AZ

Bu cür meydanda oynamaq çox çətindir Bəhlul Mustafazadə

ain.az, Qol.az saytına istinadən bildirir.

"Bu cür meydanda oynamaq çox çətindir" - Bəhlul Mustafazadə

“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadənin QOL.az saytına müsahibəsi

- Misli Premyer Liqasının 20-ci turunda “İmişli” üzərində çətin qələbə (1:0) qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?

- Bu cür meydanda oynamaq çox çətindir. Üstəlik, “İmişli” də matça yaxşı hazırlaşmışdı. Bu oyun xarakter tələb edirdi. Çox şadam ki, bu xarakteri göstərə bildik və vacib qələbə qazandıq. 

- Son 5 gündə “Şamaxı” və “İmişli” ilə görüşlərdə “Qarabağ” əsas heyətlə oynadı. Bu baxımdan “Nyukasl”la görüşdə nə dərəcədə çətinlik yaşaya bilərsiniz?

- Əsas heyətlə oynamağımızda hər hansı problem olduğunu deməzdim. Əksinə, futbolçular daim oynamaq, meydanda olmaq istəyirlər. 

- Ümumiyyətlə, “Nyukasl”la matçdan gözləntiniz nədir?

- Təbii ki, çətin oyun olacaq. Rəqibin gücü məlumdur. “Nyukasl” çox yaxşı komandadır. Bununla belə, maksimum dərəcədə əlimizdən gələni edəcəyik. 

- Şansları necə dəyərləndirirsiniz?

- Məncə, şanslar bərabərdir, 50-nin 50-yə.

- “İmişli” ilə görüşdə stadionda anşlaq yaşandı...

- Təbii ki, stadionda 3-4 min azarkeşin olması xoş idi. Fərqi yoxdur bizə azarkeşlik edirdilər, ya rəqibə. Əsas odur ki, azarkeşlər stadionlara gəlsinlər. Biz də bundan zövq alaq.  

- Rəqibiniz “İmişli” olsa da, stadiona toplaşan azarkeşlər ya “Qarabağ”, ya da Quba qışqırırdılar. Əslən İmişlidən olduğunuzu nəzərə alsaq, bu məqam sizə necə təsir etdi?

- Təbii ki, istərdim “İmişli” öz meydanında oynasın. “Qarabağ”ın futbolçusu olsam da, imişlili kimi komandanın ev oyunlarını doğma stadionunda keçirməsini arzulayıram. Orada yaxşı stadion da var. Düzdür, məsələnin detallarını bilmirəm. Ümid edirəm ki, tezliklə “İmişli” öz azarkeşləri önündə çıxış edəcək.

- Çempionlar Liqasının oyunları arasında ölkə çempionatında “Neftçi” ilə qarşılaşmanız təxirə salındı. Bu, geniş müzakirə mövzusuna çevrildi. Məsələyə münasibətiniz necədir?

- Bu barədə nəsə deyə bilmərəm. Biz futbolçuyuq və bu cür məsələlərə qarışmırıq. Oyun olsa idi, çıxıb oynayacaqdıq. Təxirə düşdüsə də, nə edə bilərik?

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
qol.az

2Mənbələr