərir ki, ukraynalılara İsveç və ya başqa mövzular haqqında mühazirə oxusun”, – deyə Rütte ironik şəkildə bildirib.

Zelenskinin Münxendə səsləndirdiyi fikirlər ABŞ və Ukrayna arasında mümkün taktiki fikir ayrılıqlarının mövcudluğunu göstərir. Tramp administrasiyasının müharibəni sürətlə dayandırmaq istəyi fonunda Kiyev təhlükəsizlik zəmanətləri və suverenlik məsələsində geri addım atmaq niyyətində olmadığını nümayiş etdirir.

Bu isə Cenevrə danışıqlarının taleyini və müharibənin növbəti mərhələsini müəyyən edəcək əsas amillərdən biri kimi qiymətləndirilir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
azpolitika.info

1Mənbələr