Ölkəmizdə böyük əksəriyyətin adını ilk dəfə eşitdiyi təşkilatı Rusiyanın media resursları niyə Azərbaycanın adını hallandıraraq təqdim edir?
Fevralın 14-də Moskva Şəhər Məhkəməsi Moskva prokurorluğunun “Rusiyada Azərbaycan təşkilatı” kimi təqdim edilən VBON ( Во благо общего народа-tərcüməsi-Sadə Xalqın Xeyrinə ) fəaliyyətini qadağan etmək iddiasını təmin edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a prosesin iştirakçılarından biri məlumat verib.
“Məhkəmə Moskva prokurorluğunun ekstremist fəaliyyətlə mübarizə aparmaq üçün Azərbaycan təşkilatı VBON-a qarşı iddiasını təmin etdi və təşkilatın Rusiyadakı fəaliyyətini qadağan etdi. VBON Rusiyada ekstremist təşkilat kimi tanınıb”, – agentliyin mənbəyi bildirib.
Qeyd edək ki, ölkəmizdə böyük əksəriyyətin adını ilk dəfə eşitdiyi bu təşkilatı Rusiyanın media resursları Azərbaycanın adını məqsədli şəkildə hallandıraraq təqdim edib. Guya “Rusiyada yaşayan azərbaycanlıları birləşdirən və ənənəvi dəyərləri müdafiə edən təşkilat” sosial mediada insanlara etnik zəmində hücum etdiyi və kamera qarşısında üzr istəməsini göstərən videolarla “məşhurlaşıblar”. 2020-ci ilin oktyabr ayında iki təşkilat “lideri” Moskvada xuliqanlıq ittihamı ilə həbs olunublar, sonradan onların onların hər birinə dörd il müddətinə azadlıqdan məhrum etmə cəzası kəsilib.
Azərbaycan səfirliyi hələ o zaman da belə bir təşkilatın anti-Azərbaycan qüvvələri tərəfindən etnik nifrəti qızışdırmaq və azərbaycanlıları ləkələmək üçün təşkil edildiyini rəsmən bəyan edib. Yəni onlara heç kim “Azərbaycan xalqı adından danışmaq” hüququ verməyib.
Tezliklə o da məlum olub ki, özlərini azərbaycan təşkilatı kimi təqdim edənlər əslıində radikal vəhhabi qruplarına yaxındılar, eləcə də İŞİD ilə əlaqəli şəxslərdir. Hətta Rusiyada bəzi Youtube və sosial şəbəkələrdə müzakirələrdə ruslar özü “bu, Rusiyada azərbaycanlıların imicini məhv edən erməni casuslarının təşkilatıdır, çünki heç bir düşünən azərbaycanlının Rusiyada belə şeylər etməsini təsəvvür etmək olmur” deyə, reaksiyalar veriblər. Bəzi mənbələr təşkilata üzv olanların əksəriyyətinin də məhz Rusiya vətəndaşlığı olduğunu deyiblər.
Moskva Şəhər Məhkəməsinin qərarı əlbəttə ki, təkcə hüquqi hadisə deyil, həm də siyasi-informasiya kontekstində qiymətləndirilməli məsələdir. Çünki bu tip qərarlar adətən, təkcə təhlükəsizlik yox, ictimai rəy və geosiyasi mesaj funksiyası da daşıyır. Rusiya mediasına sızdırılan məlumatın mənbəyi kimi TASS agentliyinin göstərilməsi də yəqin ki, təsadüfi deyil.
Bu, informasiyanın dövlət nəzarətli çərçivədə təqdim edildiyini göstərir.
Rusiya uzun illərdir postsovet diaspor təşkilatlarını həm təhlükəsizlik, həm də siyasi təsir aləti kimi görür. Bu baxımdan hər hansı radikal qrupun etnik adla təqdim olunması iki məqsədə xidmət edə bilər: diasporun özünü nəzarətdə saxlamağa məcbur etmək və həmin icmanı dövlət strukturlarından asılı vəziyyətdə saxlamaq. Beləliklə, problemli qrupun adı “azərbaycan təşkilatı” kimi hallandırılanda məsuliyyət fərdi şəxslərdən kollektiv kimliyə yönəldilmiş olur. Bu isə diaspor üzərində psixoloji təzyiq mexanizmidir. Yada salaq ki, Rusiya hakimiyyəti son ilyarımda Azərbaycan diasposına qarşı məqsədyönlü siyasət aparır.
Bu hadisə həm də Azərbaycanla münasibətlər kontekstində oxuna bilər. Moskva bəzən informasiya məkanında belə narrativlər yaradaraq tərəfdaş ölkələrə dolayı mesaj verir. Moskvanın bu təşkilatı “Azərbaycan təşkilatı” kimi təqdim etməsi bir neçə məqsədə xidmət edə bilər: daxili təhlükəsizlik narrativi yaratmaq diasporları nəzarətdə saxlamaq, geosiyasi siqnallar vermək və ictimai rəy manipulyasiyası. Başqa sözlə, burada əsas məsələ təşkilatın özü yox, onun hansı identikliklə təqdim olunmasıdır. Bu isə artıq hüquqi deyil, siyasi texnologiyadır…
Musavat.com