AZ

Moskvadan İrəvana xəbərdarlıq: Qərblə yaxınlaşma təhlükəli nəticələr doğura bilər

BAKI, 15 fevral. TELEQRAF

Qərb ölkələri Ermənistandan Moskva ilə geosiyasi qarşıdurmada bir alət kimi istifadə edirlər.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Diplomat qeyd edib ki, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin siyasi xəttinin Rusiyanın maraqlarına zərər vurmadığını iddia etsə də, reallıq fərqlidir:

"Biz İrəvanın Qərb ölkələri və birlikləri ilə hərbi-siyasi və iqtisadi yaxınlaşmanı sürətləndirdiyini görürük. Ermənistanlı tərəfdaşlarımıza dəfələrlə bildirmişik ki, Qərb üçün (bunu orada artıq gizlətmirlər) Ermənistan sadəcə olaraq Moskvaya qarşı mübarizədə geosiyasi vasitədir".

M.Qaluzin vurğulayıb ki, İrəvan Moskvanın Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi İttifaqına (Aİİ)üzvlüyün bir araya sığmadığına dair prinsipial mövqeyindən xəbərdardır. O xəbərdarlıq edib ki, İrəvanın digər inteqrasiya birliklərinə üz tutması Aİİ norma və qaydalarının pozulmasına gətirib çıxaracaq ki, bu da müvafiq nəticələr doğura bilər.

Nazir müavini Ermənistan rəhbərliyini praqmatizmə çağırıb:

"Ümid edirik ki, respublikada praqmatizmlə hərəkət edəcəklər. Ermənistan iqtisadiyyatının yüksək artım templəri, aşağı inflyasiya, milli valyutanın sabitliyi və erməni məhsulları üçün geniş bazarın mövcudluğu – bütün bunların qarantı Rusiya ilə və Aİİ çərçivəsində əməkdaşlıqdır".

Sonda M.Qaluzin bəyan edib ki, Rusiya əvvəlki kimi Ermənistanı Cənubi Qafqazda Moskvanın təbii müttəfiqi hesab edir:

"Biz həmişə güclü və həqiqətən suveren Ermənistan dövlətinin tərəfdarı olmuşuq. Əminik ki, Rusiya və Ermənistanın müttəfiqlik əlaqələrinin alternativi yoxdur. Ölkələrimiz və xalqlarımız arasındakı möhkəm əlaqələr regionun sabit inkişafının əsasını təşkil edir".

Seçilən
15
1
teleqraf.com

2Mənbələr